Azərbaycan post-Putin dönəminə hazır olmasa, ölkənin durumu heç də yaxşı olmayacaq – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 13 may 2022-ci ildə Reaksiya TV-də canlı efir qonağı olub.

Veriliş “Qarabağda “Rus icması” oyunu… Niyə cavab vermirik?!” sualı ətrafında baş tutub.

İqbal Ağazadə Qarabağ bölgəsində erməni separatçılarının ruslarla birlikdə rus icması yaratmasına münasibət bildirib və bunu sərt şəkildə tənqid edib. O, Rusiyanın və Ermənistanın Qarabağda törətdiyi təxribatlara Azərbaycanın adekvat cavab vermədiyini də diqqətə çatdırıb və bunun mənfi təsirləri olacağını vurğulayb.

Rusiyanın Qarabağda törətdiyi təxribatlara diqqət çəkən Ümid sədri bildirib ki, bir müddət sonra oradakı ermənilərə Rusiya pasportlarının paylanacağı istisna deyil və Azərbaycan bunun qarşısını almağı indidən fikirləşməlidir.

Rus sülhməramlıların qanunsuz hərəkətlərindən danışan İqbal Ağazadə bildirib ki, onların missiyasının dəqiq çərçivəsi müəyyənləşməlidir. O, bunun indiyə qədər edilməməsinin hansı problemlər yaratdığına da diqqət çəkib. Qarabağdakı qondarma qurumun rəhbərliyinin təxribat açıqlamanaları, onlara haqqında cinayət işi açılmasına rəğmən, həbs olunmamaları, Azərbaycanın bu məsələdə qətiyyət göstərə bilməməsi də verilişdə müzakirə mövzusu olub.

Rusiya-Ukrayna müharibəsindən danışan İqbal Ağazadə, müharibənin gedişi və necə nəticələnəcəyi barədə ehtimallarını bölüşüb və post-Putin dövrünün necə olacağını açıqlayıb. Bu dövrdə Azərbaycanın hansı addımlar atmalı olduğu da verilişdə müzakirə edilib.

İqbal Ağazadə bildirib ki, Ukrayna müharibəsində qələbə qazana bilməyən Rusiya çalışır ki, Postsovet ölkələrini bir araya toplamaqla bir görüntü yaratsın. Onun fikrincə, Azərbaycan bu məsələdə manevrlərini düzgün etməlidir. O, qeyd edib ki, ölkə olaraq post-Putin dövrünə hazırlıqlı çıxmalıyıq, bunun üçün lazım olan altyapını hazırlamalıyıq.

Ümid sədri Şuşa adından istifadəyə qadağa qoyulması ilə bağlı qanun qəbul olunmasına etirazını bildirib. O, Şuşa adından istifadəyə qadağanı məntiqsiz hesab edib.

Rusiya ilə müttəfiqlik, Qarabağda baş verən təxribatlar, azərbaycanlı hərbi qulluqçuların, hərbçilərin, qazilərin müavinətlərinin artırılmaması üçün deputatların verdiyi təkliflər, onların çoxsaylı problemləri də verilişdə müzakirə mövzusu olub.
İqbal Ağazadə bildirib ki, iqtidarın problemlərə sistemli və ardıcıl baxışı yoxdur, problemlərə cari yanaşır. O, ölkədə aparılan islahatlara diqqət çəkərək, islahatların durumu bərbad olan ölkələr üçün xarakterik olduğunu xatırladıb. Onun fikrincə, ölkə iqtisadiyyatının bütün yükü neftin üzərinə yıxılıb.

O, ölkədəki pensiyaçıların problemlərindən də danışıb, pensiya yaşına çatanların pensiyanın azlığı ucbatından işləməyə davam etməsindən söz açıb, bu istiqamətdə tədbirlərin görülməməsindən narahatlığını ifadə edib.

Siyasi partiyalar arasında dialoqun olmaması, pensiya yaşının yüksək olması və digər problemlər də verilişdə müzakirə mövzusu olub.

Jurnalistlərə və siyasi fəallara qarşı olan basqılar, zorakılıqlar, ölkədə insan haqqlarının pozulması, siyasilərə qarşı silsilə cinayətlərin səbəbi, cinayətkarların həbs olunmaması da verilişin müzakirə mövzusu olub.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

 

Şərh yaz