Avropada demokratiya skandalı: Xalqlar ayağa qalxdı – Nə baş verir? – TAMİLLA QULAMİ şərh edir

Avropada demokratiya skandalı: Xalqlar ayağa qalxdı – Nə baş verir? – Tamilla Qulami şərh edir
“Fransada siyasi parçalanma, hökumətlərin dayanıqlılığı ilə bağlı problemlər, büdcə kəsiri və artan sosial narazılıq dövlət idarəçiliyinin effektivliyini sual altına alır deyə bu gün ölkədə ciddi şəkildə etirazlar səngimir. Almaniyada isə uzun illər Avropanın iqtisadi lokomotivi hesab edilən sənaye modeli enerji xərcləri, Çinlə rəqabət, texnoloji geriləmə və demoqrafik qocalma təzyiqi ilə üzləşir. Hər iki ölkədə görünən budur ki, ənənəvi siyasi qüvvələr cəmiyyətin dəyişən tələblərinə cavab verməkdə çətinlik çəkir. Nəticə olaraq isə Almaniya və Fransada bu gün baş verən hadisələrin fonunda alternativ və populist siyasi qüvvələrin mövqeləri güclənməkdədir”.
Bu sözləri Globalinfo.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib.
Siyasətçi xanım bildirib ki, hazırkı mənzərə bu proseslərin arxasında ABŞ amilinin də olduğunu göstərir:
“Kimsəyə sirr deyil ki, Avropa təhlükəsizlik baxımından Vaşinqtondan ciddi şəkildə asılıdır. ABŞ bir tərəfdən Avropa ölkələrindən müdafiə xərclərini artırmağı tələb edir, digər tərəfdən öz hərbi sənayesinin Avropa bazarındakı üstünlüyünü qoruyur. Beləliklə, Avropanın müdafiəyə ayırdığı vəsaitlərin əhəmiyyətli hissəsi Amerika iqtisadiyyatına və hərbi sənayesinə yönəlir. Vaşinqtonun Çinlə qlobal rəqabəti əsas prioritetə çevirməsi də Avropanı öz təhlükəsizliyi barədə daha müstəqil düşünməyə məcbur edir.
Məsələnin digər tərəfi demokratiyanın təmsilçilik böhranıdır. Seçkilər keçirilsə də, cəmiyyətin müəyyən təbəqələrində siyasi qərarların real ictimai iradəni əks etdirmədiyi düşüncəsi güclənir. Bu isə demokratik institutlara etimadı zəiflədir.
Əslində, Avropanın problemi təkcə qocalmaq yox, dəyişən dünyanın sürətinə uyğunlaşa bilməməsidir. Avropa iqtisadi, texnoloji və intellektual potensialını tam itirməyib, lakin onu vahid geosiyasi gücə çevirməkdə çətinlik çəkir”.
Tamilla Qulami qeyd edib ki, bu gün iqtisadi siyasət, miqrasiya, təhlükəsizlik, enerji, Ukrayna müharibəsi və ABŞ ilə münasibətlərdə siyasi elitanın mövqeyi ilə seçicilərin gözləntiləri arasında ziddiyyətlər var:
“Bu vəziyyət də populist və radikal siyasi qüvvələrin yüksəlişinə şərait yaradıb. Çünki ənənəvi siyasi partiyalar cəmiyyətin narazılığını aradan qaldıra bilmədikdə, alternativ qüvvələr həmin narazılığı siyasi kapitala çevirir. Hər şeyə rəğmən rəğmən bütün Avropa ölkələrində eyni proses getmir və populist qüvvələrin yüksəlişini yalnız demokratiyanın tənəzzülü ilə əlaqələndirmək də o qədər məntiqli deyil. Bu, həm də təmsilçilik böhranının, sosial narazılığın və siyasi sistemə etimadın azalmasının nəticəsidir. Çünki demokratiyanın qorunması üçün yalnız institutların mövcudluğu deyil, onların cəmiyyət qarşısında hesabatlılığı da vacibdir. Amma unutmayaq ki, qitə hələ də güclü universitetlərə, elmi mərkəzlərə, sənaye ənənələrinə və yüksək ixtisaslı insan kapitalına malikdir. Problem isə bu potensialı iqtisadi və geosiyasi nəticəyə çevirə bilməkdədir.
Hazırda Avropa üçün qarşıda dayanan əsas seçim ABŞ-dan asılılığı davam etdirmək, yoxsa müstəqil siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilməkdir. Avropanın bugünkü böhranı, ilk növbədə, öz gələcəyini müstəqil müəyyənləşdirmək qabiliyyətinin sınağıdır.
Bu sınaq yalnız Fransanın və Almaniyanın gələcəyini deyil, bütövlükdə Qərb dünyasının gələcək güc balansını müəyyənləşdirəcək”.
Şərh yaz