Avropa Azərbaycana qoyduğu sərmayəni kəsə bilər? – Kipr məsələsi – TALEH ƏLİYEV şərh edir

Medianews.az saytının suallarını cavablandıran Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan Respublikasının Şimali Kipr Türk Respublikası ilə diplomatik əlaqələri heç də yeni hadisə, yeni yanaşma deyil: “Uzun müddətdir, Azərbaycanla Şimali Kiprin ayrı-ayrı strukturları, xüsusilə də vətəndaş cəmiyyəti və digər sektorları səviyyəsində əlaqələr mövcuddur. Bunu Avropa İttifaqı, ittifaqa üzv olan bütün ölkələr yaxşı bilir. Həmin münasibətlər Azərbaycanla Avropa İttifaqı arasında ciddi problemlərə gətirib çıxarmayıb. Hesab edirəm ki, bu gündən sonra da, yəni ən azından yaxın gələcək üçün Azərbaycana məhz Şimali Kipr Türk Respublikası ilə qurulan münasibətlərə görə Avropa İttifaqı tərəfindən mənfi münasibətin yaranacağı real görünmür. O ki, qaldı belə bir əməkdaşlıq fonunda Avropa İttifaqı tərəfindən Azərbaycana investisiyaların qoyulmasının azalması ehtimalına, son onilliklərdə Avropa ölkələrinin Azərbaycana qoyduğu investisiyalar əsasən neft, qaz nəqlini və tranzit marşrutları üzrə yük daşımalarını əhatə edir. Bu investisiyalar Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından elə əhəmiyyət daşıyır ki, sonrakı mərhələlərdə invenstisiya qadağalarının qoyulacağı inandırıcı görünmür”.
Taleh Əliyev qeyd edib ki, Azərbaycanla Avropa arasında tranzit xətlərin genişləndirilməsi, o cümlədən yaşıl enerji layihəsinin işlənib həyata keçirilməsi istiqamətində yeni ortaq təşəbbüslər mövcuddur: “Başqa səbəblərdən, məsələn, Avropanın maliyyə böhranı səbəbindən, digər fors-major hallardan bu layihələrə investisiya ayrılması ləngiyə bilər, amma bu, birbaşa Azərbaycanın Şimali Kiprə verdiyi dəstəyə görə edilə bilməz. Yəni belə bir addımın atılacağı inandırıcı deyil. Azərbaycan Prezidentinin həm Bakıda ADA Universitetində, həm də Türkiyənin Antalya şəhərində keçirilən forumlarda Şimali Kiprlə bağlı ortaya qoyduğu mövqe bir daha onu göstərir ki, Azərbaycan dövlətinin bu məsələdə çəkinəcəyi heç nə yoxdur. Azərbaycan Şimali Kipr məsələsində heç bir qüvvədən çəkinmədən, inamlı, qətiyyətli bir şəkildə açıq və ədalətli siyasət yürüdür”.
Nailə Qasımova,
Şərh yaz