AMEA-da heç nə dəyişməyəcək – İQBAL AĞAZADƏ

İki gün öncə akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib. Görəsən, İsa Həbibbəylinin gəlişi illərdir ki, qalmaqal ocağına çevrilən akademiyada nəyi dəyişəcək? Mövzu ilə bağlı TİA. Az – a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə nəyinsə dəyişəcəyinə inanmır:
“İsa Həbibbəylinin Azərbaycan Milli Elmlər Akadrmiyasının prezidenti seçilməsi mahiyyət etibarilə sistem dəyişməzsə, heç nəyi dəyişməz. AMEA-nın idarəetmə sistemi, proseslərə yanaşması doğru deyil. Uzun illər – hələ Sovet dönəmindən Milli Elmlər Akademiyası əslində cərimə batalyonunu xatırladıb. Vəzifədən vurulan şəxslərin hamısı akademiyanın sisteminə yerləşdirilib və onlar orada sanki günlərini keçirirmiş kimi görünüblər.
AMEA-da bugünədək fundamental elmlə məşğul olunmayıb, elmlə məşğul olanlara verilən qiyməti, Azərbaycan hakimiyyətinin elmə baxışı da düzgün olmayıb. Azərbaycanda elmi işlə məşğul olub, müdafiə edənlər cibinin pulunu xərcləyir. Halbuki dünyada ixtira, kəşf, yaxud da elmi işlər yazanlar böyük vəsaitlər qazanır. Azərbaycanda isə əksinə, cibindən pul xərcləyib, elmi iş müdafiə edirlər. Elmi işlərin əksəriyyəti perspektivsiz, müasir dünya elmi ilə uyğunlaşmayan mövzulardadır. Və ən başlıcası, Milli Elmlər Akademiyası sistemi dünyada praktikaya bağlı hissədir. Azərbaycan elmi praktikadan qopmuşdu, AMEA-nın nəzəriyyə hissəsi təcrübə hissəsi ilə birləşdirilməyib. Məsələn, nədən Elmlər Akademiyasına praktik hissələr sifarişlər vermir? Azərbaycan neft ölkəsidir. Tutaq ki, neft sahəsi ilə bağlı bir sıra institutlar var. Niyə onların praktik hissəsi Neft Şirkətinə bağlanmır və yaxid da humanitar hissə Təhsil Nazirliyi və digər nazirliklərə bağlanm. Bu sahədə nə qədər istəsəniz, misallar gətirmək olar.
Dünyada adətən, elmin başında dəqiq elmlərin adamları bu tipli elm müəssisələrinə rəhbərlik edir. Çox təəsüf ki, humanitar sahə daha çox ölkəyə bağlı, dünyaya çıxış məhdudları olan sahə hesab olunur. Bilirsiniz ki, tarix, ədəbiyyat və buna bənzər humanitar sahələr daha çox ölkədaxili problemlərlə, daha çox ölkənin özünün tarixi, ədəbiyyatı, ölkəyə bağlı sahələrlə məşğul olur. AMEA dünya elmi ilə ayaqlaşmaq istəyirsə, mütləq onun başında dəqiq elmlərin, texniki elmlərin rəhbərləri olmalı idi. Təəssüf ki, bütün bunların hamısını nəzərə alanda deyə bilərik ki, İsa Həbibbəylinin prezident seçilməsi AMEA-da heç nəyi dəyişməyəcək”
Aytac Sahəd
Şərh yaz