Almaniyanın raket qərarı Moskvanı qəzəbləndirdi: Gərginlik hara gedir? – ANAR İSAYEV şərh edir

Almaniyanın raket qərarı Moskvanı qəzəbləndirdi: Gərginlik hara gedir? – ANAR İSAYEV şərh edir
Almaniyanın Rusiyaya qarşı uzaqmənzilli raket sistemləri üzrə planları Moskvanın sərt reaksiyasına səbəb olub və Berlinlə Moskva arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
Rusiya səfirliyi xəbərdarlıq edib ki, Rusiyaya qarşı istifadə oluna biləcək bu sistemlərin yerləşdirildiyi məntəqələr qanuni hərbi hədəfə çevrilə bilər. Almaniyanın uzaqmənzilli zərbə və çəkindirmə imkanlarını gücləndirməsi isə Avropada təhlükəsizlik arxitekturasının və Rusiya ilə qarşıdurmanın yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ Avropada təhlükəsizlik balansına ciddi təsir göstərə biləcək addımlardan biridir:
“Burada iki məqamı bir-birindən ayırmaq vacibdir: Almaniyanın uzaqmənzilli silah imkanlarını gücləndirməsi və Rusiyanın bunu özünə qarşı birbaşa hərbi təhlükə kimi təqdim etməsi.
Bu da böyük ehtimalla, ən azı siyasi və hərbi-strateji səviyyədə gərginliyi artıracaq. Almaniyanın uzaqmənzilli sistemlərə sahib olması Moskvanın əsas narahatlığını artıran amillərdən biridir. Çünki belə silahlar Avropanın Rusiyanın daha dərinliklərində yerləşən hərbi obyektlərinə çatmaq imkanını genişləndirir”.
Anar İsayev hesab edir ki, bunun qarşılığında Moskvanın reaksiyası üç istiqamətdə ola bilər:
Almaniyanı və digər NATO ölkələrini daha sərt şəkildə hədələmək;
Kalininqrad və Rusiyanın qərb hərbi dairəsində raket imkanlarını gücləndirmək;
NATO-nun Avropadakı hərbi infrastrukturunu potensial hədəflər siyahısında daha açıq şəkildə göstərmək.
Lakin bu, mütləq olaraq Rusiya–NATO arasında birbaşa müharibənin başlanacağı anlamına gəlmir. Əksinə, tərəflərin əsas məqsədi qarşı tərəfə öz çəkindirmə imkanlarını nümayiş etdirməkdir.
“Nəzərə almaq lazımdır ki, Rusiya səfirliyinin “qanuni hərbi hədəf” bəyanatı çox ciddi, amma ilk növbədə siyasi-hərbi xəbərdarlıqdır.
Rusiya bununla demək istəyir ki, Almaniyada yerləşdirilən uzaqmənzilli sistemlər Rusiyaya zərbə endirmək qabiliyyətinə malik olarsa, Moskva həmin sistemləri sadəcə “Almaniyanın daxili hərbi infrastrukturu” kimi deyil, Rusiyanın təhlükəsizliyinə qarşı yönəlmiş obyekt kimi qiymətləndirə bilər.
Amma burada mühüm fərq var: “qanuni hərbi hədəf” ifadəsi avtomatik olaraq həmin obyektə zərbə endiriləcəyi demək deyil. Bu, Rusiyanın potensial cavab imkanını siyasi dildə nümayiş etdirməsidir. Ancaq Almaniyanın bu təhdid qarşısında tam geri çəkilmə ehtimalı aşağıdır”, – deyə Anar İsayev bildirib.
Onun fikrincə, bunun bir neçə səbəbi var. Birincisi, Berlin son illərdə Avropanın təhlükəsizliyinə daha böyük məsuliyyət götürmək xəttinə keçib. İkincisi, Almaniyanın mövqeyi artıq təkcə Berlin–Moskva münasibətləri ilə müəyyənləşmir; burada NATO daxilində kollektiv müdafiə məntiqi də var.
Ona görə Almaniyanın Rusiyanın açıq təhdidindən sonra “qərardan imtina etməsi” Berlin üçün siyasi baxımdan zəiflik kimi qiymətləndirilə bilər.
Daha real ssenari geri çəkilmək yox, yerləşdirmə formasını və miqyasını tənzimləməkdir.
“Məsələn, sistemlərin hansı bazalarda yerləşdirilməsi, hansı silahların tətbiq olunması və onların operativ istifadəsi məsələsində müəyyən məhdudiyyətlər gündəmə gələ bilər. Burada təhlükəli olan məsələ Avropada qarşılıqlı raket yerləşdirmə yarışının yenidən formalaşmasıdır.
Əgər Rusiya “Almaniya uzaqmənzilli sistem yerləşdirir” deyərək öz qərb sərhədlərində əlavə raketlər yerləşdirsə, buna NATO-nun digər ölkələri cavab versə, Avropada yeni bir “raket–əks-raket” dövrü başlaya bilər.
Bu baxımdan məsələ Ukrayna müharibəsindən də geniş geosiyasi əhəmiyyət daşıyır.
Mənim ümumi qənaətim belədir ki, Berlinin geri addım atmasından daha çox, Moskva ilə NATO arasında yeni çəkindirmə balansının formalaşması ehtimalı yüksələcək. Rusiya təhdidlərinin əsas məqsədi Almaniyanı qorxudub qərarından döndərmək, eyni zamanda NATO daxilində fikir ayrılığı yaratmaqdır”, – deyə o əlavə edib.
Anar İsayevin fikrincə, Almaniyanın da bu məsələni maksimum sərtləşdirməsi arzuolunan deyil. Çünki Rusiyanı çəkindirmək ilə Rusiyanı preventiv hərəkətə sövq edə biləcək həddə çatdırmaq arasında çox həssas xətt var:
“Bu səbəbdən yaxın perspektivdə ən real ssenari, məncə, “geri çəkilmə yox, qarşılıqlı hərbi siqnalların güclənməsi və paralel diplomatik kanalların saxlanılmasıdır”.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz