Almaniyanın anti-Azərbaycan siyasətində Makronun rolu – TALEH ƏLİYEV şərh edir

“Almaniyanın Azərbaycana qarşı siyasətinin kəskinləşməsini bu ölkənin Fransa ilə birgə koordinasiya olunmuş siyasəti kimi dəyərləndirmək lazımdır”.

Bu sözləri Ümid Partiyasının Mərkəzi Aparatın rəhbəri, politoloq Taleh Əliyev “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, Fransanın Avropa İttifaqı ölkələri arasında nüfuzu böyükdür:

“Ona görə də çox rahatlıqla bu təşkilatın və ölkələrinin qərarlarına təsir edə bilir. Təəssüflər olsun ki, bu gün Almaniya və Fransa Avropa təşkilatlarında özlərinin siyasi ambisiyalarının qurbanına çevrilərək, Azərbaycan-Avropa münasibətlərinin zədələnməsinə gətirib çıxarır”.

Taleh Əliyev xatırladıb ki, ötən il Brüssel formatında keçirilən görüşlərə Fransa prezidenti Emmanuel Makronun iştirakının balanslaşdırılması məqsədilə Almaniyanın Kansleri Olaf Şolts da dəvət olundu:

“Amma zaman keçdikcə, Almaniyanın da Azərbaycanla münasibətləri əvvəlki formada saxlamaqda maraqlı olmadığına şahid olduq. Buna baxmayaraq, Azərbaycanın bu günə qədər Almaniya ilə istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda hər hansısa fikir ayrılığına gətirib çıxaracaq addımı olmayıb. 

Bu, daha çox rəsmi Berlinin Parisin diqtəsi və siyasi təzyiqi altında Bakıya qarşı körüklənmiş siyasətidir. Çünki bundan əvvəl Azərbaycanla Almaniya arasında gərginlik yaşanmayıb”.

Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Almaniyanın Azərbaycana qarşı kəskin ritorikası keçən ilin sonundan etibarən eşidilməyə başlanılıb:

“Bu isə Azərbaycan-Almaniya münasibətlərindən qaynaqlanmır. Çünki iki ölkənin toqquşan iqtisadi maraqları mövcud deyil. Yəni Berlin hakimiyyətinin belə addım atması qisas məqsədi daşımır.

Hesab edirəm ki, Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyinin əsas səbəbi Fransanın təzyiqi və təsiridir. Heç şübhəsiz ki, Almaniya kimi dövlətlərin də ölkəmiz əleyhinə düşərgədə yer almasında Fransa prezidenti Emmanuel Makronun anti-Azərbaycan ritorikasının rolu böyükdür”.

Elmir Mustafa
“Cebhe.info”

Şərh yaz