Fevralın 23-də Almaniyada keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri müxalif alyansı önə çıxardı. İlkin hesabata görə, Xristian Demokrat və Xristian Sosial ittifaqları 630 nəfərlik Bundestaqa 208 yer əldə edir. Almaniya üçün Alternativ Partiyası 152, Sosial Demokrat Partiyası 122, Yaşıllar Partiyası 85, Sol Partiya 64 mandatla göstərilir, 1 mandat bölgə partiyasına qismət olur. Hökumət qurmaq üçün 316 mandat gərəkdir. Beləliklə, Almaniyada hökumət dəyişir, hazrkı kansler Olaf Şolts gedir, Xristian İttifaqı blokundan Fridrix Mers kansler postuna gəlir.
Almaniya Avropa Birliyinin aparıcı dövlətlərindən, eyni zamanda Rusiya-Ukrayna müharibəsində Kiyevi dəstəkləyən əsas ölkələrdən biridir. Olaf Şoltsun gedişi, Fridrix Mersin gəlişi Kiyevə nə vəd edir? ABŞ-dakı hakimiyyət dəyişikliyindən sonra Almaniyadakı hökumət dəyişikliyi Ukraynaya daha bir zərbədirmi? Almaniyadakı dəyişiklikdən sonra Ukrayna tək Amerikadan yox, Avropadan da əlini üzməlidirmi? Yoxsa əksinə, – Mers Ukraynaya Şoltsdan daha artıq dəstək verəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev bildirib ki, Almaniyada növbədənkənar seçkilərdən öncə hakimiyyət dəyişikliyinin baş verəcəyi gözlənilən proses idi. Onun sözlərinə görə uzun müddət Almaniyada hakimiyyətdə olmuş Xristian Demokratik İttifaqı – Xristian Sosial İttifaqı partiyalarının səslərin çox hissəsini qazanacağı da ehtimal olunurdu: “Bu seçkilərdə sürpriz nəticə Almaniya sağçılarının seçkilərdə əhəmiyyətli dərəcədə səs toplayaraq, ikinci partiya olmasıdır. Yeni Amerika administrasiyası, xüsusilə də İlon Maskın almanları, məhz alman sağçılarına səs verməyə çağırması fonunda bu seçkiləri dəyərləndirsək, bu gün həlledici səs qazanaraq, iqtidar partiyası olmağı bacarmasa da, Almaniyada sağın yüksəlişi Avropada yeni dönəmin başlanğıcının əlaməti kimi qiymətləndirilə bilər. Yeni ittifaqın lideri olan Fridrix Mersin də özündən əvvəlki alman hakimiyyətinin həyata keçirdiyi siyasətdən fərqli siyasi xətt yürüdəcəyi gözləniləndir. Proseslər o istiqamətdə cərəyan edir ki, Avropa və bütövlükdə dünya üçün yeni dövrün başlanğıcı hesab oluna bilər. Çox güman ki, bu seçkilərin ardınca parlament seçkilərində müxalifətə uduzan Fransa prezidenti Emmanuel Makron da iqtidarda çox qalmayacaq. Orada da növbədəkənar prezident seçkiləri keçirləcəyi təqdirdə Makron deyir ki, məhz fransız millətçilərinin namizədinin qalib gəlmə şansı yüksəlir”.
T.Əliyevin qənaətincə, Almaniyada keçirilən seçkilərə Avropada İkinci Dünya müharibəsindən sonra formalaşan, xüsusilə də Sovet İttifaqının dağılmasından sonra mütləq gücə çevrilən liberal demokratik ideyaların, strukturların zəifləməsi, yerində yeni konfiqurasiyanın formalaşması prosesi inkişaf edəcək: “Yeni alman kanslerinin yürüdəcəyi siyasət çox önəmli olacaq. Doğrudur, Fridrix Mers əvvəlki fəaliyyəti dövründə Almaniyanın Ukraynaya dəstəyinin ciddi tərəfdarı olub. Amma onun hökumət formalaşdırdıqdan sonra da eyni siyasi xətti davam etdirəcəyini, yoxsa Rusiya-ABŞ yaxınlaşması fonunda Avropanın bu prosesdən kənarda qalmayaraq, Ukraynaya dəstəyini azaldacağını indidən söyləmək çətindir. Çünki Donlad Tramp kimi Mers də ölkədə miqrantlara qarşı sərt siyasi xəttin tərəfdarıdır. İstər-istəməz “Almaniya almaniyalar üçündür” prinsipi ilə çıxış edəcəyi təqdirdə ola bilsin ki, biz Fridrix Mersin simasında alman Trampını görəcəyik. Artıq mətbuatda da bu cür qiymətləndirilir. Onu “Alman Trampı”, “Avropa Trampı” kimi də qeyd edirlər. Ona görə də indidən fikir söyləmək çətindir ki, birmənalı olaraq, Almaniya növbəti mərhələdə də Ukraynanı dəstəkləyəcək, yoxsa Almaniyanın fərdi maraqlarını önə çəkərək, Ukraynaya verilən dəstəyi azaldacaq.
Biz bunu yeni hökumətin formalaşmasında hansı qüvvələrin iştirak etməsində görə biləcəyik. Parlament seçkilərində çoxlu səs qazansa da, Xristian Demokratik İttifaqı – Xristian Sosial İttifaqı partiyalarının təkbaşına hökumət formalaşdırmaq üçün kifayət qədər səsi yoxdur. Bu səbəblə də digər qüvvələlə ittifaq bağlamalı, koalisyon hökumət yaratmalıdırlar. Koalisiya ortağı olacaq digər partiyaların isə xüsusilə Almaniyanın Ukrayna siyasətinin formalaşmasında əhəmiyyətli dərəcədə rolu olacaq.
Nailə Qasımova,
Şərh yaz