AİLƏ, QADIN, UŞAQ PROBLEMLƏRİ VƏ GENDER BƏRABƏRLİYİ ÜZRƏ AZƏRBAYCAN ÜMİD PARTİYASININ PROQRAMI

Ailə cəmiyyətin təməlidir. Sağlam ailə quruculuğunu saxlamaq davamlı, sabit və inkişaf edən cəmiyyətin yaranması deməkdir.
Uzun illərdir, Azərbaycan ailəsinin planlanması və qanunvericilik bazası sanki diqqətdən kənar qalıb. Bu da cəmiyyətin formalaşmasına təsirsiz ötüşmür.
Azərbaycan Ümid Partiyası ailə planlamasını, onun üçün qanunvericilik bazasının formalaşdırılmasını, qadın hüquqlarının qorunmasını, uşaqlara xüsusi diqqət və qayğının ayrılmasını, gender bərabərliyini özünün vacib siyasi xətti hesab edir. Ailə cəmiyyətin, dövlətin kiçik modelidir. Bu model sağlam və güvənli olmalıdır ki, cəmiyyət ailə təməlinin üzərində möhkəm dayana bilsin. Şəxsiyyətin formalaşması, onun cəmiyyətə inteqrasiyası, adət-ənənələrin qorunması yeni dünya düzənində milli və yenilikçi nəslin formalaşması ailədən keçir.
Özünün müxtəlif sahələr üzrə proqram tezislərini təqdim edən Ümid Partiyası bu dəfə “Ailə, qadın, uşaq problemləri və gender bərabərliyi” proqramının tezislərini müzakirənizə təqdim edir. İstərdik ki, müzakirələrdə iştirak edərək daha təkmil proqramımızın formalaşmasına siz də töhfənizi verəsiniz.
Ümid Partiyası bir Proqram Partiyasıdır. Seçicinin səsini və rəğbətini onun problemlərinə münasibəti və həlli yollarını göstərməklə qazanmaq istəyir.
Sağlam nəsil yetişdirilməsində ailənin rolu
Təəssüflər olsun ki, qanunvericilik bazası və icra ailə, qadın və uşaqlara yönəlik siyasət digər sahələr kimi ölkə vətəndaşlarının maraqlarına tam cavab vermir. Sağlam nəsil yetişdirilməsində ailə tərbiyəsinin rolu təkcə məktəb və təhsil mühitində həyata keçirilən proses deyil. Ailə mühiti uşağın ilk ünsiyyət qurduğu mühitdir və onun ailədən aldığı tərbiyə nə qədər inkişaf edəcəyi, necə formalaşacağı və sonrakı illərdə atacağı addımlara nə dərəcədə təsir edəcəyi ailənin sosial-mədəni keyfiyyəti, övladlarına münasibəti ilə özünü göstərir. Ailə, qadın, uşaq problemləri bu gün bizi ən çox narahat edən və prioritet hesab etdiyimiz sahələrdəndir. Günümüzdə ailə institutunun nə qədər zəiflədiyinin və boşanmaların sayının ildən-ilə yüksək faizlə artdığının şahidiyik. Təqdim etdiyimiz bu proqram tezisləri problemlərin öz həllini tapması üçün idarəetmə vasitəsidir. Proqramın əsas məqsədi ailə institutunun təkmilləşməsi, valideynlərin uşaq inkişafı ilə bağlı bilik və bacarıqlarını artırmaq, bunun üçün stimullaşdırıcı fəaliyyətlər təşkil etmək və onların inkişaf prosesində oynadıqları rolu təmin etməkdir. Bundan əlavə, valideynlərə sağlamlıq haqqında profilaktik məlumat vermək və onların fərdi problemlərinə kömək etmək proqramın digər məqsədləridir. Ailədə uşaqların tərbiyə olunmasında ataların rolu önəmli olsa da, yük bu istiqamətdə daha çox qadınların üzərinə düşür. Qadınlar Azərbaycan vətəndaşlarının 51%-ni təşkil etməklə, böyük çoxluğa malikdirlər.
İctimai və sosial həyatda qadınların rolu və yeri o qədər də diqqət çəkmir, zorakılığa qarşı effektli mübarizə aparılmır, cinsi zorakılıq aradan qaldırılmır, dövlət və özəl müəssisələrdə gender bərabərliyinə əməl edilmir. Həmçinin uşaqlara yönəlik siyasət də ürəkaçan və gələcəyə yönəlik deyil, cari layihələrdən kənar dövlətin uşaq siyasəti layihələndirilmir.
Bunun üçün:
– Dövlətin kiçik modeli olan ailənin planlaşdırılması istiqamətində xüsusi dövlət proqramı hazırlanacaq;
– Dövlət mərkəzli ailə institutunun təkmilləşməsinə dayanaraq, “Mənim ailəm” layihəsi çərçivəsində tədbirlər planı həyata keçiriləcək;
– Ailə sağlamlığı, uşaq dünyaya gətirilməsi və tərbiyə olunması, onların təhsili müvafiq qurumlar tərəfindən sistemli və ardıcıl proqramla qorunacaq, nəzarət ediləcək, hər ay ailənin vəziyyəti ilə əlaqədar aidiyyəti üzrə məlumat veriləcək;
– Hər bir uşağın doğulmasına görə ailəyə birdəfəlik maddi vəsait ödəniləcək və bu vəsait uşaqlar 18 yaşına çatana qədər toxunulmaz qalacaq, bankda saxlanılan vəsaitin üzərinə hər il müəyyən faiz gələcək; əgər uşaq 18 yaşına çatmadan dünyasını dəyişərsə, vəsait valideynlərinə veriləcək;
– Hər bir uşağa minimum əməkhaqqının 0,3 misli qədər aylıq maddi vəsait (uşaqpulu) ödəniləcək;
-Valideyn himayəsindən məhrum olan yetim, kimsəsiz uşaqlar üçün dövlət tərəfindən müəyyən bank hesabı yaradılacaq, uşaqlar 18 yaşına çatana qədər hər ay dövlət tərəfindən təyin olunan uşaqpulu vəsaiti həmin hesaba köçürüləcək və bu hesab uşağın yetkinlik yaşına qədər toxunulmaz qalacaq, bankda saxlanılan vəsaitin üzərinə hər il müəyyən faiz gələcək;
– Ailə milli-mənəvi dəyərlərinin qorunması ilə yanaşı müvafiq qurumlar tərəfindən şəxsiyyət formalaşdıran mühitə təşviq ediləcək;
– Tənha valideynlər üçün xüsusi proqramlar işlənəcək və dövlət tərbiyəçisi tərəfindən müvafiq tənha valideyn qruplarında keçirilən təlim proqramlarında onların iştirakı təmin ediləcək, onlar üçün xidmətlər sosial-mədəni inkişafa uyğun inkişaf etdiriləcəkdir;
– Uşaqların tərbiyəsi və təhsili ailə və məktəb arasında ortaq məsuliyyətdir, onların təhsildən kənarda qalmaması üçün inzibati və vətəndaş resursları səfərbər ediləcək;
– Fiziki və əqli qüsurlu uşaqlar dövlətin xüsusi qayğısı nəticəsində cəmiyyətdən ayrılmaması yönündə təhsillərinə davam edəcək, uşaq inkişafı və təhsili sahəsində valideynləri distant təhsillə bağlı məlumatlandırmaq üçün əyani və çap mətnlər, buklet və broşürlər hazırlanacaq və ya radio, televiziya, media vasitələri ilə xüsusi proqram yayımlanacaq;
-Xüsusi istedadlı uşaqlar üçün dövlət xüsusi təhsil proqramı müəyyənləşdirəcək, onların təhsil və qayğısını dövlət özü üstlənəcək;
– Qız uşaqlarına yönəlik siyasətdə təşviqçilik artırılacaq, təhsildən kənarlaşdırma siyasəti əngəllənəcək;
– Qız uşaqlarının erkən nikaha daxil olmalarının qarşısını almaq üçün xüsusi dövlət siyasəti müəyyənləşdiriləcək, bu istiqamətdə müəyyən maarifləndirmə işi həyata keçiriləcək, uşaq zorakılığının qarşısını almaq və əngəlləmək üçün vətəndaş cəmiyyətlərinə xüsusi dövlət dəstəyi həyata keçiriləcək, qaynar xətlər təşkil ediləcək, onlar ictimai nəzarət mexanizminin imkanlarından yararlanacaq və fəaliyyətləri hüquq mühafizə orqanları ilə əlaqələndiriləcək;
– Uşaq əməyindən istifadənin qarşısı alınacaq, bundan istifadə edənlər sərt cəzalandırılacaq, uşaqların sağlam və güvənli böyüməsi üçün sosial siyasətdə ailələrə yardım edilməsi mexanizmi sadələşdiriləcək;
– Restoranlarda, yeməkxanalarda, barlarda ucuz işçi qüvvəsi və ya əyləndirmə məqsədiylə uşaq əməyindən istifadə olunmasına yol verilməyəcək;
– Yetim, kimsəsiz uşaqların siyahıya alınması həyata keçiriləcək, onların xüsusi internat məktəblərdə yerləşdirilməsinə dövlət nəzarəti həyata keçiriləcək, könüllü təşkilatlar və yerli idarəetmə orqanları ilə birlikdə əməkdaşlıq edərək, “küçə uşaqları” anlayışı birdəfəlik cəmiyyətimizdən çıxarılacaq;
– Xüsusi internat məktəblərində yerləşdirilmiş uşaqların peşə seçimi, təhsil imkanları dövlət tərəfindən diqqətdə saxlanılacaq, 18 yaşı tamam olanlar internat məktəbindən ayrıldıqdan sonra onların gələcək həyatı taleyin ümidinə buraxılmayacaq, gənclik şəhərlərində mənzillə təmin olunub cəmiyyətin tamhüquqlu vətəndaşı olmaları üçün bütün imkanlar yaradılacaq, bu istiqamətdə qanunda olan boşluqlar aradan qaldırılacaq;
-Uşaqların hüquqlarını daha yaxşı qorumaq üçün Uşaq Ombudsmanı İnstitutu yaradılacaq;
– Qadınların ictimai-siyasi həyatda iştirakını təşviq edəcək xüsusi proqram hazırlanacaq;
– Dövlət və özəl sektorda qadınların işlə təmin edilməsi və cəmiyyətin tam hüquqlu üzvləri kimi fəaliyyət göstərmələri üçün gender bərabərliyini saxlayan işçi sayı faizlə müəyyən ediləcək;
– Siyasi partiyalarda qadınların aktiv iştirakına nail olmaq üçün partiyalara qadın kvotaları tətbiq olunması məsləhət görüləcək;
– Qadın problemləri ilə bağlı sığınacaq, dərnək, ictimai birlik və qeyri-hökumət təşkilatlarına dəstək veriləcək, qadına dair qanuni tənzimləmələr edilərkən bu təşkilatlarla əməkdaşlıq ediləcəkdir;
– Qadın intiharlarının, namus və adət cinayətlərinin minimuma endirilməsi üçün təşviqat işləri ilə yanaşı vətəndaş cəmiyyətinin rolu artırılacaq. Hüquq-mühafizə orqanlarının bu sahədə işi yenidən təşkil olunacaq;
– Kimsəsizlərin qeydiyyatı aparılacaq və onlara dövlət qayğısı həyata keçiriləcək;
– Yaşlılar və kimsəsizlər üçün sosial evlər, qocalar evi yaradılması təşviq ediləcək və dövlət hesabı ilə yanaşı, özəl sektora da imkanlar tanınacaq;
– Maddi dəstəyi olmayan və ya zorakılığa məruz qalan qadınları qorumaq üçün proqramlar yaradılacaq;
– Qadınlara qarşı ayrı-seçkiliyin olmaması üçün əmək müqavilələrində işəgötürənlər üzərinə xüsusi öhdəliklər qoyulacaq;
– Yerli idarəetmə orqanlarının qadın problemləri üzərində işləmələri təşviq ediləcəkdir. Yaşadıqları bölgələrin şərtlərinə uyğun olaraq, kənd yerlərində yaşayan qızlar üçün peşə təhsili layihələri inkişaf etdiriləcək və bu mövzuda çalışan qeyri-hökumət təşkilatları dəstəklənəcəkdir;
– Qadınlara qarşı şiddət, cinsi, iqtisadi, siyasi ayrı-seçkiliyi rədd edən təşviqat materialları hazırlanmaqla yanaşı, xüsusi hüquqi baza da işləniləcək;
– Məişət zorakılığının qarşısını almaq üçün tədbirlər görüləcək. Bu zorakılığın qurbanı olan qadınları və uşaqları qorumaq üçün qanunda dəyişikliklər ediləcək, onları qorumaq üçün xüsusi mərkəzlər açılacaq;
-Valideynlik hüququndan məhrumetmə, uşağa qəyyum təyin etmək məsələsinə yenidən baxılacaq;
– Zorakılığa məruz qalmış qadın və uşaqlar üçün sığınacaq yerləri təşkil olunacaq;
– Övladlığa uşaq götürmək qaydaları yenidən nəzərdən keçiriləcək;
– Analıq məzuniyyətinə çıxan qadınlara dövlət dəstəyi təşkil ediləcək, məzuniyyət dövrü anaların istəyi ilə üç ilə qədər uzadıla biləcək, dövlət həmin müddətdə tam analıq məzuniyyəti maaşı ödəyəcək;
– Evdar və evdən kənar işləmək imkanları məhdud olan qadınların əmək müqaviləsi ilə evdə işləmək imkanları araşdırılacaq, əyiricilik, xalçaçılıq sahələri istiqamətində kiçik sexlərin və digər yeni məşğulluq sahələri yaradılmasına şərait yaradılacaq;
– Gənc nəslin valideynlərə sahibçıxma kimi milli adətin daha da gücləndirilməsi təşviq ediləcək;
– Zərərli vərdişlərin – spirtli içkilərə meyl, narkotik ilə mübarizə ailədə, məktəbdə KİV-də mütəmadi təbliğ ediləcək, qeyri-hökumət təşkilatları ilə birlikdə gənclərin bu vərdişlərə üz tutmalarının qarşısını alacaq və məlumatlılığı artıran sosial proqramlar həyata keçirəcək, bu kimi vərdişlərə qarşı hüquqi və ictimai mübarizə gücləndiriləcək;
– Nikahdan əvvəl ailə məsləhət və psixoloq xidmətləri yaradılacaq;
– İqtisadi və sosial sahələrdə yaşanan çətinliklər nəzərə alınaraq, ailə və iş həyatının uyğunlaşdırılması məsələsi təmin ediləcəkdir. Bu istiqamətdə uşaq bağçası, uşaqlara qulluq və valideyn məzuniyyəti kimi alternativ modellər yenidən təşkil ediləcək;
– Uzunmüddətli ev kreditləri verilməsi üçün proqram işləniləcək, hər bir ailənin layiqli mənzil şəraitinə sahib olmasına çalışılacaq;
-Qohum evliliklərinin qarşının alınması üçün müxtəlif proqramlar işlənəcək;
-Məişət zorakılığı ilə bağlı hüquq-mühafizə orqanlarının öhdəlikləri artırılacaq;
-Məktəblərdə ailəyə hazırlıq məqsədilə Ailə psixologiyası və ya Ailə pedaqogikası fənni tədris olunacaq;
-Nikaha daxil olarkən məcburi tibbi yoxlanış paketinə vətəndaşların psixi sağlamlığı və narkoloji müayinələr daxil ediləcək;
-Boşanmalar zamanı valideynlər arasında narazılıq yaranmaması üçün alimentlərin təyin edilməsi və ödənilməsi məsələsinə yenidən baxılacaq.
Şərh yaz