“Ağır sanksiyalarla üz-üzə qala bilər…” – Türkiyə RİSKƏ GEDƏCƏK? – TAMİLLA QULAMİ şərh edir

“Ağır sanksiyalarla üz-üzə qala bilər…” – Türkiyə RİSKƏ GEDƏCƏK? – Tamilla Qulami şərh edir
Türkiyənin xarici işlər naziri Hakan Fidanın nüvə silahı ilə bağlı suala verdiyi qeyri-adi reaksiya Ankaranın gələcək strateji istiqaməti barədə ciddi müzakirələrə yol açıb.
Belə ki, “CNN Türk”ün müsahibəsi zamanı Fidanın “Türkiyə nüvə silahına malik olmalıdırmı?” sualına birbaşa cavab verməməsi, sualı sualla qarşılaması və gülümsəyərək mövzunu bağlaması mediada təsadüfi detal kimi qəbul olunmayıb.
Maraqlıdır, Türkiyə də nüvə yarışına qoşulacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə heyətinin üzvü Tamilla Qulami bildirib ki, Hakan Fidanın reaksiyası konkret bir açıqlamadan daha çox strateji siqnal xarakteri daşıyır.
Onun sözlərinə görə, diplomatiyada susqunluq və qeyri-müəyyənlik çox vaxt zəiflik deyil, əksinə, manevr imkanlarını açıq saxlamaq məqsədi güdür:
“Öncəliklə qeyd edim ki, H.Fidanın reaksiyası konkret bir açıqlamadan daha çox strateji siqnal xarakteri daşıyır. Çünki diplomatiyada susqunluq və qeyri-müəyyənlik çox vaxt zəiflik deyil, əksinə, manevr imkanlarını açıq saxlamaq məqsədi güdür. Bu da onu deməyə əsas verir ki, Hakan Fidanın reaksiyası nüvə silahı yarışına qoşulmaqdan daha çox, “biz də bu mövzuda düşünmək və danışmaq səviyyəsində olan güc dövlətlərindən biriyik” mesajıdır”.
Ekspert vurğulayıb ki, Türkiyənin yaxın və orta müddətdə nüvə silahı əldə etməsi olduqca çətin görünür və bunun əsas səbəblərindən biri Ankaranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) iştirakçısı olmasıdır:
“Bu müqavilə çərçivəsində nüvə silahı əldə etməyə cəhd Ankaranı ağır beynəlxalq sanksiyalar, iqtisadi təzyiqlər və siyasi təcridlə üz-üzə qoya bilər. Belə bir addım Türkiyə üçün İranın üzləşdiyi təzyiqlərdən belə daha ağır nəticələr doğura bilər. Çünki Ankara Qərb iqtisadi və təhlükəsizlik sisteminə daha dərindən inteqrasiya olunub”.
T.Qulaminin sözlərinə görə, bu məqamda İranla müqayisə qaçılmazdır, lakin Ankara ilə Tehran arasında fundamental fərqlər mövcuddur:
“İran uzun illərdir nüvə proqramını “mülki məqsədli” kimi təqdim etsə də, Qərb tərəfindən potensial nüvə silahı layihəsi kimi qiymətləndirilir. Tehran bu proqramdan əsasən rejimin təhlükəsizliyini təmin etmək və regional çəkisini artırmaq üçün istifadə edir. Türkiyə isə tamamilə fərqli mövqedədir. Regionun güc aktoru olan Türkiyə artıq beynəlxalq sistemin daxilində olan, NATO üzvü, böyük iqtisadiyyata və güclü konvensional orduya malik dövlətdir. Əgər İran nüvə silahını sistemə daxil olmaq üçün alət kimi görürsə, Türkiyə üçün nüvə silahı sistemi riskə atmaq anlamına gələrdi. Məhz bu səbəbdən Ankara Tehran yolunu təkrarlamaq niyyətində deyil”.
Politoloq qeyd edib ki, Fidanın nüvə sualına gülümsəyərək verdiyi cavabda İsrail faktoru da açıq şəkildə hiss olunur:
“İsrail Türkiyənin strateji düşüncəsində xüsusi yer tutur. İsrail regionda rəsmi şəkildə etiraf olunmayan, lakin faktiki olaraq mövcud olan nüvə arsenalına sahib yeganə dövlətdir. Yaxın Şərqdə nüvə balansının birtərəfli olması Türkiyə də daxil olmaqla bir çox regional gücü narahat edir. İranın potensial nüvə silahına yaxınlaşması, İsrailin artıq nüvə dövləti olması və regionda artan qeyri-sabitlik fonunda Ankara bu mövzuda səssiz qala bilmir”.
Onun sözlərinə görə, Türkiyənin cavabı simmetrik nüvə yarışı deyil, daha çox balanslaşdırıcı yanaşmadır:
“Türkiyənin İsrailə cavabı nüvə silahı ilə simmetrik yarışa girməkdən daha çox, siyasi, hərbi-texnoloji və diplomatik balans yaratmaqdan ibarətdir. Türkiyənin ətraf və ya kənar dövlətlərlə müharibə etmək niyyəti yoxdur. Sadəcə olaraq əsas məqsəd siyasi balansı qorumaqdır. Bu balansın əsasını isə yüksək texnologiyalı silahlar, raket texnologiyaları, PUA-lar və regional təsir imkanları təşkil edir”.
T.Qulami vurğulayıb ki, nüvə silahı mövzusunda NATO–Türkiyə münasibətləri də həlledici əhəmiyyət daşıyır:
“Türkiyə NATO-nun nüvə çətiri altında olan ölkələrdən biridir və alyans çərçivəsində kollektiv təhlükəsizlik zəmanətlərinə malikdir. ABŞ-yə aid taktiki nüvə başlıqlarının Türkiyə ərazisində yerləşdirildiyinə dair məlumatlar da bu kontekstdə tez-tez xatırladılır. Belə bir vəziyyətdə Türkiyənin müstəqil nüvə silahı proqramına başlaması faktiki olaraq NATO ilə yollarını ayırmaq anlamına gələ bilər ki, bu da Ankaranın uzunmüddətli təhlükəsizlik strategiyasına ziddir”.
Bununla belə, politoloq qeyd edib ki, Türkiyə mövcud status-kvo ilə tam razılaşmaq niyyətində də deyil:
“ABŞ-nin təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı qlobal suallar, Rusiyanın Ukrayna müharibəsində nüvə ritorikasını normallaşdırması və Yaxın Şərqdə güc balansının dəyişməsi Ankaranı daha müstəqil düşünməyə vadar edir. Bu baxımdan Türkiyə qapını tam bağlamayan, lakin içəri daxil olmağa da tələsməyən strategiya yürüdür”.
Tamilla Qulami bildirib ki, yaxın zamanda olmasa da, Türkiyə nüvə silahına sahib olma məsələsini siyasi hədəf kimi gündəmdə saxlamaq niyyətindədir:
“Bu mövzunun açıq şəkildə müzakirə olunması onu göstərir ki, rəsmi Ankaranın regional və qlobal çəkisi ciddi şəkildə artmaqdadır. Hakan Fidanın qeyri-adi reaksiyası Qərbə mesaj verir ki, Türkiyə alternativsiz deyil, regiona isə xəbərdarlıq edir ki, yeni təhlükəsizlik arxitekturasında Türkiyəni nəzərə almadan qərar verməyə icazə verilməyəcək”.
Politoloq diqqətə çatdırıb ki, Türkiyənin beynəlxalq mövqeyi son illər ciddi şəkildə dəyişib:
“Bir zamanlar Avropa Türkiyəni öz sırasına almaq istəmədiyi halda, bu gün dünyanın bütün ciddi mövzularında Türkiyə rəsmilərini demək olar ki, ön sırada əyləşməyə dəvət edirlər”.
Sonda T.Qulami vurğulayıb ki, Türkiyə hazırkı mərhələdə nüvə silahı axtarmır, lakin nüvə silahına sahib olanlarla eyni strateji masada yer almaq istəyir:
“Bu istək Ankaranın gələcək illərdə daha sərt, daha müstəqil və daha çox müzakirə olunan geosiyasi aktora çevriləcəyindən xəbər verir. Dünyanın supergücü olan ABŞ Cənubi Qafqazda, Yaxın Şərqdə və regionda hansı mövzunu müzakirə edirsə, mütləq şəkildə həmin masada Türkiyə də yer alır”.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz