Ad günün mübarək, yarım əsrlik adam!

Deyir, filankəslə qan bağımız var, çox yaxınıq, qardaş kimiyik. Bir də deyir ki, filan yerdə qardaş qırğını düşdü. Qardaş qırğını düşürsə, nə qan bağı? Deməli, insanları bu gün qandan çox ruh bağlayır.
Mənim ruh bağlılığım olan insanlardan biri də Elman Abbasovdur. Ruh bağlılığı danışmadan da bir-birini başa düşməkdir. Ruh bağlılığı əqidə bağlılığı deməkdir. Elman Abbasovun həm də uca çinar tərəfi var. Bütün ağacları görə və gülümsəyə bilir. Ən sərt küləklərə davamlıdır. Başqa bir çox ağaclar ona arxalanır.
Həmçinin, Elman Abbasovun maraqlı bir təbiəti var. Sirr dolu dünyasında qaynayan, gur bulaq kimi ömür yaşayır. Ancaq tək özü üçün yaşayan adam deyil. Ailəsi, yaxınları, dostları, vətəni, milləti üçün yaşayan adamdır. Ali məqsəd üçün komandir kimi əmr verməyi də, əsgər kimi vuruşmağı da bacaran insandır.
Bəzən mənə elə gəlir ki, Elman Abbasovu 50 ildir tanıyıram. Bu da onun yüksək insani keyfiyyətlərindən, səmimiliyindən, ədalətindən, dosta-tanışa sağlam münasibətindən xəbər verir. Cığal adam deyil Elman Abbasov. Ağa ağ, qaraya qara demək cəsarətindədir.
Elman Abbasov haqqında çox danışmaq, çox yazmaq olar. Çünki yaxşı insanlar cild-cild kitablar kimidir. Oxuduqca oxuyursan. Yaxşı insanların yaxşılıq sərhəddi olmur. Hansısa pis cəhəd onlar haqqında düşüncənin qarşısını almır.
Məncə, təkcə mənə yox, Elman bəyi tanıyan hər kəsə elə gəlir ki, onu 50 ildir tanıyır. Çünki elinə, obasına, vətəninə də 50 illik sirdaş, 50 illik dostdur Elman Abbasov. Bu gün də 50 yaşı tamam olur. Yarım əsrlik bir ömür yaşayıb. Arzu edirəm ki, əsri tamamlasın! Necə ki, həyatda, dostluqda, münasibətlərdə tam insandır, əsrdə də tam olsun! Ad günün mübarək, Elman bəy!
Elşad Barat
Ümid Partiyasının mətbuat katibi
Şərh yaz