ABŞ və İsrail Müctəba Xameneyinin izinə düşüb: O, atasının taleyini yaşayacaq? – Tamilla Qulami şərh edir
Müharibələr təkcə cəbhə xəttində yox, həm də kölgələrin savaşında-qərarların harada və kim tərəfindən verildiyi qaranlıq otaqlarda qazanılır.
Hazırda ABŞ və İsrail kəşfiyyatının diqqətini İranın yeni Ali lideri Müctəba Xameneiyə yönəltməsi sadəcə bir hədəf axtarışı deyil; bu, Tehranın yenidən formallaşan siyasi və hərbi komanda zəncirinin genetik kodunu oxumaq cəhdidir. Çünki bu gün cavabı axtarılan əsas sual Müctəbanın harada gizlənməsi deyil-o gizli sığınacaqda oturarkən əmrləri özümü verir, yoxsa sadəcə SEPAH-ın hərbi elitasının əlində legitimlik simvoluna çevrilib?
Məsələ ilə bağlı Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, siyasətçi Tamilla Qulami Crossmedia.az-a açıqlama verib: “Hazırkı İran–ABŞ–İsrail qarşıdurmasına nəzər salanda görərik ki, bu ssenari tamamilə real ola bilər. Amma mühüm bir məqam da var ki, ABŞ və İsrailin Müctəba Xameneinin yerini müəyyənləşdirməyə çalışması hələ onun mütləq şəkildə hədəfə alınacağı anlamına gəlməyə bilər. Bu mövzu daha çox İranın siyasi və hərbi qərarvermə mərkəzinin harada və kim tərəfindən idarə olunduğunu müəyyən etmək məsələsidir.
“The Times”ın məlumatı da ciddi siyasi siqnaldır. Çünki söhbət sadəcə İranın yeni Ali lideri Müctəba Xameneinin harada gizləndiyini müəyyənləşdirməkdən getmir. Burada əsas məsələ ABŞ və İsrail İranın müharibə şəraitində formalaşmış yeni hakimiyyət mexanizminin real idarəetmə mərkəzini müəyyən etməyə çalışır. “The Times”ın yazdığına görə, Müctəba Xameneinin uzun müddətdir, ictimaiyyət qarşısında görünməməsi və rəqəmsal izinin son dərəcə məhdudlaşdırılması kəşfiyyat orqanlarını artıq texniki izləmədən insan kəşfiyyatına – yəni yaxın çevrənin, vasitəçilərin və daxili əlaqələrin izlənilməsinə yönəldib.
Ssenarinin real olması ona görə mümkündür ki, Müctəba Xamenei adi siyasi lider deyil. O, atasının ölümündən sonra İranın ali rəhbəri postuna gətirilib və hazırkı İran sistemində onun fiziki mövcudluğu, qərar qəbul etmək qabiliyyəti və real hakimiyyətə nə dərəcədə nəzarət etməsi ABŞ və İsrail üçün strateji əhəmiyyət daşıyır. Baxmayaraq ki, indiyədək onu canlı kimsə görməyib, eşitməyib. ABŞ kəşfiyyatının son qiymətləndirmələrində Müctəbanın atasından daha sərt nüvə mövqeyinə meylli ola biləcəyi barədə məlumatların ortaya çıxması da onun izlənilməsinə verilən əhəmiyyəti artırır”.
Ekspert söyləyib ki, daha maraqlı məqam isə İran daxilində hakimiyyətin özünün necə dəyişməsidir: “Kimsəyə sirr deyil ki, Müctəba Xameneinin hakimiyyətə gətirilməsində İnqilab Keşikçiləri Korpusunun – SEPAH-ın – rolu böyükdür və əsasdır. Reuters-in mənbələrinə əsaslanan informasiyalarda SEPAH-ın yeni liderin seçilməsini faktiki olaraq, istiqamətləndirdiyi və Müctəbanın atasından fərqli olaraq, hərbi strukturlardan daha çox asılı vəziyyətə düşdüyü bildirilir.
Bu isə o deməkdir ki, ABŞ və İsrail üçün hədəf yalnız Müctəbanı “tapmaq” deyil. Hər iki ölkə üçün önəmli olan budur ki, Müctəba özü qərar verir, yoxsa onun adı və dini-siyasi legitimliyi arxasında SEPAH-ın kollektiv rəhbərliyi dayanır?
Əgər Müctəba, həqiqətən, ağır yaralanıb və uzun müddət gizli sığınacaqda qalırsa, İranın idarəetmə modelində qeyri-adi vəziyyətdir. Belə halda Ali lider formal olaraq, ölkənin başında qala bilər, amma real qərarların bir hissəsi SEPAH, Ali Milli Təhlükəsizlik Şurası və digər təhlükəsizlik strukturlarının əlinə keçə bilər. Bu baxımdan Müctəbanın sağdırsa, harada olması ilə yanaşı, kimlərlə əlaqə saxlaması və hansı kanallarla göstəriş verməsi daha qiymətli kəşfiyyat məlumatıdır”.
Ekspert qeyd edib ki, İsrail baxımından isə məsələ daha sərtdir:
“İsrail artıq İranın yüksək səviyyəli siyasi-hərbi rəhbərliyinə qarşı “başda kimsə yoxdur” strategiyasının effektivliyini nümayiş etdirməyə çalışıb. Buna görə də düşünürəm ki, Müctəbanın yeri müəyyən edilərsə, İsrail onun üzərində hərbi əməliyyat variantını nəzərdən keçirəcək. Lakin belə addım da avtomatik deyil. Çünki yeni Ali liderin öldürülməsi İran rejiminin zəifləməsi əvəzinə, SEPAH-ın daha da güclənməsinə, İran cəmiyyətində səfərbərlik effektinə və müharibənin daha geniş regional mərhələyə keçməsinə səbəb ola bilər.
Məncə, hazırkı mərhələdə ABŞ və İsrailin əsas məqsədi Müctəbanın sağ olub-olmadığını və real qərar qəbul edib-etmədiyini müəyyənləşdirmək, İranın nüvə və raket proqramları ilə bağlı qərarların kim tərəfindən verildiyini aşkar etmək, üçüncüsü isə lazım gəldiyi halda İranın siyasi-hərbi rəhbərliyinə qarşı növbəti əməliyyat üçün kəşfiyyat bazası yaratmaqdır.
Zənnimcə, ən təhlükəli ssenari Müctəbanın tapılması deyil, tapıldıqdan sonra onun taleyi ilə bağlı veriləcək qərardır. Əgər Vaşinqton və Təl-Əviv onun aradan götürülməsini İranın siyasi sistemini dağıtmaq üçün son zərbə kimi qiymətləndirsələr, bunun əks nəticə verməsi mümkündür. Çünki İranda hakimiyyət artıq tək bir şəxsin üzərində qurulan mexanizm deyil. SEPAH və təhlükəsizlik aparatı sistemin davamlılığını təmin edən əsas dayaqlara çevrilib.
Ona görə də “The Times”ın məlumatı əslində İranın yeni hakimiyyət piramidasının xəritəsinin çıxarılması prosesidir.
Əgər ABŞ və İsrail onun yerini dəqiq müəyyənləşdirə bilsələr, bundan sonrakı mərhələ İranla müharibənin taleyinə birbaşa təsir edə bilər. Çünki bu, Vaşinqton və Təl-Əvivə yalnız bir şəxsi deyil, İranın real komanda zəncirini hədəfləmək və ya danışıqlarda kiminlə işlədiklərini dəqiq bilmək imkanı verəcək.
Çünki ABŞ-nin həm də əsas məqsədi İran rejimini dəyişməkdən çox, onun nəzarəti altında fəaliyyət göstərən yeni hakimiyyətin formalaşmasıdır”.
Turqut Ansari
Şərh yaz




