ABŞ son həftələrdə UNO-larla bağlı videolar və məlumatlar paylaşmağa davam edir – TAMİLLA QULAMİ şərh edir…

ABŞ son həftələrdə UNO-larla bağlı videolar və məlumatlar paylaşmağa davam edir – Tamilla Qulami şərh edir…
Ötən günlərdə sözügedən məlumatların ikinci hissəsi də yayımlandı. Lakin paylaşılan videoların keyfiyyətinin çox aşağı olması və UNO-ların varlığını təsdiq edəcək nəyinsə olmaması diqqət çəkir. Ekspertlər bunu ABŞ Prezidenti Donald Trampın Epşteyn məsələsini unutdurmaq və aralıq seçkiləri öncəsi reytinqini yüksəltmək üçün atdığı bir addım kimi qiymətləndirirlər.
Maraqlıdır, paylaşılan keyfiyyətsiz UNO videoları əslində siyasi məqsədə və gündəm dəyişdirməyə xidmət edir, yoxsa Trampın başqa planı var?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında bildirib ki, son dövrlərdə ABŞ-də UNO mövzusunun yenidən gündəmə gətirilməsi yalnız elmi və təhlükəsizlik məsələsi deyil, həm də ciddi siyasi kommunikasiya aləti kimi təqdim edilir:
“Xüsusilə də paylaşılan videoların aşağı keyfiyyətli olması, açıq və danılmaz sübut təqdim etməməsi cəmiyyətdə “niyə indi?” sualını daha da gücləndirir. Ona görə də bəzən bu sualı daxili siyasi gündəmlə əlaqələndirmək yerinə düşür. Xüsusilə də bunun noyabrda keçiriləcək aralıq seçkiləri öncəsi olması diqqət çəkir.
Üstəlik, ABŞ siyasətində diqqətin ictimai rezonans doğuran mövzulara yönləndirilməsi yeni taktika deyil. Tarix boyu hökumətlər və siyasi fiqurlar iqtisadi böhranlar, hüquqi qalmaqallar və ya seçki öncəsi reytinq problemləri fonunda cəmiyyətin diqqətini emosional və daha müəmmalı mövzulara çəkməyə çalışıblar. UNO mövzusu isə həm qorxu, həm maraq, həm də media effekti yaratdığı üçün bu baxımdan çox əlverişli alətdir”.
Ekspert qeyd edib ki, Donald Tramp ətrafında müzakirə olunan Epşteyn dosyesi, məhkəmə prosesləri və seçki kampaniyası fonunda belə bir informasiya axınının təsadüfi olmadığı düşüncəsi müəyyən qədər məntiqli görünür:
“Digər tərəfdən isə ABŞ təhlükəsizlik strukturlarının son illərdə UNO məsələsini daha ciddi şəkildə müzakirəyə çıxarmasını yalnız siyasi manipulyasiya olduğunu zənn etmirəm. Pentaqon və kəşfiyyat qurumları bu obyektlərin bir hissəsinin rəqib dövlətlərin, xüsusilə də Çin və Rusiyanın inkişaf etdirdiyi yeni texnologiyalar ola biləcəyindən ehtiyat edir.
Ona görə bəzi ekspertlər hesab edir ki, yayılan videoların zəif keyfiyyəti əslində texniki imkanların məhdudluğundan deyil, müəyyən məlumatların qəsdən gizli saxlanılmasından qaynaqlanır. Yəni dövlət həm mövzunu gündəmdə saxlayır, həm də bütün detalları açıqlamır”.
Tamilla Qulami diqqətə çatdırıb ki, indiyə qədər yayılan materialların heç biridə UNO-ların varlığını sübut etməməsi ictimai rəy baxımından əsas problem sayılır:
“Məhz buna görə də skeptik yanaşma güclənir və insanlar bunu daha çox siyasi PR, gündəm dəyişdirmə və ya cəmiyyətin informasiya diqqətini parçalama strategiyası kimi qəbul etməyə başlayırlar. Bütün bunlara nəzər saldıqda, məsələni tamamilə yalan və ya tamamilə kosmik həqiqət kimi təqdim etmək düzgün olmazdı.
Zənnimcə, daha real ehtimal odur ki, ABŞ administrasiyası və siyasi dairələr UNO mövzusundan eyni anda bir neçə məqsəd üçün, həm milli təhlükəsizlik narrativi qurmaq, həm ictimai marağı idarə etmək, həm də daxili siyasi gündəmi yönləndirmək hədəflərilə istifadə edir.
Tramp faktorunun da burada rol oynadığı ehtimalı var, lakin proses təkcə bir şəxsin siyasi maraqları ilə məhdudlaşmır. Bu ABŞ-də media, təhlükəsizlik və siyasətin kəsişdiyi daha geniş strateji kommunikasiya mexanizminin bir hissəsi kimi görünür”.
Elmir Mustafa
Şərh yaz