ABŞ İranda rejimi dəyişə bilərdi? – TALEH ƏLİYEV şərh edir…

ABŞ İranda rejimi dəyişə bilərdi? – Taleh Əliyev şərh edir…
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ-nin müharibəni dayandırmasının səbəblərini açıqlayıb:
“Əgər uzunmüddətli müharibə davam edəcəkdisə, Amerika tərəfindən itkilərin dahah çox olması qaçılmaz deyildi. Eyni zamanda, həm canlı qüvvənin, həm silah-sursatın, həm də maliyyə itkilərinin miqyasının böyüməsi Amerika cəmiyyətində ciddi narazılıq yarada bilərdi. Amma düşünürəm ki, Tramp hakimiyyəti bu variantdan imtina etməklə, əslində İran daxilində xalqla rejim arasındakı uçurumun dərinləşməsi və rejimdaxili ixtilafların daha da qızışması ssenarisini seçdi. Bu proses bu gün bir o qədər də diqqət çəkməsə də, hesab edirəm ki, biz bunun xüsusilə də 14 maddəlik razılaşmadan bir neçə gün öncə İranda Amerika-İran Danışıqlar Qrupuna rəhbərlik edən parlamentin spikeri Qalibafa və Xarici İşlər Naziri Əraqçiyə qarşı ölüm şüarları səsləndirən xalq kütlələrinin etiraz aksiyaları ilə də şahidi olduq.
Çünki 2026-cı ilin yanvar ayından sonra biz İranda xalqın küçələrə çıxaraq rejimə və ya rejimin ayrı-ayrı mənsublarına qarşı etiraz etməsinin və bu etirazların peşəkarlıqla çəkilərək dünya sosial şəbəkə seqmentinə çıxarılmasının şahidi olmamışdıq. Əgər bu gün bu baş verirsə, deməli, bu prosesin arxasında faktiki olaraq İrana nəzarət edən qüvvələrin maraqları var və onlar bu informasiyanın sızdırılmasında maraqlı tərəfdirlər. Ona görə də İsrail nazirinin dediklərində bir yerə qədər həqiqət olsa da, mövcud rejim Amerika Birləşmiş Ştatlarının sayəsində hələ də ayaqda qalır və bu, o demək deyil ki, Amerika Birləşmiş Ştatları hazırkı rejimlə davam etmək və onun siyasi hakimiyyətini uzatmaqda maraqlıdır. Xeyr, əksinə, bu gün ziddiyyətli razılaşmanın mətnindən də görünür ki, Amerika Birləşmiş Ştatları müharibənin başlanmasına gətirib çıxaran tələblərinin yumşaldılmış formada olsa da, başqa adla həyata keçirilməsində maraqlıdır”.
Ekspert İran tərəfinin də İslamabadda baş tutan atəşkəs danışıqlarında irəli sürdüyü öz tələblərini başqa formada reallaşdırmaqda israrlı olduğunu vurulayıb:
“Nəzərə alsaq ki, müharibənin əsas həlledici faktoru olan İsrail bu razılaşmadan məmnun deyil və bu razılaşmanın ilk maddəsi olan Livan və digər bölgələrdə atəşkəsin əldə edilməsi ilə bağlı tələbə heç də isti baxmır, əksinə bunu öz təhlükəsizliyi və milli maraqları üçün təhdid hesab edir. Ona görə də, bu razılaşma növbəti dəfə iflasa uğrayarsa, düşünürəm ki, yenidən elə Amerika Birləşmiş Ştatları ilə İsrailin birgə əvvəlki müharibələrdə olduğu kimi İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları davam etdirməkdən başqa variantı qalmayacaq. Bu zaman İran üçün yeni bir dövr, yeni bir mərhələ başlayacaq. Mövcud rejimin devrilməsi ilə yox, hətta İranın parçalanması ilə yekunlaşacaq bir reallıqla İran üzləşə bilər. Çünki bu, İsrailin müharibə başlanandan ilk hədəfidir və yəqin ki, İsrail dövləti güclü olduğu, İranla bağlı ilkin mövqeyindən geri çəkilmədiyi müddətcə bu ssenari aktuallığını qoruyub saxlayacaq”.
Şərh yaz