Bu gün Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party-nın rəhbər heyəti Binəqədi rayon təşkilatının bir qrup fəalları ilə görüş keçirib.
Görüşdə partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev, partiyanın Məşvərət Şurasının sədri Rəfail Tağızadə, partiyanın İdarə Heyətinin üzvü Tamilla Qulami, partiya sədrinin müşaviri Məhəbbət Orucov iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası uğrunda canlarından keçən Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra toplantını giriş sözü ilə partiyanın Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev açıb.
Taleh Əliyev tədbirdə ölkə və dünya gündəmini tutan olaylardan və bu olayların Azərbaycana təsirlərindən danışıb. Mərkəzi Aparatın rəhbəri çıxışına “Siyasi Partiyalar Haqqında” yeni Qanunun tələblərinə uyğun olaraq, partiyanın sıralarının daha da genişləndirilməsi, təşkilatlanması və formalaşmasının zəruriliyini qeyd etməklə davam edib.
Toplantının irəliləyən dəqiqələrində partiyanın Məşvərət Şurasının sədri Rəfail Tağızadə çıxış edərək, qarşıda dayanan vəzifələr, tədbirin məram və məqsədi barədə toplantı iştirakçılarına məlumat verdikdən sonra sözü partiyanın İdarə Heyətinin üzvü Tamilla Qulamiyə verib.
Tamilla Qulami toplantı iştirakçılarını salamladıqdan sonra ölkədəki siyasi mühit, idarəetmə, pandemiya dönəmi, 44 günlük savaş və Yaxın Şərqdə baş verən qarşıdurmalarla bağlı danışıb. Bütün bu istiqamətlərdə paralel olaraq, partiyanın ölkədəki rolundan, rayon şöbələrinin üzərində duran və qarşıdakı vəzifələr barədə fikirlər səsləndirib, siyasi partiya üzvünün vəzifə və hüquqları barədə bir daha xatırlatma edib.
Daha sonra iclasda partiyanın İdarə Heyətinin üzvü Məhəbbət Orucov partiya quruculuğu və təşkilatlanma üzərindən iştirakçılarla fikir mübadiləsi aparıb.
Toplantıda Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə də çıxış edib, iclasda iştirak edən üzvlərin təklif və iradlarını dinləyib, verilən sualları cavablandırıb. Çıxışı zamanı Ənvər Ağazadə ölkədə keçirilməsi ehtimal olunan Referenduma hazırlıq mərhələsinin aparılmasının forması haqqında məlumat verib, Ümid Partiyasının bu istiqamətdə tələb və təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Toplantıda iştirak edən Türkiyəli qonaq Qalib bəy də Türkiyə seçkiləri və partiya quruculuğu istiqamətində ölkəsindəki örnəkləri səsləndirib, parlamentar hökümət və prezident üsul idarəsi ilə yönətilən hökümətin müsbət və mənfi tərəflərini bir daha diqqətə çatdırıb.
Quruculuq və təşkilatlanma işlərində RT aktivlərinin fikir və təklifləri də xüsusi qiymətləndirilib.
Şərh yaz