Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (11 – 15 aprel) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 11 – 15 aprel)
Həftə ərzində Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin toplantısında Azərbaycanın daxili və xarici siyasəti, dünya gündəmini zəbt edən olaylar və digər mövzular müzakirə edilib.
Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecədə imzalanan atəşkəs sazişinin bəndlərinin yerinə yetirilməməsi xüsusi diqqətə çatdırılıb, atəşkəsin pozulması, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, atəşkəsin pozulması qəti pislənib, cəbhə bölgəsində Milli Ordumuzun əsgərlərinin təxribat nəticəsində şəhid olması narahatlığı toplantının əsas müzakirə mövzularından olub.
Bu istiqamətdə partiya sədri İqbal Ağazadənin hərbi xidmətə çağırışla bağlı hakimiyyətə təqdim etdiyi təkliflər paketi səsləndirilib.
Toplantının irəliləyən dəqiqələrində İranın Azərbaycana qarşı dəyişməyən rasist siyasəti də müzakirə mövzularından olub. Partiya sədri İqbal Ağazadə qeyd edib ki, İranın Azərbaycanda islam dövləti qurmaq kimi dərdi yoxdur, onun dərdi fars-rasist maraqlarıdır. Az qala əhalisinin 90 faizi müsəlman olan Azərbaycanda zatən buna ehtiyac yoxdur. İran islam maraqlarından sadəcə sui-istifadə edir. İranın Azərbaycan nifrətinin hər kəsə bəlli olan qədim tarixi fundamental səbəbləri var.
İclasın gedişatında əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb.
Müavinliyin toplantısında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.
Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftəlik fəaliyyət olaraq, partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın diaspor, xaricdə yaşayan soydaşlar, ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Laf Tv, Xural Tv, MediaPost Tv, Reaksiya Tv, Arb 24 Televiziyası ) yeddi canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, yeddi yüz əlli beş minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində beş milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi