Cəmiyyət azad yaşamağın nə olduğunu bilmədiyi üçün hesab edir ki, hamı onun kimi yaşamalıdır – İQBAL AĞAZADƏ

Aprel ayının 3-ü səhərə yaxın Bakıda fəaliyyət göstərən gecə klublarından birində partlayış baş verməsindən sonra sosial şəbəkədə qızğın müzakirə başladı. Bir qisim sosial media istifadəçisi hadisəyə sevinən dindar, mühafizəkar insanların olduğunu yazdı və onları bu əməlinə görə qınadı. Hətta daha irəli gedib, bütövlükdə İslam dininə, ibadət əhlinə, oruc tutanlara qarşı həqarət edənlər oldu.

Özünü dindar, mentalitetin keşikçisi kimi qələmə verməklə, hadisə barədə paylaşımların rəy bölmələrində kluba gedənlərə aqressiyasını, hadisədən sevindiyini, Ramazan ayında kluba getdiklərinə, içki içdiklərinə görə Allahın qəzəbinə tuş gəldiklərini düşünənlərə qarşı yazılmış statuslar, qınaq dolu fikirlər isə həmin rəylərdən daha çox diqqət çəkdi. Hadisəyə qeyri-insani yanaşma sərgiləyənlər arasında cəmiyyətdə tanınan, hörmət edilən kimsə gözə dəymədiyi halda, qarşı tərəfdə duranlar arasında tanınmış şəxslər də yer aldı.

Diqqətlə araşdırdıqda məlur olur ki, baş vermiş faciəyə “əcəb oldu” prizmasından yanaşanların əksəriyyəti saxta profilli, sosial mediadan ancaq əyləncə vasitəsi kimi istifadə edənlərdən ibarətdir ki, onları da nə dərəcədə ciddi qəbul edib-etməmək sual doğurur. Hər bir halda görünən o oldu ki, iki  tərəf də qəzəbini, hirsini tökməyə bənd imiş kimi fürsəti əldən vermədi.

Milli Məclisin keçmiş üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə AYNA-ya açıqlamasında birinin başqasının inancına qarşı çıxmasının yolverilməz olduğunu söyləyib: “Bu cür problemlər cəmiyyətmizdə insanların azad düşüncə və yaşama sahib olmamasından qaynaqlanır. Mən insanların inancına, dünyagörüşünə, yaşam tərzinə müdaxilə edilməsinin tərəfdarı deyiləm. Bunun əksi yanlışdır, çünki bu halda nə kimisə tərbiyələndirmiş olursan, nə də kiməsə dəstək vermiş. Hesab edirəm ki, başqalarının yaşam tərzinə, düşüncələrinə hörmət edərək yaşamağı öyrənməliyik. Kim oruc tutur, ibadət edir – Allah qəbul etsin. Lakin oruc tutmamaq, ibadət etməmək də bir seçim, yaşam tərzidir və hər kəs özü bilər”.

“Buna görə düşünürəm ki, hansısa formada aqressiv yanaşmaq yersizdir. Çox təəssüf ki, cəmiyyət olaraq azad düşüncə və azad yaşama malik deyilik və bu cür problemlər də bundan qaynaqlanır. Cəmiyyət azad yaşamağın nə olduğunu bilmədiyi üçün hesab edir ki, hamı onun kimi yaşamalıdır, əks halda səhv edir, ağılsızdır. Buna görə də cəmiyyətimiz savadlanmalı və azad yaşamağı öyrənməlidir”, – deyə müsahibimiz vurğulayıb.

Sabiq deputatın sözlərinə görə, cəmiyyətimizdə təkcə dindarlara qarşı deyil, liberallara, feministlərə, mühafizəkarlara, ümumiyyətlə, hamı bir-birinə qarşı aqressivdir: “Bu da cəmiyyətin problemlərindən, azad olmamağından irəli gəlir. Bizdə insanların davranışları, yaşam tərzi qanunla deyil, polislə tənzimlənir. Hesab edirlər ki, nəyin olub-olmayacağına icazəni qanun yox, polis verir. Əgər qanun müəyyən etmiş olsa idi, belə problemlər yaranmazdı. Hər kəs bilərdi ki, əməlini qanun qiymətləndirir. Kimsə nəsə edirsə, deməli, qanun icazə verir, etmirsə, deməli, qanun icazə vermir. Hüquqi dövlət olmayanda bu cür problemlər yaşanır. Nəticədə də cəmiyyət aqressiv olur”.

“Gəlin qəbul edək ki, cəmiyyətimizin böyük bir hissəsi, çox təəssüf ki, savadlı düşünə bilmir. Son illərdə xeyli dərəcədə təhsildən, elmdən uzaq düşmüşük. Bəzən təhsilli, savadlı adamların da məsələləri bir istiqamətdə, dar çərçivədə qiymətləndirdiyinin şahidi oluruq. Biz yeni, azad, demokratik cəmiyyət qurmalıyıq ki, hər kəs yerində ola bilsin və bu cür problemlər olmasın”, – deyə Ağazadə fikrini tamamlayıb.

Müəllif: Aləmdə Nəsib

Ayna.az üçün

 

Şərh yaz