Ölkə qadınının təhsildən başlayan azadlığı – ÜLVİYYƏ XƏLİL yazır

Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək…
Hüseyn Cavid

Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabər hüquqlarının olduğu ayrıca müddəalarla təsbit olunur. Belə ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları var. Lakin təəssüflər olsun ki, Azərbaycanın əyalət rayonları və Bakı kəndlərində qız uşaqlarının təhsil almaq hüquqlarına girilir və qız övladlarımız təhsildən kənarda qalırlar. 21-ci əsr olmasına baxmayaraq, bu problem hələ də ölkəmizdə öz həllini tapmayıb. Nə aidiyyatı qurumlar, nə də bu problem ilə birbaşa məşğul olması gərəkən qurum olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzərinə düşən vəzifəni yerinə yetirir. Ümid Partiyasının aidiyyatı sahə üzrə dövlət idarəetməsi üçün hazırladığı proqramda bu problemin həlli öz əksini tapıb.

Müstəqillikdən sonra Azərbaycan beynəlxalq təşkilatlara üzv olduqda, gender məsələlərinin həlli istiqamətində də addımlar aktuallaşıb və əməkdaşlıqlar yaranıb. Azərbaycan bir çox konvensiyalara, o cümlədən “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasına da qoşulub.

Azərbaycanda 2000-ci ildə ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman da imzalanıb.
O cümlədən Nazirlər Kabineti 2000-2005-ci illər üçün Qadın problemləri üzrə Milli Fəaliyyət Planını təsdiq edib.

Ölkədə 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” Qanun, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub.
Bu siyahı kifayət qədər uzundur, yəni Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulmaqla bərabər, qadın hüquqlarının qorunması istiqamətində çoxsaylı qanunlar da qəbul edib. Təəssüflə demək lazımdır ki, bu qanunların əksəriyyəti ancaq kağız üzərindədir, həyata keçirilməsi üçün mexanizmlər yoxdur, yaxud işləmir. Qısacası, sanki Azərbaycan hökuməti qadınların tamamilə hüquqsuz olduğu ölkələrdən fərqləndiyini, irəlidə olduğunu isbatlamaq üçün görüntü xatirinə müxtəlif qanunlar qəbul edib. Amma mövcud iqtidar həmin qanunların necə işlədiyi ilə maraqlanmır, bunun üçün aidiyyatı dövlət qurumları, xüsusən yuxarıda da qeyd etdiyimiz kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi normal fəaliyyət həyata keçirmir, problemlərin həlli istiqamətində görülən işlər qənaətbəxş deyil.

Bu gün ölkəmizdə qadınların bir çox hüquqlarının qorunması sahəsində ciddi problemlər var. İstər siyasi hüquqlar, istər əmək hüquqları, yaxud qadınların təhsil hüquqları sahəsində problemlər həll olunmaq əvəzinə, ildən-ilə daha da dərinləşir. Düzdür, ölkədə ümumvətəndaş problemi olsa da, ən çox bu problemlərdən əziyyət çəkən də məhz qadındır. Bunlardan daha aktualı və daha çox narahatedici olanı qadınların təhsil hüququdur. İstər siyasi institutlar, istər qadın hüquqları sahəsində çalışan QHT təmsilçiləri, istərsə də dövlət qurumları qadınların təhsildən yayınma problemlərini vaxtaşırı dilə gətirsələr də, həlli istiqamətində görülən işlər problemi çözmək üçün kifayət etmir. Çünki sadaladığımız qurumlar nə hökümət yetkilisi, nə də dövlət məmurudur.

Təhsildə qadınların ayrı-seçkiliyə məruz qalmasına misal olaraq, Dövlət İmtahan Mərkəzinin dəfələrlə qızların təhsildən yayınması faktına diqqət çəkməsini göstərə bilərik. Aidiyyatı qurum dəfələrlə bu problemi ictimailəşdirib. Tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə say kəskin azalır. Qızların təhsildən yayınma halları təhsilimizin ən ciddi problemlərindən biri olaraq qalmaqdadır və bu da onların digər hüquqlarının pozulması üçün zəmin yaradır. Normalda bir neçə gün dərsə gəlməyən uşaqla sinif rəhbəri, məktəb rəhbərliyi, rayon təhsil şöbəsi, polis idarəsi və digər müvafiq qurumlar bir-biri ilə əlaqəli şəkildə maraqlanmalıdır. Bu, zəncirvari proses olmalı və uşaq dərhal təhsilə geri qaytarılmalıdır. Yəni normal ölkələrdə belədir: bir neçə gün dərsə getməyən uşaq barədə məktəb rəhbərliyi dərhal polisə məlumat verir və araşdırma başlanılır. Araşdırmanın nəticəsindən asılı olaraq, uşaq hətta valideyndən alınaraq, müvəqqəti ailələrə, yaxud uşaq evlərinə verilə bilər, amma bütün hallarda qısa müddətdə yenidən təhsilə cəlb edilir. Təhsil hüququ uşağın ilkin və vacib hüquqlarındandır, onu pozmaq olmaz. Valideyn uşağını təhsildən yayındırmaq üçün heç bir səbəb göstərə bilməz, çünki uşağın hüquqlarını qoruyan qurumlar üçün heç bir səbəb keçərli sayılmır. Hətta uşağını təhsildən yayındıran valideyndən bu səbəblə uşaq birdəfəlik alına da bilir, həmçinin valideyn məsuliyyətə də cəlb edilə bilər.

Azərbaycanda isə təhsildən yayındırılan uşağın təhsilə geri qaytarılması mexanizmi yoxdur. Bəzən QHT-lər hansısa ictimailəşən məsələ ilə bağlı rayon icra hakimiyyətinə, kənd icra nümayəndəsinə müraciət edir, onlar da valideynə bir ərizə yazdırmaqla işlərini bitmiş hesab edir. İctimailəşməyən onlarla, yüzlərlə təhsildən yayınma faktı isə araşdırılmamış qalır. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi erkən nikah və təhsildən uzaq tutulma kimi qiymətləndirilir. Məktəb yaşlı qızların nişanlanması, ərə verilməsi, erkən nikah problemləri ictimailəşdiyi halda belə, problem həll olunmur. Erkən yaşlarda, rəsmi nikah olmadan ərə verilən qızların isə gələcəyi də təhlükədə olur. Təhsil, həmçinin təhsilsizlik qadının bütün həyatına təsir edəcək məsələdir. Təhsildən yayınmanın qarşısının alınması üçün dövlət ortaya ciddi və işlək qanunlar qoymalı, qız uşağını təhsildən yayındırmaya görə cəzalar müəyyənləşməli və həyata keçirilməlidir.

Problemdən danışılarkən, qız uşaqlarının erkən nikaha cəlb olunması və təhsildən yayınmasının əsas səbəblərindən biri kimi ailənin iqtisadi vəziyyəti önə çəkilir. Ancaq bu da faktdır ki, iqtisadi vəziyyəti yaxşı olmayan ailələr qız uşaqlarını məktəbdən çıxardıqları halda, ailədəki oğlan uşaqları təhsillərini davam etdirirlər. İqtisadi vəziyyətinin aşağı olması valideyni uşağına təhsil verməsi məsuliyyətindən xilas etmir, etməməlidir. Həmçinin, bunun daha çox mentallıqla bağlı olduğu qəbul edilərək, prosesin qarşısı kompleks tədbirlər sayəsində alınmalıdır. Dövlətin sosial durumu aşağı olan ailələrə, ümumiyyətlə uşaqlı ailələrə dəstəyi ciddi dövlət siyasəti formasına gətirilməlidir. Hazırda bu dəstəyin olmaması da valideynə övladını təhsildən yayındırmaq üçün haqq vermir və bu istiqamətdə aşkarlanan hər fakt ciddiyə alınaraq, qarşısı alınmalıdır.

Ölkədə qız uşaqları nəinki 9-cu sinifdən məktəbdən çıxarılır, hətta daha aşağı siniflərdən təhsildən məhrum edilir ki, bu da ildən-ilə daha ciddi hal almaqda və getdikcə adiləşməkdədir. Bu istiqamətdə illər öncə araşdırma aparan qurumlar hətta məktəbli qızların 3-4-cü siniflərdən təhsildən yayındırıldığını bildirirlər. Adları sinif jurnallarında yazılıb, özləri valideyn tərəfindən məktəbə buraxılmayan qızların sayının da ilbəil artdığı bildirilir. Bu faktların hamısı ictimailəşmir, mətbuat səhifələrinə çıxmır, ancaq azından sinif, məktəb hansı şagirdin məktəbə buraxılmadığını bilir. Hətta bir çox hallarda müəllimlər təhsildən yayındırılan qızların adlarını sinif jurnallarına yazaraq, bu qanunsuzluğa və məsuliyyətə ortaq olurlar. Əslində isə onlar bu hüquq pozuntusunu ilk aşkarlayan və qarşısını almağa çalışan insanlar olmalıdırlar.

Siyasi institutlar, vətəndaş cəmiyyətləri təmsilçiləri, Qeyri-Hökümət Təşkilatları hər fürsətdə qız uşaqlarının təhsildən yayındırılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər keçirir, hətta aidiyyatı üzrə QHT təmsilçiləri rayonlarda belə mollalarla danışırdılar ki, azyaşlı qızların kəbinini kəsməsin. Əslində isə rəsmi nikah olmadan, yəni azından 18 yaşı olmayan və nikahı dövlət qurumlarında rəsmiləşməyən qızla dini kəbini qadağan etmək, bunu həyata keçirən din xadimlərini məsuliyyətə cəlb etmək, dini kəbinin ölkədə heç bir hüququ qüvvəsi olmadığı barədə maarifləndirici işlər həyata keçirmək dövlət üçün çətin bir məsələ deyil, birbaşa dövlətin məsuliyyətindədir.

Qızların təhsildən yayındırılması dövlət qurumlarını maraqlandırmasa da, beynəlxalq təşkilatların hesabatlarında bu problem dəfələrlə vurğulanır. Bir neçə il əvvəl- 2016-cı ildə UNİSEF-in “The rights of children and why they matter” adlı hesabatında Azərbaycanda qızların yeniyetmə yaşında – 15 yaşda məktəbdən çıxması halların sıx müşahidə olunduğu bildirilirdi.

Elə həmin il BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Azərbaycanla bağlı hesabatında əyalətlərdə, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə qızlar arasında orta məktəbə davamiyyətin aşağı olmasını vurğulayırdı. Komitə Azərbaycana tövsiyyə edirdi ki, məktəbi tərk edən qızların sayının monitorinqi aparılsın. Əslində isə bu problem qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə deyil, bütün ölkə üzrə aktualdır. Ancaq bu məsələni ciddiyə almayan hökumətin hələ də qızların təhsildən yayındırılması barədə hər hansı statistikası, hesabatı yoxdur.

Dünya İqtisadi Forumunun 2021-ci ildə açıqladığı “Qlobal Gender Bərabərsizliyi” hesabatında Azərbaycan gender bərabərliyinə görə 100-cüdür. Yəni qlobal gender bərabərliyi indeksində Azərbaycan 156 ölkə arasında 100-cü sıranı tutub. Məlumat üçün deyim ki, Əfqanıstan sonuncu – 156-cı sıradadır.

Problemə daha dərindən nəzər salanda, görünür ki, qanunlar mentalitetlə üz-üzə gəldikdə, mentallıq qalib gələn tərəf olur. Azərbaycanda təhsildən yayındırılmayan uşaqların təhsil istiqaməti belə valideyn tərəfindən seçilir. BMT sorğuları göstərir ki, rəyi soruşulanların cəmi dörd faizi təhsillə bağlı ailədə uşaqların özlərinin qərar qəbul etdiyini bildirib, 96 faizdə isə təhsilin istiqaməti valideyn tərəfindən seçilir. Bu, növbəti mərhələdə də növbəti problemlə üz-üzə gəlməyə şərait yaradır. Belə ki, sorğularda kişilərin böyük əksəriyyəti qadının vəzifəsinin yemək bişirmək və uşağa baxmaqdan ibarət olduğunu bildirirblər. Həmçinin əksəriyyət ailədə uşaq doğulduqdan sonra qadının işləməsinin əleyhinədir. Yəni qızların təhsildən yayındırılmasının qarşısını almaq belə problemi köklü şəkildə həll etmir, dövlətin qadının təhsil və digər hüquqlarını qoruması üçün davamlı və iradəli cəhdləri olmalıdır. Bu cəhdlər isə sadəcə bəzi hakimiyyət təmsilçilərinin görüntü xatirinə keçirdiyi tədbirlər, verdiyi açıqlamalar demək deyil. Dövlət vətəndaşı olan hər bir qadına qanunla, planlı şəkildə dəstək olmalı, sahib çıxmalıdır.

Əslində dövlət siyasəti qadınların, ümumilikdə vətəndaşların problemlərinin köklü şəkildə həlli istiqamətində olmalıdır. Ölkə qadınının ən təməl hüquqlarından olan təhsil hüququ hökumətin həssaslıqla yanaşdığı nöqtə olmalıdır.
Ümid Partiyasının sədri İqbal Ağazadənin istər parlamentdə, istərsə də parlamentdən kənar çıxışlarında təhsillə bağlı kəskin və sərt tənqidləri olub. Ölkədə hər bir uşaq təhsil almalı, təhsil məcburi və pulsuz olmalıdır. Hətta bu sahə üzrə Ümid Partiyasının Konstitusiyanın müvafiq maddəsinə dəyişiklik və əlavələri də təklif olunub.

Hökumət hər bir qadının, hər bir vətəndaşın təhsilli, hüququnu bilən, azadlığı, daha çox da iqtisadi azadlığı olan vətəndaş olmasında maraqlı olmalıdır. Azadlıq isə birmənalı olaraq təhsildən başlayır…

Ülviyyə Xəlil
Ümid Partiyasının fəalı

Şərh yaz