“Gecə yarıya qədər davam edən müsəlman soyqırımında minlərlə azərbaycanlı qətlə yetirildi, vəhşi cəlladlar uşaqlara, qocalara belə aman verməyib, qız-gəlinləri saç-saça bağlayıb çılpaq şəkildə bütün küçələrdə gəzdirmişdilər”.
Tariximizin ən qanlı səhifələrindən biri də Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olan 30 Mart – 1 Aprel Soyqırımı hadisələridir. Ermənilər şərqdə və qərbdə zəngin Azərbaycan torpaqlarına, ruslar da Bakı neftinə sahib olmaq istəyirdi. Demək, bu soyqırımın baş verməsinə sübut olaraq, dini və etnik mənsubiyyətinə görə bir xalqın kütləvi məhvə məruz qalması tək ermənilərə deyil, ruslara da sərfəli idi. Bu soyqırımın təhlili göstərir ki, Azərbaycanlılara qarşı rusların yardımı ilə siyasi mənsubiyyət güdərək bütün ermənilər birlik olub. Bütün bunların təməli Azərbaycanı əsarətə almaq üçün “parçala və hökm et” prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsi olaraq, XVIII əsrdə Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şəki, İrəvan, Şamaxı, Naxçıvan xanlıqları yarandı. Bu əsrlərdə Türkiyə, İran və Rusiya arasındakı münasibətlərin kəskinləşməsi və vətənimiz uğrunda aparılan çəkişmələr xalqımızın taleyində faciəli iz qoymuş, bu milli faciənin davamı kimi doğma Azərbaycanımızın zəbti başlanmışdı.
“Böyük Ermənistan” xəritəsi
1721-ci ildə Rusiya imperatoru I Pyotr isveçlərlə sülh müqaviləsi bağladıqdan sonra diqqətini Qafqaza, Xəzərətrafı ərazilərə yönəldərək, 1723-cü ildə isə Bakını zəbt etdi. Bakıda, Dərbənddə, Gilanda, Mazandaranda əsasən müsəlman olan əhalinin etiraz və müqavimətini görən imperator öz məqsədlərinə nail olmaq üçün “nəyin bahasına olursa, olsun” erməniləri və xristianları bu ərazilərdə yerləşdirməyi əsas amillərdən biri sayırdı. Əsasını qoyduğu bu siyasət sonralar digər Rusiya imperatorları tərəfindən də davam etdirilmiş, hətta 1768-ci ildə II Yekaterina ermənilərə himayədarlığı barədə fərman vermişdi.
1802-ci ildə I Aleksandr Qafqaz canişini N.D.Sisyanova məktubunda yazırdı: “Ermənilər hər vəchlə Azərbaycanın bu və ya digər xanlıqlarından istifadə etməlidirlər”. Ermənilərə verilən ən böyük cəsarət də elə bu siyasətin gerçəkləşdirilərək, xain düşmənin kütləvi surətdə vətənimizə köçürülməsi idi. Onlar əsrlər boyu malik olmadıqları dövləti qurmağa cəhd və səy göstərir, Qafqazda Rusiya imperiyasının planlaşdırılması vasitəsi olaraq, bu vəziyyətdən öz məqsədləri üçün var gücləri ilə faydalanmağa çalışırdılar.
Azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, İrəvan, Qarabağ, Naxçıvan xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər “Böyük Ermənistan” uydurmalarını təbliğ etməklə, öz himayədarlarının yardımı ilə “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bu qondarma ərazi bölgüsü də, demək olar ki, azərbaycanlıların yurdundan-yuvasından qovulması və məhv edilməsi siyasətinin bünövrəsini qoydu…
Qətlə yetirilmiş azərbaycanlılar
Qondarma “Böyük Ermənistan” yaratmaq xəyalı ilə ruhlanan mənfur düşmənlər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı bu dəfə gizli deyil, artıq açıq şəkildə və geniş miqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Özlərinin etdiyi bu vəhşiliklərin açılmasına, ona düzgün hüquq və siyasi yöndən qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, öz uydurma torpaq iddialarını ört-basdır etmişdilər. Keçmiş sovet məkanında təkcə torpaqlarımızı deyil, hətta milli, mədəni irsimizi, abidələrimizi rus havadarlarının yardımı ilə müntəzəm şəkildə yayılan kitab, qəzet və jurnallarda özlərinə aid olduğunu göstərməyə çalışırdılar. Bütün dünyada bizim simamızda vəhşi obraz formalaşdırıb, soyqırım törədən deyil, soyqırım qurbanları kimi özlərində “yazıq erməni xalqı” surəti yaradaraq, əsrin əvvəlində baş vermiş hadisələri şüurlu şəkildə alçaqcasına təhrif edirdilər.
İsmailiyyə binası yandırıldıqdan sonra
Tarixçilərin araşdırmalarına nəzərən, sadəcə 29-31 Mart günləri arasında Bakıda 20.000-dən artıq vətəndaşımız qətl edilmişdi. Bu soyqırım təkcə Bakının iqtisadi və siyasi önəmi ilə deyil, ən başlıca səbəbi Azərbaycanın müstəqillik qazanmasının qarşısının alınması idi. V. İ. Leninin “Bakı neft, işıq və enerjidir” sözlərindən ilham alan Rusiya üçün bu şəhərimiz həm də mühüm əhəmiyyət kəsb edirdi. Bakı Sovetinin iclasında utanmazcasına Şaumyanın azərbaycanlı soyqırımına rəsmi icazə verməsi Şamaxı, Kürdəmir, Salyan, Quba və Lənkəranda sovet hakimiyyəti qurmaq adı altında yeni bir soyqırımın vəhşicəsinə həyata keçirilməsini gerçəkləşdirdi.
İran konsulu qətlə yetirilmiş azərbaycanlıların yanında
Martın 30-da təqribən 17:00 radələrində Bakıda ilk atəşlər açıldı. Kütləvi soyqırım zamanı Azərbaycan türklərinə aid yaşayış binaları, mədəniyyət ocaqları dağıdıldı. Azərbaycanlıların sosial həyatında başlıca rol oynayan, maddi və mənəvi yardımı ilə məşhur olan və bütün fəaliyyəti Cənubi Qafqazı bürüyən Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri yerlə-yeksan oldu. Məscidə pənah gətirənləri düşünmədən məhv etmək alçaqlığını ancaq ermənilərdən gözləmək olardı. Aprelin 1-i gecə yarıya qədər davam edən müsəlman soyqırımında minlərlə azərbaycanlı qətlə yetirildi, vəhşi cəlladlar uşaqlara, qocalara belə aman verməyib, qız-gəlinləri saç-saça bağlayıb çılpaq şəkildə bütün küçələrdə gəzdirmişdilər. Bu 3-4 gün ərzində törədilən soyqırım əvvəlcədən düşünülmüş, ən incə nöqtələrinə qədər planlaşdırılmışdı. Buna sübut olaraq, arxiv materialları da göstərir ki, ermənilər mart soyqırımından öncə Ərzurum yaxınlığındakı Taşlıyaylada 3000 türkü qətlə yetirmişdilər.
“Vəhşi Diviziya”nın hərbçiləri
Soyqırım zamanı guya daşnaq siyasi partiyaları 7000 erməni əsgərini azərbaycanlıların “Böyük Azərbaycan” və ya “Böyük Müsəlman dövləti” ideyasını tez bir zamanda boğmaq bəhanəsiylə müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Hətta 10-12 minlik ordunun 70%-i ermənilərdən ibarət idi. Yaxşı silahlanmış erməni cəlladları müsəlmanların evlərinə basqınlar edərək, 3-4 günlük körpələri xəncərlə qətl edir, uşaqları alovların içinə atırdılar. Qadınlar isə yuxarıda dediyimiz kimi, daha ağır şəkildə öldürülmüş, qulaqları, burunları kəsilib, orqanları parça-parça edilmişdi. Belə vəhşicəsinə qətlə yetirilmiş 37 qadının cəsədi tapılmışdı.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdiyi qətliam haqqında qeyd edirdi: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Bir halda ki, müsəlmansınız, bu yetər, dedi daşnaqlar. Bolşevik adı altındakı müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hamilə qadınlar da bundan canlarını qurtara bilmədilər”.
Hətta Bakıda törədilən bu soyqırıma “vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün bütün gücü ilə çalışan Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi, 13 apreldə Moskvaya göndərdiyi məktubda yazır: “3 gün ərzində Bakıda şiddətli savaş oldu. Sovet Ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu Müsavat Partiyasının liderlik etdiyi müsəlman “Dikaya Diviziya”sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılar. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə məhv edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3000-dən çoxdur. Əgər müsəlman türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə soyqırıma məruz qalacaqdılar.”
Stepan Şaumyan
Beləliklə, mənfur düşmənlər bu qətliamı bolşeviklərlə müsəlmanlar arasında baş verən hakimiyyət mübarizəsi kimi bütün mətbuata yaydılar. Erməni yepiskopu Baqrat Şaumyandan da irəli gedərək, ermənilərin mart hadisələrində iştirakını alçaqcasına inkar edir və bunu 1919-cu ildə ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə də təsdiq edir. Sənəddə də soyqırımda öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, qalanının müsəlman olduğunu iddia edirdi.
Bu kütləvi soyqırım hadisələri təkcə Bakıda deyil, demək olar ki, Azərbaycanın bütün bölgələrində həyata keçirildi.
Quba qəzasında Şaumyandan bilavasitə əmr alan Hamazasp erməni silahlı birləşmələrinə liderlik edərək, bu bölgənin 122 kəndini dağıtmış, yüzlərlə türk və ləzgi qətlə yetirmişlər.
Şamaxıya hələ yanvar ayından Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, martın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri göndərilmişdi. Şamaxının 58 kəndi dağıdıldı, 8000-nə yaxın insanı öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15000 min əhalisi olan bu şəhərin 1921-ci ildə sakinlərinin sayı 1701 nəfərə enmişdi.
Aprel ayının ilk ongünlüyündən etibarən isə bu qətliamlar eynilə Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə həyata keçirildi.
Nəhayət Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığındakı “Qafqaz İslam Ordusu”nun yardıma gəlməsi nəticəsində kütləvi qırğınların qarşısı alındı, xalqımıza divan tutan erməni və rus birləşmələri qovularaq ölkədən çıxarıldı.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mart hadisələrinə xüsusi diqqət yetirmiş, hətta dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum da yaradılmışdı. 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti, Milli Şura tərəfindən verilmiş, lakin Cümhuriyyətin süqutu azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən çox davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə olaraq, siyasi qiymət vermək cəhdini başa çatdırmasına imkan vermədi.
Təəssüflə qeyd etməliyik ki, Cümhuriyyətin süqutundan sonra 10 oktyabr 1920-ci ildə hakimiyyətə gələn Bolşevik hökuməti tərəfindən onun qəbul etdiyi bütün qərarlar rədd edildi.
Elə bu haqsızlıqdan cəsarətlənib ilham alan erməni daşnaqları ortaya atdıqları torpaq iddiaları ilə yenidən minlərlə azərbaycanlını qətlə yetirməyə davam edərək, 1988-ci ildə belə milyondan artıq insanı öz yurdundan, yuvasından didərgin etdi. Tarixdə heç bir zaman baş verməmiş qondarma “erməni soyqırımı”nın əsas mahiyyətini üzə çıxarmalı və əslində soyqırımın millətimizə qarşı törədildiyinin dünyaya yayılmasının hər birimizin fəaliyyətimizdən asılı olduğunu, nəhayət, hamımız dərk etməli və bu yolda bütün güclərimizi sərf etməliyik.
Bunun üçün təkcə 31 mart günü deyil, hər gün xatırlamağa, öyrənməyə, dünyaya yaymağa və unutmamağa borcluyuq. Çünki, sovet və fars şovinizmin saxta tarixi bizi gerçək tariximizdən ayırmış, beynimizə yeridilən yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə yönlənmişdi.
Azərbaycanlılara qarşı törədilən bu soyqırımlar vaxtında lazımi qiymət almamış, beynəlmiləlçilik adı altında gerçək faktlar ustalıqla gizlədilmiş və hətta yox etməyə çalışmışlar.
Nəhayət 26 Mart 1998-ci il tarixində 31 Mart azərbaycanlıların soyqırım günü elan edildi.
Zaman gələcək bu dəhşətli faciələrə ədalətli qiymət veriləcək, torpaqlarımızın nəzarətimizdə olmayan əraziləri öz nəzarətimizə keçəcək, rus-erməni cəlladları layiqli cəzalarını alacaq və torpaqlarımızdan rədd olub gedəcəklər.
1918-ci ildə xalqımıza yardıma gələn, davamlı faciədən xilas edən Nuru Paşanın simasında mehmetçiklərin ruhları qarşısında minnətdarlıq hiss ilə baş əyir, soyqırım qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq.
Allah rəhmət etsin!