Rusiyaya sanksiyalar tətbiq edilən dönəmdə kimsə onun regionda möhkəmlənməsinə xidmət edən xəttə qol qoymamalıdır – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 26 mart 2022-ci ildə Kanal 13 İnternet Televiziyasında canlı efir qonağı olub.

Veriliş “Rusiyanın uğursuzluğu Xankəndinin bizə qaytarılmasına səbəb olacaqmı?” mövzusu ətrafında baş tutub.

İqbal Ağazadə Rusiya-Ukrayna müharibəsindən, Rusiyanın Ukraynaya hərbi təcavüzündən, işğalçılıq siyasətinin səbəblərindən və gözlənilən nəticələrindən danışıb.

O, Ukraynanın bu savaşda qalib gələcəyinə ümidini ifadə edib. Ümid sədrinin sözlərinə görə, Rusiya və Putin bu müharibəyə, proseslərə işğalçı obrazında daxil olub və bu müharibə ilə Putin dövrü bitəcək.

İqbal Ağazadə həmçinin V.Putinin hakimiyyətdən uzaqlaşdırılması üçün gözlənilən mümkün variantlara da diqqət çəkib və fərqli ehtimallar üzərində fikirlərini bölüşüb.
O, eyni zamanda bildirib ki, dünya güclərinin burada hədəfi Rusiyanın parçalanması deyil, Putin hakimiyyətinin dəyişdirilməsi, Putinin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Ümid sədri Rusiya Federasiyasının tərkibində olan muxtar respublikaların və xalqların bu parçalanmaya hazır olmadığını da qeyd edib, eyni zamanda xalqların azadlıq mübarizəsinə hazırlığının necə həyata keçirilməli olduğundan danışıb. Onun sözlərinə görə, tükçülüyün rolu və gələcək perspektivləri də dünyanı narahat edir. Bu səbəblərdən bu müharibənin nəticəsində Rusiyadakı xalqların ilkin milli kimlik davasının yeni oyanışı ola bilər, lakin Rusiyanın parçalanması olmayacaq.

İqbal Ağazadə Azərbaycanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqedən də danışıb və bunu qənaətbəxş hesab edib. Onun sözlərinə görə, Azərbaycan iqtidarı maksimum şəkildə Azərbaycan dövlətini qorumaq üçün hazırda dünyada baş verən proseslərdən “gizlənməlidir” və heç kimin gözünə görünməməlidir: “Biz bu proseslərdən salamat çıxmalıyıq”.

O, son dövrlərdə Qarabağ bölgəsində baş verən hərəkətlənmədən və bununla bağlı yayılan xəbərlərdən də danışıb və bildirib ki, Azərbaycan gözləmə mövqeyi tutmalıdır: “Bu gün Rusiya ordusunun bir mahiyyəti var – işğalçı. Eyni dövlətin ordusu bir ölkədə sülhməramlı olub, digərində işğalçı ola bilməz, fərqli dövlətlərdə fərqli mahiyyətdə ola bilməz. Rus ordusu heç vaxt sülhməramlı olmayıb, olmayacaq da. Hazırda Rusiya zəifləyir, bu o deməkdir ki, həm də yeni siyasi mərhələyə qədəm qoyacaq. O yeni mərhələdə Rusiya qoşunlarının Cənubi Qafqazdan çıxma perspektivi çox ciddidir. Azərbaycan da rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasına yönəlik siyasət yürütməlidir”. Ümid sədrinin sözlərinə görə, tələsik qərarlarla Qarabağ məsələsində gələcəyə yönəlmiş siyasətdə uduzmaq, itirmək olmaz.

İqbal Ağazadə qeyd edib ki, Rusiyanın başlatdığı müharibə bitənədək Azərbaycan Ermənistanla sülh danışıqlarını da uzatmalıdır. Rusiyanın vəziyyəti tam bəlli olmayınca, sülh müqaviləsi imzalamaq yanlış addımdır.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Partiya sədri deyib ki, bizim əsas vəzifəmiz Rusiya qoşunlarının Cənubi Qafqazdan, demək, həm də Azərbaycan ərazisindən çıxarılmasına yönəlik bir xətt yürütməkdir. Bunun da tərkibində Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndin separatçı ermənilərdən təmizlənməsi siyasətindən daha çox, rus qoşunlarının çıxarılması siyasəti prioritet təşkil etməlidir. Biz kimsənin provokasiyasına uymamalıyıq. Kimsə də rusun regionda möhkəmlənməsinə xidmət edən xəttə qol qoymasına yardım etməsin. Əks halda, Rusiyanın qoşunlarına verilən status Pənahəli xanla Çələbi xanın döyüşünü xatırladan bir statusa bənzəyər. Azərbaycan tərəfi hücuma keçər, qərb Rusiyanın bizim ərazimizdə olan qoşununa sülhməramlı statusu verər, qalma vaxtını beynəlxalq güclər müəyyən edər. Biz çox yaxşı bilirik ki, rus olan yerdə nə sülh var, nə də sülhməramlı. Prosesi gözləmək lazımdır, bu durumda kiminsə provokasiyasına getmək Azərbaycanı çox çətin bir dönəmə salar.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz