Ümid Partiyasının sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova öz sosial şəbəkə hesabı vasitəsilə maraqlı yazı paylaşıb. Yazını izləyicilərə təqdim edirik:
Azərbaycanda yalançı demokratlar, psevdovətənpərvərlər, haqdan dəm vurub evdəkilərinin başını əzənlər bezdiriblər daha. Qoyasan, çıxıb palaz-palaz statuslar yazsınlar ki, ay biz belə dürüstük, biz belə mübarizik, ay biz belə millətsevərik, amma əslində olan tamamilə göstəriləndən, deyiləndən fərqlidir.
Bu gün bütün dünyanı ayağa qaldıran Rusiya-Ukrayna savaşı üzərindən hər kəs dividend qazanmağa çalışır. İctimai fəalı bir cür, siyasi təşkilatları başqa cür. Səmimi olanlar, hər zaman haqq yanında duranlar var, onlara sözüm yox, çünki ən azı bizim haqq davamızda da eyni mövqeni göstəriblər.
Bəziləri, 44 günlük haqq savaşımızda bizi az qala faşist kimi təqdim edir, dövlətçiliyimiz, torpaqlarımız üçün müxalifətçiliyi kənara qoymağı ən pis addım kimi dəyərləndirməyə çalışırdılar. Halbuki o haqq uğrunda şəhid olan bizim də doğmalar idi, o yalançı demokrat və vətənsevərlərin deyil.
Rusiya-Ukrayna savaşı başlayandan izləyirəm, daha kimlər Ukraynaya yardım göndərmədi ki?! Səfirlik önündə dəstək aksiyasında iştirak etmədi ki?! Vətən uğrunda savaşımıza 1 manat yardım etməyənlər humanist olublar, başqa ölkəyə yardımlar göndərirlər…
Göndərin, sözüm onda deyil, orada insanların buna ehtiyacı var. Sözüm odur ki, bəs, o müharibədən bizdə olanda hardaydınız? Az qalırdınız yardım edənləri vətən xaini elan edəsiniz. Budur sizin haqq anlayışınız? Budur sizin insanlığınız?
Prinsipləriniz olsun, arada özünüzə hörmət edin, ya hər zaman olduğunuz kimi görünün, ya da göründüyünüz kimi olun. Bu xalq toxdur pafosa, nümayişə, yalana. Xalq artıq hər zaman eyni mövqedə olanı da, ingilis bayrağı olub xeyrini harda görür ora tərəf əsənini də yaxşı seçə bilir. Bu illər bu xalqa çox şeyi öyrətdi.