Biz ana müxalifət yox, hakimiyyət olmaq üçün çalışırıq – ELMAN ABBASOV

Ümid Partiyasının sədr müavini Elman Abbasov 18 fevral 2022-ci ildə Baku News TV-də efir qonağı olub.

Veriliş “İqbal Ağazadə ilə Razi Nurullayevin müavinləri nəyi bölüşə bilmədilər?” başlığı ilə efirə gedib.

Ümid sədrinin müavini AMEA rəhbəri Ramiz Mehdiyevin istefasını tələb edənlərdən, onun istefa verməməsindən, baş verənlərin səbəblərindən danışıb. O, fərdlərlə deyil, sistemlə mübarizənin vacibliyindən danışıb və Ümid Partiyasının məhz bu cür etdiyini vurğulayıb.

Elman Abbasov alimlərin, elm adamlarının maaşlarının azlığından da danışıb. “5-ci kolon” deyilən qüvvənin hakimiyyətdəki nüfuzundan və fəaliyyətindən, hakimiyyətin İkinci Qarabağ müharibəsindəki uğurlarını getdikcə xərcləməsindən də söz açıb.

Verilişdə həmçinin hakimiyyətin islahat imitasiyası, demokratik seçki keçirilməsinin və Konstitusiya islahatlarının vacibliyindən də danışılıb. Eyni zamanda, ölkədə seçkilərin demokratik keçirilməməsinin səbəbləri, parlament seçkilərində dairə bloklarının yaradılması təklifi də müzakirə mövzusu olub.

Partiya sədrinin müavini seçkilərdə saxtakarlığın qarşısının alınması üçün müxalifətin birgə mübarizə aparmasının vacib olduğunu diqqətə çatdırıb, boykot qərarlarının doğru olmadığını vurğulayıb, əhalinin hakimiyyətin qorxusundan prosesdən çəkilməsinə də diqqət çəkib. O, həmçinin siyasi həbslərdən, həbslərlə vətəndaşların siyasi proseslərdən uzaqlaşdırılmasından da söz açıb.

Ümid Partiyası sədrinin müavini deyib ki, onlar ana müxalifət yox, hakimiyyət olmaq üçün çalışırlar: “Biz istəyirik ki, YAP hakimiyyəti getsin, Ümid hakimiyyəti qurulsun. Bizim proqram və komandamız var”. O, həmçinin, siyasətə alver, biznes kimi baxanlardan da danışıb, həmçinin, iqtidar-müxalifət dialoqunun baş tutmamasının səbəblərini açıqlayıb.

Sözügedən efiri izləyicilərə təqdim edirik:

Şərh yaz