Bizim fərqimiz – ƏNVƏR AĞAZADƏ yazır

“Biz ədalətin dostuyuq, insanlığın, sevginin, Azərbaycan vətəndaşının dostuyuq. Biz kimsəni düşmən elan etməyən, kimsəni keçmişinə, siyasi mənsubiyyətinə, dini baxışlarina, etnik-milli tərkibinə görə çeşidlərə bölməyən düşüncə sahibləriyik…”

İqbal Ağazadə

İdeologiya-siyasi və ya kütləvi birlik yaradan bir hökumətin, siyasi partiyanin, hər hansı sosial qrupun davranışlarına istiqamət verən siyasi, hüquqi, dini və fəlsəfi düşüncələr toplusudur. Bu ideologiyaya müsbət yanaşanların verdiyi tərifdir.

İdeologiyani boş, mənasiz, aldadıcı şüarlarla zəngin olan, insanları zəhərləyən virus hesab edənlər də az deyil. Hər iki tərifin sübutu üçün tarixdən istənilən qədər misallar gətirmək olar. Sübutlar təqdim etmədən görünən odur ki, ideologiyaya yanaşma heç də birmənalı deyil. İdeologiyalar bir sıra səciyyəvi xüsusiyyətlərinə görə müxtəlif qruplarda təsnifatlandırılır. İdeologiyalar sosial mənafe münasibətlərinə görə mütərəqqi, mürtəce, mühafizəkar, radikal, millətçi, dini və liberal, sosial bazasına görə milli, dini, qrup və irqi olur. Göründüyü kimi ideologiyalar bütövlükdə bir cəmiyyətin, toplumun deyil, ayri-ayrı milli, dini, sinfi və etnik qrupların mənafeyinə xidmət edir.
Dövlətçilik tarixini öyrənən bəzi tədqiqatçılar hesab edirlər ki, hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi ideoloji əsasları da olmalıdır. İdeologiyasi olmayan dövlətin uzunömürlüyü və varisliyi şübhə doğurur.

Tarixə nəzər salsaq, görərik ki, ideoloji əsaslar üzərində qurulan dövlətlər heç də uzunömürlü olmayıb və varisliyini davam etdirə bilməyib. Belə dövlətlərin xalqları isə acınacaqlı həyat yaşamış, qanlı-qadalı, böyük və dəhşətli müharibələrin qurbanına çevrilmişlər.

XX əsrdə ən böyük ideologiyaya çevrilmiş faşizm və kommunizm ideologiyaları buna bariz nümunədir. Kommunizm XX əsrə damğasını vurmuş ideologiyadir. Lakin bu damğa ancaq təzyiq, zülm, qan və göz yaşı ilə doludur.

Tarixçilərin hesablamalarına əsasən təkcə bu ideologiya səbəbi ilə XX əsrdə 100 milyon insan öldürülüb. Bunlar müharibə zamanı cəbhədə öldürülən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarinın içindən öldürdüyü mülkü şəxslərdir. 100 milyon qadın, kişi, qoca, hətta uşaq və körpələr “kommunizm” adlanan bu soyuq, qəddar ideologiya səbəbindən həyatlarını itiriblər. Kommunist rejimlər tərəfindən əsas insan hüquq və azadlıqlarından məhrum olunan, deportasiyaya məruz qalan, sürgün edilən, əmək düşərgələrində istismar edilən, bu ideologiyani qəbul və təbliğ etmədiyi üçün güllələnən milyonlarla insan var. 70 il sovetlər birliyinin əsarətində olan xalqımız da bu ideologiyanın qurbanına çevrilmişdi. Xüsusilə, 30-cu illərdə xalqımızın aydınları, ziyalıları, düşünən beyinləri günahsız olaraq, güllələnmiş, sürgünə, təqibə məruz qalmışlar.
Əsasını qatı irqçilik təşkil edən faşizm ideologiyasinin törətdiyi faciələr kommunizm ideologiyasının nəticələrindən daha dəhşətlidir. Digər – milli, dini ideologiyaların da zərərli nəticələri haqda xeyli misallar söyləmək olar.

Solçuluq

Əhalinin mövcud sosial durumu baxımından bu gün ölkəmizdə ən cəlbedici ideoliji xətt solçuluq ola bilər. Elə model kimi qəbul etdiyimiz Avropa ölkələrinin bir çoxunda siyasi təşkilatlar bu ideologiya ilə təşkilatlanır və dövlət idarəçiliyində təmsil olunurlar. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycan seçicisi sol ideyaları qəbul etməyə hələ ki, hazır deyil.

Sol ideyadan danışarkən heç kim onun fəlsəfəsinə varmadan dərhal Rusiyanı, kommunist rejimini, 70 illik əsarəti, işğalda olan torpaqları, 20 yanvarı, Xocalı faciəsini xatırlayır. Rusiya mahiyyətini dəyişməyənə, Azərbaycan demokratikləşməyənə qədər solçuluğa baxış öz siyasi qiymətini və dəyərini yeni formaya transformasiya etməyəcək. Ölkəmizdə movcud olan siyasi təşkilatların demək olar ki, hamısı bütün şüar və bəyanatlarını, fəaliyyətlərini solçuluq ideolojisi üzərində qursalar da, yuxarıda qeyd olunan səbəblərə görə özlərinə solçu təşkilatlar demirlər. Deməli, solçuluq ölkəmizdə güclü təşkilat qurmaq və dövlət idarəçiliyi üçün ideoloji baza rolunu oynaya bilməz.

Dini ideologiya

Bu gün daha çox səslənən və xeyli tərəfdarları olan ideoloji xətlərdən biri dini, daha dəqiq ifadə etsək, islam ideologiyasıdır. Bəzən bu ideologiyanı sosial islam da adlandırırlar. Son illər islami dəyərlərə qayıdış, vətəndaşlarımızın dinə meyllənməsi çox ciddi faktdır. Məscidlərdəki kütləvilik siyasi fəaliyyətlə məşğul olan hər bir şəxsi heyran qoymaqla yanaşı, həm də düşündürür. Amma məscidlərdəki bu kütləvilik islamin bütövlüyündən yox, parçalanmasından xəbər verir. Çünki hər təriqətin öz məscidi, hər məzhəbin öz tərəfdarı var. Onlar arasında olan qarşılıqlı münasibətlər heç də ürəkaçan deyil. Əgər Allahın təkliyini, böyüklüyünü, ucalığını hər kəlməbaşı söyləyən və buna bütün varlıqları ilə inanan insanları Allah adıyla bir araya yiğmaq, bir məsciddə ibadət etdirmək mümkün olmursa, demək, bir siyasi təşkilat və liderin də islam ideologiyası altında bütün insanları yox, hətta inanclı insanları bir təşkilatda birləşdirməsi müşkül olacaqdır.
Digər tərəfdən Azərbaycan Respublikasinin Konustitusiyasına görə Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır.

Millətçilik

Dinimizdə təriqətlərin çoxluğu problem yaradan səbəblərdən biri olduğu kimi Azərbaycanda millətçiliyin də ideologiya kimi təbliğ olunması heç də uğurlu bir variant deyil. Ölkəmizdə çoxsaylı etnik-milli qrupların olması və onların kompakt coğrafiyaya malik olması baxımından, o cümlədən dünyanın bugünkü baxış bucağından yanaşdıqda millətçilik ideologiyası da effektli seçim deyil.

Liberalizm

Liberalizm – adət-ənənələrə, vərdişlərə münasibətdə tam müstəqil olan, öz müqəddaratını və fəaliyyətini müstəqil şəkildə müəyyənləşdirən fərdin azadlığı ilə səciyyələnir. Bir sözlə, liberalizm fərdi azadlıqları və haqları müdafiə edən siyasi ideologiyadır. Amma bir fərdin azadlığı başqa bir fərdin azadlığını məhdudlaşdırmamalıdır. Ən doğrusu, bütün azadlıqlar qanunla tənzimlənməli, hər bir təşkilat və fərdin azad fəaliyyətinə qanunlar təminat verməlidir. Bu da hüquqi və demokratik dövlətin əsas prinsipləridir.

Biz Ümid Partiyası olaraq, hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu uğrunda çalışırıq.

Hər ideologiya öz daxilində müəyyən bir prinsiplər yaradır ki, bu prinsiplərə qarşı çıxmaq hətta bunun düzgün və yanlış olduğunu müzakirə etmək xəyanət hesab olunur. Xəyanət edənlər isə çox ağır şəkildə cəzalandırılır. Beləliklə, hər bir ideologiya öz mənsubları və tərəfdarları üzərində avtoritarizm yaradır. Ona görə də heç bir ideologiyani dövlət idarəçiliyinə daşımaq olmaz. Dövlət ideoloji əsaslarla deyil, hüquqla, qanunla idarə olunmalıdır. Dövlət idarəçiliyinə hazırlaşan bir təşkilat kimi bütün – solçu, sağçı, millətçi və dini ideologiyalardan imtina edir, azad, demokratik cəmiyyət quruculuğu uğrunda çalışırıq. Demokratik cəmiyyətdə heç bir ideologiya hakim mövqe tuta bilməz.
Hesab edirik ki, heç bir cəmiyyəti, xalqı, hətta dili, dini eyni olan bir milləti belə bütövlükdə bir ideologoya ətrafinda birləşdirmək mümkün ola bilməz. Ölkəmizin vətəndaşlarının böyük əksəriyyəti Türk olsa da, burada yaşayan müxtəlif xaqların, milli-etnik, dini qrupların birgə vətənidir. Elə bir idarəetmə sistemi, elə bir cəmiyyət yaratmalıyıq ki, burada hər kəsin haqqı tanınsın, maraqları təmin olunsun, dini mənsubiyyətinə, baxışına, etnik-milli tərkibinə görə kimsə ayrıseçkiliyə məruz qalmasın. Qənaətimizcə, bu, ən düzgün idarəetmə sistemidir ki, buna da yalnız hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu ilə nail olmaq olar. Biz buna Ümid hakimiyyəti, Ümid çətiri deyirik. O çətirin altında milli, dini kimliyindən, siyasi- ideoloji baxışından asılı olmayaraq, hər kəsə yer var.

Bizim fərqimiz

Biz Azərbaycan siyasətinə yeni baxış, yeni yanaşma təqdim edirik. Bütün vəziyyətlərdə çıxış yolunu dialoqda gorürük, barışı problemlərimizin tək həll yolu hesab edirik. Neçə ildir bu xətti yorulmadan, usanmadan aparırıq. Azərbaycanın problemlərini də bilirik, ölkədə baş verənləri də görürük. İdarəçilikdəki nöqsanları da ən kəskin şəkildə dilə gətiririk, çıxış yolları da göstəririk.

İqtisadiyyatın şaxələndirilməsi, aqrar sektorun inkişafı, sosial evlər layihəsi, azad ticarət zonalarının yaradılması, Antiböhran proqramı, Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərimizin bəzisini proqram şəklində hökumətə də təqdim etmişik. Biz başqa siyasi təşkilatlardan fərqli olaraq, haqqımızda yalan, şər-böhtan yazan, hətta bizi təhqir edən heç bir mətbuat orqanını, jurnalisti cəzalandırmaq üçün məhkəməyə vermədik. Tənqid olunsaq da, doğru bildiyimiz yolumuzdan sapmadıq. Heç zaman haqqı haqsıza vermədik, ədələtsizliyə qarşı susmadıq. Öz şəxsi və partiya maraqlarımızı milli və dövlət maraqlarından öndə tutmadıq.

Başqa partiyalardan sıralarımıza keçən şəxslər üzərində təbliğat qurmadıq. Sıralarımızı müxtəlif səbəblərdən tərk edənləri “düşmən” elan etmədik. İndi partiyamıza qarşı hansı mövqe tutmalarından aslı olmayaraq, onların hər biri ilə normal münasibərlər saxlayırıq. Anlayırıq ki, son zamanlar demokratik dəyərlərə inam azalıb. Belə zamanlarda insanlar ümumi problemlərin həllindən daha çox şəxsi problemləri haqda fikirləşməyə başlayırlar.

Demokratiyaya ümidləri təkcə seçkilərin nəticələri deyil, həm də seçkilərin nəticələrinə olan münasibət yaradır.
Biz barışın, dialoqun söz xatirinə deyilmədiyini, Azərbaycanda yeni siyasi mədəniyyətin yaranmasına, dialoq mühitinin bərqarar olmasına çalışdığımızı hər zaman göstərdik. Getdiyimiz bu yolda uğurlu bir nəticə əldə edə bilməsək də, ruhdan düşmədik, ümidsiz olmadıq. Tutduğumuz siyasi xətti, mövqeni bu gün də davam etdiririk. Dünən bizim bu siyasətimizlə razılaşmayan təşkilatlar bugün az qala bu məvqeyimizi mənimsəyirlər. Eybi yox, fərqli yanaşma ilə olsa da, olsun. Əminik ki, arzuladığımız hüquqi dövləti, demokratik cəmiyyəti, iqtisadiyyatda, siyasətdə azad rəqabət mühitini bu dəyərlərə sadiq olan liderlər və təşkilatlar yarada bilər.
Ümid…lə!

Ənvər Ağazadə
Ümid Partiyası sədrinin birinci müavini

Şərh yaz