Azərbaycan hakimiyyəti hələ də onun siyasətini kəskin tənqid edən, fərqli düşünən, subyektiv fikirlərini müxtəlif internet kanallarında fərqli şəkildə ictimaiyyətə çatdıran ayrı-ayrı siyasi aktivlərə, siyasi partiya liderlərinə qarşı müxtəlif vasitələrlə təzyiqlərini davam etdirir.
Terroru maliyyələşdirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prokuror çıxışında N.Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin iki gün əvvəl Vətəndaş və İnkişaf (VİP) Partiyasının sədri Əli Əliyev internet televiziyalarında və sosial şəbəkələrdə etdiyi tənqidi çıxışlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağrılaraq, xəbərdarlıq edilib.
Ümid Partiyası tənqidi çıxışlarına, subyektiv fikirlərinə, törədilməyən əməllərinə görə siyasilərin həbs olunmasının və ya müxtəlif vasitələrlə təzyiqlərə məruz qalmasının cəmiyyətdə yeni gərginliklər yaradacağını bəyan edir və son baş verən olaylardan narahatlığını bildirir.
Hakimiyyət bu cür həbslərlə Azərbaycanın gələcəyi olan azad fikirli, fərqli düşüncəli gənclərin, siyasi partiya liderlərinin gözünü qorxutmağa, siyasi proseslərdən kənar saxlamağa çalışır.
Bu cür hadisələr həm də 44 günlük Vətən müharibəsi dövründə yaranmış Milli Həmrəyliyimizə böyük zərbə vurur, beynəlxalq qurumların hakimiyyətə qarşı təzyiqlərinin artmasına səbəb olur.
Hesab edirik ki, hakimiyyət ictimai-siyasi aktivlərlə davranışda daha diqqətli olmalı, tənqidi fikirlərinə, fərqli düşüncələrinə görə insanlara təzyiq etməməli, milli həmrəyliyin qorunması, son günlər hakimiyyət- müxalifət arasında aparılan danışıqların səmərəliliyinin artırılması üçün fərqli metodlar seçməli, ciddi siyasi islahatlar aparmalı, siyasi məhbus problemini kökündən həll etməli, siyasilərə təzyiqləri dayandırmalıdır.
Ümid Partiyası hakimiyyəti insan haqları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə, Niyaməddin Əhmədovla bağlı obyektiv araşdırma aparmağa, cəmiyyəti doğru-düzgün məlumatlandırmağa, məhkəməni ədalətli və qərəzsiz keçirməyə, gənci azadlığa buraxmağa çağırır.
Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz