Ümid Partiyasının sədri İqbal Ağazadə öz sosial media hesabından Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə TƏBRİK yazıb. Təbriki izləyicilərə təqdim edirik:
Əziz və dəyərli balalar!
İlk növbədə Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü münasibətilə bütün insanlığı xilas edəcək, insanlığa sahib çıxacaq olan sizləri, bəşər övladının hər birini təbrik edirəm.
Çox istərdim ki, dinindən, dilindən, məzhəbindən, irqindən asılı olmayaraq, hər bir uşaq xoşbəxt, azad, firəvan, sülh içində böyüsün.
Heç bir uşaq aclıqdan, yoxsulluqdan, imkansızlıqdan, müharibədən, savaşdan əziyyət çəkməsin.
Təəssüflər olsun ki, dünyamız bu gün də biz istədiyimiz səviyyədə deyil. Dünyamızın az qala hər köşəsində uşaq ağlayır, dünya adlı evimizin hər bucağında ac-yalavac, yoxsul, qaçqın, didərgin körpələr var.
Üzücüdür ki, ölkəmizin də taleyinə bu acılardan az yazılmayıb. Bizim də dədə-babalarının torpaqlarının bir hissəsini görməyən xeyli sayda uşaqlarımız var. Onlar valideynlərindən, yaxınlarından, doğmalarından hər gün öz ata-baba yurdlarının adlarını eşitsələr də, təəssüf ki, oranın necə yurd olduğunu, o hissin nə olduğunu hələ də anlamırlar, hələlik görməyiblər, duymayıblar və özlərini bir az yurdsuz, vətənsiz, evsiz-eşiksiz hiss edirlər. Yaşadıqları hər yer onlar üçün kirayə evi, müvəqqəti sığınacağı xatırladır, hətta onlara nə qədər yaxşı şərait yaradılsa, nə qədər xoş gün-güzəran keçsə belə, valideynlərinin içindən gələn o nisgil hökmən onların da həyatına təsir edir.
Birinci Qarabağ savaşından sonra uşaqlarımız böyüdü, 44 günlük müharibədə minlərlə gəncimiz qəhrəmancasına ŞƏHİD oldu, torpaqlarımızın xeyli qismini düşmən tapdağından azad etdilər. Şəhidlərimizin ruhları qarşısında baş əyir, yaralılarımıza şəfa diləyir, qazilərimizə can sağlığı arzulayırıq!
Gün o gün olsun ki, vətənimizin hələ də nəzarətimizdə olmayan ərazilərini işğaldan azad edək və övladlarımız, uşaqlarımız, balalarımız gələcəkdə bir daha müharibə görməsinlər. Həm də torpaqlarımızı ona görə azad etməliyik ki, müharibəni bu uşaqlara buraxmayaq. Çünki işğaldan azad olunmayan torpaqlarımız varsa, müharibə qaçılmazdır. Ona görə də bu gün bizim üzərimizə düşənləri həll etməliyik ki, gələcəkdə övladlar, fidanlar bir daha müharibələrin nə olduğunu hiss etməsinlər.
Çox istərdim ki, Azərbaycanda uşaqlara təkcə valideynlər atalıq, babalıq etməsinlər, dövlət uşaqlara BABAlıq etsin.
Hər bir uşaq, hətta hər bir valideyn düşünmədən, qorxmadan, çəkinmədən onun övladlarının Dövlət adlı bir BABAsının olduğunu düşünsün. Maddi vəziyyətinin yaxşı və ya pis olmasından asılı olmayaraq, hər bir uşağın özünün büdcəsi olsun, o büdcəni dövlət ayırsın. 18 yaşına çatan hər bir uşağa o yaşa qədər dövlət mütləq vəsait ayırsın və o uşaqlar doğulandan böyüyənədək bu vəsaitlə dövlətin babalığını görsünlər.
Onlara elə bir dövlət ərmağan, elə bir sistem, elə bir idarəetmə metodu bəxş edək ki, onlar bizim çəkdiklərimizi və bizim düşündüklərimizi heç zaman ağıllarına belə gətirməsinlər.
Qoy, bundan sonra övladlarımızın sədası müharibə meydanlarındakı qəhrəmanlıqlardan, savaşlardan, döyüşlərdən gəlməsin. Qoy, övladlarımızı Nobel mükafatı laureatları kimi, dünyanın ən yeni texnologiyalarını mənimsəyən və dünyaya yeni texnologiylar təqdim edən, sağalmayan xəstəlikləri müalicə edən tibbi preparatları kəşf edən insanlar kimi tərbiyə edək, böyüdək. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik!
Peyğəmbər Rəsulunun gözəl bir sözü var. Deyir ki, uşaq qoxusu cənnət qoxusudur. Heç birinizin evinizdən cənnət qoxusu əskik olmasın.
Bayramınız mübarək, əziz balalar! Sizlərə sözün əsl mənasında gözəl bayramlar diləyirəm, sizlər o günləri mütləq görəcəksiniz!