Qarabağdan gələn səsin rəngi

Artıq həyatımızın bir hissəsinə çevrilmiş sıradan bir kompyuterə eyni anda yüzlərlə komanda verə biliriksə, bu kompyuteri yaradan insan beyninə hansı komandaları verə biləcəyimizi təsəvvür etmək elə də çətin deyil. Məsələn, mən həmişə öz beynimə “yaxşı düşünmək” komandası verirəm. Amma mənim beynim həyatın xeyir və şər üzərində qurulduğunu məndən də yaxşı bilir. Bəzən də deyirlər ki, xeyirlə şər qardaşdır. Bunun fiziki tərəfinə nəzər salsaq, katod və anodu xatırlayarıq. Digər tərəfdən də bilirik ki, katod olmasa anod, anod olmasa katod heç bir işə yaramır. Deməli, həyatda bizə aid olan, bizimlə əlaqəsi olan hər şeyi bütün tərəfləri ilə birlikdə qəbul etməyi, ən əsası isə sevməyi bacarmalıyıq.

İnsan beynindən danışmışkən, son vaxtlar bu barədə çox düşünürəm, bəlkə də bundan irəli gəlir, amma dəqiq bilirəm ki, bizim beynimiz ətrafımızdakı insanları səsinə, aurasına, saçlarının uzunluğuna, dırnaqlarının formasına, gözlərinin rənginə və bu kimi bütün detallara görə tanıyır. Sanki, mağazadan aldığın məhsulu çıxışda kassaya yaxınlaşıb qiymətləri müəyyən edən cihaza yaxınlaşdırırsan. Həmin o balaca cihaz artıq o mağazanın bütün məhsullarının qiymətini bilir. Çünki öncədən tanıtdırıblar. İnsan beyni də belədir, ətraf aləmdə canlı və cansız olan hər şeyi kriteriyalarına görə tanıyır və qiymətini müəyyən edir.
Bu çəkdiyim misallar, məntiqi əlaqələr, fiziki, fəlsəfi, bioloji fakt və düşüncələr hamısı əzizimiz Tamilla Qulamiyə görədir. Partiyamızın ən aktiv xanım funksionerlərindən olan Tamilla Qulamini bu günə qədər daha çox səslə tanıyıram. Mənə elə gəlir ki, Tamilla xanım bütövlükdə səsdən ibarətdir. Əgər səs varsa, onun mənbəyi də var, mənə görə rəngi də.

Tamilla Qulaminin 8 yaşı olanda atası Famil Qulami Qarabağ döyüşlərində qəhrəmancasına vuruşub və şəhid olub. Həyat ona bəd üzünü göstərdikcə ayaqda durmağa da güc verib. Sanki Tamilla Qulami Qarabağa, Qarabağ da Tamilla Qulamiyə hopub. Yəni mənim yazıçı təfəkkürümdə hazırda Tamilla Qulami Qarabağdır, ona baxanda Qarabağı görməmək olmur. Deməli, Tamilla Qulami Qarabağdan gələn səsdir. Bəs onun rəngi?

Mənim təfəkkürümdə bütün tanıdığım insanların, obrazların rəngi var. Məsələn, dastanlardan Həcər xanımın rəngi ağ, Nigar xanımın rəngi qırmızıdır. Rənglərin də öz növbəsində mənaları müxtəlifdir. Fizikadan məlumatlı olanlar bilir ki, üçüncü fiziki rəng sarıdır. Öz yerinə və elmi göstəricilərinə görə sarı rəng uğur və ümid rəngidir.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Tamilla Qulami Qarabağdan gələn uğur və ümid səsidir və ya Qarabağdan gələn səsin rəngi Tamilla Qulamidir.
Tamilla xanımın insan kimi səmimiliyi, dosta sədaqəti, vətənə, millətə sevgisi, iradəsi və mərdliyi haqqında çox söz demək olar. Bunu onu tanıyan hər kəs bilir. Əgər mənə desəydilər ki, yazıçı kimi Qarabağ həsrəti çəkən bir Azərbaycan qadını obrazı yarat, mən Tamilla Qulaminin həyatını yazardım.

Doğum gününüz qutlu olsun, Qarabağın səsi – Tamilla Qulami!

Elşad Barat

Şərh yaz
PAYLAŞ