AZƏRBAYCAN ÜMİD PARTİYASININ
8 NOYABR – ZƏFƏR GÜNÜ İLƏ BAĞLI BƏYANATI
8 Noyabr – Azərbaycan tarixinin ən möhtəşəm və unudulmaz günlərindən biri, milli qürurumuzun, dövlətçilik iradəmizin və suverenliyimizin təntənəsidir.
Bu tarix yalnız hərbi qələbənin deyil, həm də uzun illər xalqımızın yaddaşında yaşatdığı ümidin, inamın və tarixi ədalətin bərpasının rəmzidir.
Şuşanın işğaldan azad edilməsi Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcı oldu. Şuşa tarix boyu xalqımız üçün sadəcə bir şəhər deyil, milli kimliyimizin, dövlətçilik ənənələrimizin, mənəviyyatımızın və mədəniyyətimizin simvolu idi.
Şuşa azad edildikdən sonra dizimiz üstdən qalxdıq, mənəviyyatımız məğlubiyyət kirindən təmizləndi, özümüzü qürurlu və cəsur hiss etdik. Məhz Şuşa Zəfəri bizə Xankəndiyə, Ağdərəyə, Xocavəndə, Əsgərana və bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan tarixi yolun qapılarını açdı.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin bərpası müasir tariximizin ən mühüm hadisələrindəndir.
Azərbaycan Ümid Partiyası hesab edir ki, 8 Noyabrın tarixi əhəmiyyəti yalnız qazanılmış hərbi qələbə ilə məhdudlaşmır. Bu Zəfər Azərbaycan dövlətinin gələcək nəsillərini işğal, separatizm, məcburi köçkünlük və müharibə təhlükəsindən xilas etmək istiqamətində mühüm tarixi mərhələdir.
Biz bu qələbənin hansı ağır itkilər və fədakarlıqlar hesabına əldə olunduğunu unutmamalıyıq. On minlərlə şəhidimizin həyatı, qazilərimizin sağlamlığı, yarımçıq qalan talelər, çalınmayan toylar, dağıdılmış yurd yerləri və xalqımızın yaşadığı mənəvi ağrılar Zəfər tariximizin ayrılmaz hissəsidir. Eyni zamanda, İrəvanın, Göyçənin, Zəngəzurun tarixi taleyini, soydaşlarımızın doğma yurdlarından didərgin salınmasını, xalqımıza qarşı törədilmiş faciələri də yaddaşımızdan silməməliyik.
Azərbaycan Ümid Partiyası hesab edir ki, 8 Noyabr milli birliyimizin, dövlətçilik iradəmizin və gələcəyə inamımızın rəmzi kimi daim qorunmalıdır.
28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti tariximiz üçün nə qədər əziz və əhəmiyyətlidirsə, 8 Noyabr da müasir Azərbaycan tarixində həmin dərəcədə böyük tarixi və mənəvi əhəmiyyətə malikdir.
Cümhuriyyət Gününü sevib, qoruyub, yaşadırıqsa, 8 Noyabrı da ikinci Cümhuriyyət günümüz kimi qəbul etməli, onun mahiyyətini kiçiltmədən, tarixi dəyərini azaltmadan sevməli və qorumalıyıq.
Biz inanırıq ki, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə də demokratik inkişaf yolunda yeni nailiyyətlər əldə edəcək. Zəfərin əsl mahiyyəti güclü, ədalətli, hüquqi və firəvan dövlət quruculuğu ilə tamamlanmalıdır.
Azərbaycan Ümid Partiyası bu əlamətdar gündə Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə cansağlığı, yaralılarımıza şəfa, şəhid ailələrinə səbir və uzun ömür arzulayır.
Bu Zəfərin qazanılmasında əməyi olan hər kəsə, Azərbaycan xalqına, onun birliyinə və iradəsinə minnətdarlığımızı bildiririk.
Təşəkkürlər, Şəhidim, məkanın cənnət olsun!
Təşəkkürlər, qazilərimiz, ömrünüz uzun və hüzurlu olsun!
Təşəkkürlər, şəhid valideynləri, ömrünü Vətənə qurban verən övladlar yetişdirdiyiniz üçün, yüz yaşayın!
Təşəkkürlər, əziz xalqımız – türk, talış, avar, kürd, ləzgi, qrız, tat, rus, yəhudi, ingiloy, saxur, ukraynalı ilə bütöv olduğun üçün!
Təşəkkürlər, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev, cəsarət və qətiyyət, ağıllı siyasət və diplomatiya üçün!
Biz birlikdə güclüyük!
8 NOYABR – ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK OLSUN!
YAŞASIN AZƏRBAYCAN!
Azərbaycan Ümid Partiyası
6 noyabr 2026




