Enerji böhranı, bahalaşma və rabitə problemləri: Müharibənin qlobal nəticələri – ANAR İSAYEV şərh edir

Enerji böhranı, bahalaşma və rabitə problemləri: Müharibənin qlobal nəticələri – ANAR İSAYEV şərh edir

Müasir dünyada müharibələrin nəticələri artıq yalnız döyüş meydanında və münaqişə tərəflərinin sərhədləri daxilində hiss olunmur. Yaxın Şərqdə baş verə biləcək genişmiqyaslı qarşıdurma enerji bazarlarından beynəlxalq ticarətə, internet infrastrukturundan qlobal maliyyə sisteminə qədər bir çox sahədə ciddi problemlər yarada bilər.

Bəs regionda mümkün müharibə dünya iqtisadiyyatını hansı miqyasda sarsıda və qlobal sabitliyi necə dəyişə bilər?

Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Yaxın Şərqdə mümkün genişmiqyaslı müharibə təkcə regional təhlükəsizlik böhranı deyil, həm də qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi və rəqəmsal kommunikasiya sistemləri üçün ciddi təhdid yarada bilər. Burada əsas məsələ müharibənin coğrafi miqyası ilə yanaşı, strateji infrastrukturun nə dərəcədə hədəfə çevrilməsidir.

“İlk növbədə enerji infrastrukturu ciddi risk altına düşə bilər. Yaxın Şərq dünya neft və qaz təchizatının əsas mərkəzlərindən biridir. Xüsusilə Hörmüz boğazında gəmiçilik hərəkətinin məhdudlaşması, neft terminallarının, hasilat və emal müəssisələrinin zədələnməsi dünya bazarında enerji qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Belə bir vəziyyət yalnız neft ixrac edən ölkələrə deyil, enerji idxalından asılı olan Avropa və Asiya iqtisadiyyatlarına da ciddi zərbə vurar”, – deyə politoloq bildirib.

Anar İsayevin fikrincə, həmçinin burada mühüm risk dənizaltı internet kabelləri ilə bağlıdır. Bu kabellər qitələrarası internet trafikinin, bank əməliyyatlarının, maliyyə məlumatlarının və rəqəmsal xidmətlərin böyük hissəsini daşıyır. Qırmızı dəniz və Fars körfəzi ətrafındakı kommunikasiya xətlərinin zədələnməsi və ya təhlükəsizlik səbəbindən fəaliyyətinin məhdudlaşması beynəlxalq məlumat mübadiləsində gecikmələrə, rabitə problemlərinə və maliyyə əməliyyatlarında fasilələrə gətirib çıxara bilər. Bu, müasir iqtisadiyyatın görünməyən, lakin son dərəcə vacib damarlarından biridir.

“Hörmüz boğazı, Babül-Məndəb boğazı və Süveyş kanalı beynəlxalq ticarətin ən mühüm marşrutları sırasındadır. Bu istiqamətlərdə hərbi əməliyyatların genişlənməsi tanker və yük gəmilərinin hərəkətini çətinləşdirə, sığorta haqlarını və daşınma xərclərini artıra bilər. Gəmilərin alternativ, daha uzun marşrutlardan istifadə etməsi isə çatdırılma müddətlərini uzadaraq ərzaqdan sənaye məhsullarına qədər müxtəlif sahələrdə qiymət artımına səbəb ola bilər”, – deyə politoloq bildirib.

O deyib ki, belə bir böhranın dünya iqtisadiyyatına uzunmüddətli təsirləri də mümkündür. Əgər müharibə qısamüddətli hərbi qarşıdurma ilə məhdudlaşarsa, bazarlar müəyyən müddətdən sonra sabitləşə bilər. Lakin enerji obyektlərinin dağıdılması, dəniz kommunikasiyalarının sıradan çıxması və ticarət marşrutlarının uzun müddət təhlükə altında qalması qlobal təchizat zəncirlərinin yenidən qurulmasını zəruri edəcək. Bu isə inflyasiyanı gücləndirə, investisiya fəallığını azalda və dünya iqtisadi artımını ləngidə bilər.

İradə Cəlil,
Bizimyol.info

https://bizimyol.info/aze/articles/2026/11/03/0941ot5uhp13h02q6q.html?fbclid=IwY2xjawVXzO9leHRuA2FlbQIxMQBwZG9mAXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR_UTp__p6Y_SVt8a1tKx9m1mfjsOAugnCn0PSooGzxo9KGeK53HFzl9M7WrhQ_aem_WMRd6lHGjOEApOh_VWtYoQ

Şərh yaz