72 saatlıq ehtiyat çağırışı: Böyük təhlükənin xəbərçisidir? – ANAR İSAYEV şərh edir
Bir sıra Qərb ölkələrinin əhalini fövqəladə vəziyyətlərə hazırlamaq məqsədilə ərzaq, su və ilkin tələbat məhsullarından ehtiyat toplamağa çağırması beynəlxalq təhlükəsizlik mühitindəki riskləri yenidən gündəmə gətirib. Bu addımların mülki müdafiə strategiyasının tərkib hissəsi, yoxsa mümkün hərbi qarşıdurmalar və qlobal böhran ssenariləri ilə bağlı xəbərdarlıq olduğu ətrafında müxtəlif müzakirələr aparılır.
Avropa ölkələri, ABŞ, Kanada və Yaponiyanın əhalini fövqəladə vəziyyətlərə hazır olmağa çağırması hansı təhlükəsizlik risklərindən xəbər verir və bu tədbirləri İran ətrafında mümkün hərbi eskalasiya ilə əlaqələndirmək nə dərəcədə əsaslıdır?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa ölkələrinin, ABŞ-ın, Kanadanın və Yaponiyanın əhalini fövqəladə vəziyyətlərə hazırlamağa çağırması beynəlxalq təhlükəsizlik mühitində risklərin artıq ənənəvi hərbi təhdidlərlə məhdudlaşmadığını göstərir. Müasir dövrdə dövlətlər yalnız müharibə ehtimalına deyil, həm də kiberhücumlara, enerji böhranlarına, kommunikasiya sistemlərinin sıradan çıxmasına, təbii fəlakətlərə və kritik infrastrukturun fəaliyyətinin pozulmasına hazırlaşırlar.
Anar İsayev hesab edir ki, bu çağırışları beynəlxalq münasibətlərdə artan qeyri-müəyyənliyin və böyük dövlətlər arasında geosiyasi rəqabətin nəticəsi kimi qiymətləndirmək daha doğrudur.
Xüsusilə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik, İran ətrafında mümkün hərbi eskalasiya və ABŞ-Çin qarşıdurması Qərb ölkələrini təhlükəsizlik strategiyalarına yenidən baxmağa vadar edir.
Müsahibimizin fikrincə, bu tədbirləri birbaşa İran ətrafında mümkün müharibə ilə əlaqələndirmək müəyyən mənada əsaslıdır. Çünki İranla hərbi qarşıdurma təkcə regional deyil, qlobal nəticələr doğura bilər. Hörmüz boğazının bağlanması, enerji təchizatının pozulması və Yaxın Şərqdə hərbi əməliyyatların genişlənməsi dünya iqtisadiyyatına ciddi zərbə vura bilər.
“Lakin burada bir məqamı xüsusi vurğulamaq lazımdır: əhalinin 72 saatlıq və ya bir neçə günlük ərzaq, su və dərman ehtiyatı saxlamasına dair çağırışlar müharibənin mütləq başlanacağı anlamına gəlmir. Bu, dövlətlərin böhran şəraitində əhalinin ilk mərhələdə özünü təmin etməsi və dövlət xidmətlərinin üzərinə düşən yükün azaldılması strategiyasıdır.
Başqa sözlə, Qərb ölkələri müharibənin qaçılmazlığını deyil, böhranların baş vermə ehtimalını və onların nəticələrinə hazırlıqsız olmağın təhlükəsini nəzərə alırlar”, – deyə siyasətçi bildirib.
İradə Cəlil,
Bizimyol.info




