Rusiyanın Ukraynada qalib gəlməsi müharibə təhlükəsini Avropaya da yönəldə bilər – Tamilla Qulami şərh edir
Avropada sosial-iqtisadi çətinliklər, hökumətlərin iqtisadi siyasətinə qarşı narazılıq və siyasi qütbləşmə qitənin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələri də aktuallaşdırır. Bu proseslər Avropa dövlətlərinin xarici siyasət prioritetlərinə, Ukraynaya hərbi və maliyyə yardımının davamlılığına, eləcə də Rusiya ilə münasibətlərdə tutduqları mövqeyə təsir göstərə biləcək amillər sırasındadır.
Eyni zamanda, Avropadakı daxili siyasi ziddiyyətlərin Moskvanın geosiyasi maraqları baxımından hansı imkanlar yarada biləcəyi sualı ortaya çıxır.
Maraqlıdır, Avropada dərinləşən sosial narazılıq və siyasi parçalanma Rusiyanın Ukraynaya qarşı müharibədə strateji mövqeyini gücləndirə, Qərbin Kiyevə dəstəyini zəiflədə bilərmi? Moskvanın Avropadakı siyasi qüvvələr və ictimai narazılıqlar üzərindən təsir imkanları nə dərəcədədir və bu proseslər Avropa ilə Rusiya arasında geosiyasi qarşıdurmanın gələcək istiqamətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami açıqlama verib.
Siyasətçi xanım bildirib ki, Avropada dərinləşən sosial narazılıq və siyasi parçalanma Rusiyanın Ukraynaya qarşı müharibədə strateji mövqeyinə müəyyən təsir göstərə bilər, amma bu prosesi Moskvanın qələbəsinə aparan qaçılmaz tendensiya kimi qiymətləndirməzdim:
“Əslində, Avropada iqtisadi çətinliklər, inflyasiya, miqrasiya, sosial bərabərsizlik və hökumətlərə inamın azalması demokratik cəmiyyətlərin üzləşdiyi ciddi problemlərdir. Rusiya isə bu ziddiyyətlərdən istifadə edərək, Qərbin siyasi iradəsini zəiflətməyə və Ukraynaya dəstəyin davamlılığını sual altına almağa çalışır.
Həmçinin XXI əsr üçün informasiya müharibəsində irəliyə doğru addımlamaq əsas məsələlərdəndir. Bu gün Moskvanın əsas təsir imkanlarından biri Avropada mövcud olan siyasi qütbləşməni dərinləşdirməkdir. Ukraynaya hərbi və maliyyə yardımının dayandırılmasını tələb edən, Rusiyaya qarşı sanksiyaları tənqid edən və Avropanın təhlükəsizlik siyasətini dəyişməyə çağıran siyasi qüvvələrin güclənməsi Kremlin maraqlarına xidmət edir.
Bununla belə, həmin qüvvələr Rusiyanın birbaşa təsirində olan aktorlar deyil. Bu mövqelərin bir hissəsi daxili siyasi hesablamalardan, seçici narazılığından və müharibənin iqtisadi nəticələrinə dair narahatlıqlardan qaynaqlanır. Moskvaya lazım olan isə məhz bu real problemləri öz geosiyasi məqsədləri naminə istismar etmək imkanıdır.
Bütün bunlara rəğmən Avropanın Ukraynaya dəstəyinin zəifləməsi hələ baş vermiş və geri dönməz proses deyil. 2026-cı ildə dərc olunan təhlillər göstərir ki, siyasi qütbləşmə artsa da, Avropa İttifaqında Ukraynaya dəstək ümumilikdə geniş ictimai və siyasi dayaqlara malikdir. Deməli, Moskvanın gözləntiləri iflasa uğrayacaq.
Avropa üçün çıxış yolu sosial narazılığı yalnız təhlükəsizlik məsələsi kimi təqdim etmək deyil, onun iqtisadi və siyasi səbəblərini aradan qaldırmaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ədalətli iqtisadi siyasət, siyasi institutlara etimadın bərpası və müdafiə yükünün ölkələr arasında bölüşdürülməsi Ukraynaya dəstəyin davamlılığını möhkəmləndirə bilər.
Bəli, indiki halda Kremlin arzusu bu ki, Avropadakı parçalanma Rusiyaya müəyyən taktiki üstünlüklər qazandırsın, amma bu o demək deyil ki, Ukraynaya qarşı işğalındakı strateji qələbəsinə zəmanətdir. Əksinə, Moskvanın Avropanın zəifliyinə hesablanmış siyasəti Avropa dövlətlərini daha sıx təhlükəsizlik əməkdaşlığına sövq edə bilər.
Müharibənin gələcək nəticəsi təkcə cəbhədəki qüvvələr nisbətindən deyil, həm də Avropanın demokratik dayanıqlığını qorumaq, siyasi birliyini saxlamaq və Ukraynanın suverenliyini müdafiə etmək iradəsindən asılı olacaq.
Rusiyanın əsas məqsədi Qərbin yorulmasına nail olmaqdır, Avropanın strateji vəzifəsi isə bu yorğunluğun təcavüzün nəticələrini müəyyənləşdirməsinə imkan verməməkdir. Avropa insanı idarəetmədən nə qədər narazı olsa da, çox gözəl bilir ki, Rusiyanın Ukraynada qalib gəlmə ehtimalının yüksək olacağı təqdirdə, müharibə onun təhlükəsizlik qapısından içəri girəcək”.
Şərh yaz




