“Məktəbə daş atan, jurnalistə təpik vuran şagirdlər…” – Məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərindədir – TAMİLLA QULAMİ şərh edir

“Məktəbə daş atan, jurnalistə təpik vuran şagirdlər…” – Məsuliyyət Elm və Təhsil Nazirliyinin üzərindədir – Tamilla Qulami şərh edir
“Baş verən hadisənin məsuliyyəti Elm və Təhsil Nazirliyinin üzərindədir”
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib.
T.Qulami dünən 225 saylı tam orta məktəbin qarşısında media nümayəndələrinin zorakılığa məruz qalması haqqında danışaraq, məsuliyyətin Elm və Təhsil Nazirliyinin üzərində olduğunu bildirib:
“Dünən məktəbə daş atan, bu gün jurnalistə təpik vuran şagirdlərin olduğu bir təhsil mühitindən danışırıq. Bu, sadəcə iki ayrı hadisə deyil, cəmiyyətin gələcəyi, məktəbin nüfuzu və təhsil sisteminin məsuliyyəti haqqında ciddi suallar doğuran narahatedici mənzərədir.
Məktəb yalnız şagirdə dərs keçilən, ona müəyyən biliklərin öyrədildiyi məkan deyil. Məktəb həm də şəxsiyyətin formalaşdığı, davranış mədəniyyətinin, məsuliyyət hissinin, böyüyə hörmətin və cəmiyyətə münasibətin aşılandığı yerdir. Əgər bu mühitdə aqressiya, zorakılıq və başqalarına qarşı hörmətsizlik adi hala çevrilirsə, deməli, problemin köklərini ciddi şəkildə araşdırmağa ehtiyac var.
Əlbəttə ki, bu məsuliyyət Təhsil Nazirliyinin üzərindədir. Doğrudur, ailənin, valideynin, məktəb rəhbərliyinin və bütövlükdə cəmiyyətin də üzərinə mühüm vəzifələr düşür. Ancaq məhz bu səbəbdən Elm və Təhsil Nazirliyinin üzərinə düşən məsuliyyət daha da artır. Nazirlik baş verənləri sadəcə müşahidə edən qurum deyil, təhsil mühitinin sağlamlaşdırılması, məktəblərdə təhlükəsizliyin təmin edilməsi və tərbiyə işinin gücləndirilməsi üçün konkret addımlar atmalı olan dövlət orqanıdır.
Cəmiyyəti narahat edən əsas məqamlardan biri də belə hadisələr fonunda nazirliyin ictimaiyyətə aydın mövqe təqdim etməməsi, problemin həlli ilə bağlı konkret tədbirlərin görünməməsidir. İctimaiyyət də haqlı olaraq soruşur ki, məktəblərdə aqressiyanın səbəbləri araşdırılırmı, psixoloji xidmətlər nə dərəcədə effektivdir, müəllimin nüfuzu və məktəbin təhlükəsizliyi necə qorunur? Bu suallar cavabsız qaldıqca narahatlıq da artır”.
T.Qulami bildirib ki, nazirlik təkcə uğurlu layihələrin reklamı zamanı deyil, problemlər zamanı da məsuliyyəti öz üzərinə götürməlidir:
“Elm və təhsil naziri yalnız uğurlu layihələrin təqdimatında deyil, təhsil sistemində baş verən ciddi problemlər zamanı da cəmiyyət qarşısında məsuliyyət daşıdığını göstərməlidir. Susmaq problemi aradan qaldırmır. İctimaiyyətə hesabat vermək, səbəbləri açıqlamaq və görüləcək tədbirləri konkretləşdirmək idarəetmənin zəruri tələbidir.
Məktəb zorakılığın normallaşdığı deyil, insanın formalaşdığı yer olmalıdır. Bu gün baş verənlərə vaxtında və prinsipial münasibət göstərilməsə, sabah daha ağır hadisələrlə üzləşmək riskimiz var. Təhsil sisteminin rəhbərliyindən gözlənilən də məhz budur! Cəmiyyətə isə nazirin susması deyil, məsuliyyət götürməsi və müsbət nəticə göstərməsi lazımdır!”
Şərh yaz