Enerji bazarlarında qiymət dəyişkənliyi əlavə gəlir gətirsə də, iqtisadi qeyri-müəyyənlik yaradır – Tamilla Qulami şərh edir
“İranla İsrail və ABŞ arasında gərginliyin hərbi qarşıdurmaya çevrilməsi Cənubi Qafqazın təhlükəsizlik mühitinə birbaşa təsir göstərə biləcək amillərdəndir. Ona görə də Azərbaycan bu proseslərə yalnız qonşu ölkədə baş verən münaqişə kimi yanaşmır. Çünki mümkün müharibənin nəticələrinin sərhəd təhlükəsizliyindən iqtisadiyyata, enerji layihələrindən humanitar vəziyyətə qədər bir sıra istiqamətləri əhatə edəcəyi qaçılmazdır. Öncəliklə qeyd edim ki, bu halda Azərbaycanın cənub sərhədlərində təhlükəsizlik riskləri mümkün problemlərdən biridir. Hərbi əməliyyatların sərhədyanı ərazilərə yaxınlaşması, hava məkanının pozulması və münaqişənin coğrafiyasının genişlənməsi əlavə təhlükəsizlik tədbirlərini zəruri edir. Ona görə də bu şəraitdə Azərbaycanın əsas vəzifəsi öz ərazisinin müharibəyə cəlb olunmasının qarşısını almaq, sərhədlərin toxunulmazlığını təmin etmək və ölkənin suverenliyini qorumaqdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib.
Qeyd edək ki, İran, İsrail və ABŞ arasında qarşıdurmanın dərinləşməsi və hərbi əməliyyatların genişlənməsi ehtimalı regionun təhlükəsizlik gündəliyini ön plana çıxarıb. Belə bir ssenarinin nəticələrinin yalnız münaqişə tərəflərinə təsir etməyəcəyi, ətraf ölkələr üçün də siyasi, iqtisadi və təhlükəsizlik baxımından müəyyən risklər yaradacağı gözlənilir. Bu baxımdan, İranla ortaq sərhədə malik Azərbaycan üçün mümkün müharibənin doğura biləcəyi nəticələr xüsusi əhəmiyyət daşıyır.
Siyasətçi qeyd edib ki, əsas məsələlərdən biri də humanitar risklərlə bağlıdır.
“Müharibənin uzanması İrandan Azərbaycana mümkün miqrasiya və qaçqın axını ehtimalını gücləndirir. Belə bir ssenariyə hazırlıq yalnız sərhəd nəzarəti ilə məhdudlaşmamalı, humanitar qəbul imkanlarını, tibbi yardımı və müvafiq dövlət qurumları arasında koordinasiyanı da əhatə etməlidir. İqtisadi baxımdan isə ticarət əlaqələrinin zəifləməsi, nəqliyyat marşrutlarında fasilələr, sığorta və logistika xərclərinin artması mümkündür. Bütün bunların fonunda həm müsbət, həm mənfi amillər odur ki, enerji bazarlarında qiymət dəyişkənliyi Azərbaycan üçün əlavə gəlir imkanları, həmçinin iqtisadi qeyri-müəyyənlik yarada bilər. Xüsusilə regional enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Azərbaycanın xarici siyasətində balanslı mövqe, diplomatik kanalların açıq saxlanılması və beynəlxalq hüquqa əsaslanan yanaşma bu şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin ərazisinin hər hansı dövlətə qarşı hərbi məqsədlərlə istifadəsinə yol verilməməsi, eyni zamanda qonşularla münasibətlərin qorunması regional sabitliyə xidmət edən əsas prinsiplərdəndir. Beləliklə, mümkün müharibənin Azərbaycanın təhlükəsizliyinə təsiri onun miqyasından və müddətindən asılı olacaq. Əsas məsələ təhlükəni şişirtmək deyil, riskləri əvvəlcədən qiymətləndirmək, müdafiə və humanitar hazırlığı gücləndirmək, iqtisadi dayanıqlılığı qorumaq və diplomatik səylərlə münaqişənin genişlənməsinin qarşısını almağa çalışmaqdır.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi bütün mümkün risklərdən hər zaman ehtiyatlı çıxmağa və yaranan qarşıdurmalardan zərərsiz atlamağa siyasi səy göstərir”.
Rəfiqə Namazəliyeva,
Şərh yaz




