Türkiyədə Saral skandalı: Bakı etiraz etdi… – Yeni detallar üzə çıxdı – Tamilla Qulami şərh edir
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən uzaqlaşdırılması Ankara–Bakı münasibətlərində yaranmış gərginliyin siyasi nəticələrindən biri kimi dəyərləndirilir. Bu qərar onun Azərbaycan məktəblərində yeni geyim qaydalarını tənqid etməsindən sonra vəzifədən getməsi ilə əlaqələndirilir”.
Bu sözləri Globalinfo.az-a Azərbaycan Ümid Partiyasının İdarə heyətinin üzvü Tamilla Qulami deyib.
Siyasətçi xanım bildirib ki, Saral vəzifədən getmə qərarının Ərdoğanın göstərişi ilə qəbul edildiyini təsdiqləyib və Azərbaycanla münasibətlərin həssaslığını nəzərə alaraq belə qərarların normal olduğunu bildirib:
“Bununla belə, Saralın vəzifədən ayrılmasının arxasında yalnız Bakı ilə münasibətlərin dayandığını söyləmək üçün bütün siyasi motivlər açıq deyil. Çünki vəziyyət heç də Ərdoğanın müşavirini bir məsələyə görə “qurban” etməsinə bənzəmir. Hətta qardaş dövlət olsa belə. Demək ki, Saral öz vəzifə səlahiyyətlərini düzgün icra etməyib, emosiyasını siyasətinə qatıb.
Burada əsas məsələ bir müşavirin vəzifəsini itirməsi deyil, Türkiyə hakimiyyətinin Azərbaycanla münasibətlərdə hansı siyasi həssaslıqları əsas götürməsidir. Saralın açıqlamaları dini azadlıqlar və təhsil hüququ kontekstində səslənsə də, rəsmi Bakıda bu mövqe Azərbaycanın daxili işlərinə müdaxilə kimi qəbul edilib. Çünki bu fikir ayrılığı təkcə hicab məsələsi deyil, həm də dövlət suverenliyi, siyasi məsuliyyət və müttəfiqlərin bir-birinin daxili qərarlarına münasibəti məsələsidir.
Hazırda bu hadisə Türkiyənin siyasi elitasında fərqli mövqelərin və xarici siyasət prioritetlərinin toqquşması ehtimalı kimi gündəmdədir.
Xüsusilə qeyd edim ki, burada iki ölkənin strateji, iqtisadi və təhlükəsizlik maraqları ayrı-ayrı siyasi şəxslərdən daha geniş və dərindir. Buna görə də münasibətlərin taleyini bir müşavirin vəzifədən getməsi ilə müəyyənləşdirmək düzgün deyil. Əsas göstərici odur ki, biz illərlə diplomatik təmasların və tərəflərin həssas məsələlərdə qarşılıqlı hörməti qoruyub saxladığının şahidi olmuşuq. Yaxın müttəfiqlik fikir ayrılıqlarının olmaması deyil, həmin fikir ayrılıqlarının dövlətlərarası böhrana çevrilməsinin qarşısını almaq bacarığıdır”.
Turan Rzayev
Şərh yaz




