Vahid məktəbli geyimi mövzusunu siyasi müstəviyə çıxarmaq cəhdləri var – TAMİLLA QULAMİ

Vahid məktəbli geyimi mövzusunu siyasi müstəviyə çıxarmaq cəhdləri var – Tamilla Qulami
“Vahid məktəbli geyimi mövzusunu məqsədli şəkildə siyasi müstəviyə çıxarmaq istəyən qüvvələr var”
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib.
Partiya sözçüsü mövzunu siyasi fürsətçiliyə çevirməyə çalışan qüvvələrə sərt mesaj verib:
“Son günlərdə Azərbaycanda məktəblərdə vahid geyim forması və hicab məsələsi ətrafında yaranmış müzakirələrə diqqət edərkən görürük ki, sanki sözügedən məsələni məqsədli şəkildə siyasi müstəviyə çıxarmaq istəyən qüvvələr var. Halbuki bu prosesləri yalnız hicaba və ya İslama qarşı münasibət kimi qiymətləndirmək kökündən yanlışdır. Burada əsas müzakirə predmeti dövlətin dünyəvilik prinsiplərinin qorunması, təhsil mühitinin təhlükəsizliyi və dini inanclardan siyasi məqsədlər üçün istifadə edilməməsidir. Çox təəssüf ki, bu gün ölkəmizdə İslamın, inamın və imanın adından siyasi məqsədlər üçün istifadə etməyə çalışan qruplar var. Zaman-zaman bu istiqamətdə çağırışların şahidi olmuş, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan çıxışlar eşitmişik.
Qətiyyətlə düşünürəm ki, dini dəyərlərin arxasında gizlənərək cəmiyyətə təsir göstərməyə çalışan, insanları müəyyən siyasi ideologiyalar ətrafında təşkilatlandırmağa cəhd edən, dövlətin dünyəvi əsaslarına təsir etmək istəyənlər ciddi şəkildə araşdırılmalıdır. Xüsusilə də, bizi sevməyən dövlətlərin, marıqda dayanan casusların, o cümlədən İranın Azərbaycandakı dini mühitə təsir imkanları məsələsinin təhlükəsizlik və suverenlik baxımından diqqətdə saxlanılması çox vacibdir. Lakin bütün bunlara rəğmən, araşdırma o qədər şəffaf həyata keçirilməlidir ki, iddialar konkret faktlarla əsaslandırılmalı, dini inanclı insanlar bütövlükdə şübhə altına alınmamalıdırlar”.
T. Qulami Azərbaycanda dini azadlıqların qorunduğunu, bayrağımızda İslamı təcəssüm etdirən rəngin olmasını və bu mövzu ətrafında siyasi məqsəd güdənlərin xalq tərəfindən qarşılıq görməyəcəyini diqqətə çatdırıb:
“Azərbaycan bayrağının üçüncü – yaşıl rəngi İslamın rəmzidir. Bu məqamda xüsusilə qeyd etmək istəyirəm ki, Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarı hicaba qarşı deyil. Ona görə də bu qərarın tətbiqi zamanı qanunvericiliyin aydınlığı, hüquqi əsaslar və vətəndaşların hüquqlarının qorunması mütləq şəkildə təmin edilməlidir. Dünyəvi dövlət olmaq insanların dini inancına qarşı çıxmaq deyil, cəmiyyətin heç bir dini və ya ideoloji qrupun təsiri altına düşməməsini təmin etməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin din xadimləri ilə görüşündə islamofobiya məsələsinə toxunmasını yada salmaq yerinə düşər. Belə ki, islamofobiya ilə dini amildən siyasi məqsədlərlə istifadəni bir-birindən ayırmaq mütləqdir. Əgər bu gün məktəblərin qarşısında etirazlar yaranırsa, deməli, problemə vaxtında, sistemli və ardıcıl yanaşmanın vacibliyi bir daha üzə çıxır. Dövlətin atdığı addımlar cəmiyyətdə qarşıdurma yaratmamalı, bu məsələni dərinləşdirməməli, əksinə, hüquqi aydınlıq və qarşılıqlı etimad bərqərar etməlidir. Məktəblərdə açılan plakatlardakı yazılar da göstərdi ki, bu, sıravi şagirdin düşüncəsi deyil, məqsədli şəkildə qarşıdurma yaratmaq istəyənlərin əməlidir.
Mübarizə hicaba, insanların inancına, həyat tərzinə qarşı deyil, dindən siyasi məqsədlər üçün istifadə edənlərə qarşıdır. İnancdan dövlətin konstitusiya quruluşunu dəyişdirmək və ya xarici siyasi maraqları həyata keçirmək üçün istifadə olunursa, məsələ artıq dini azadlıq çərçivəsindən çıxır”.
Sonda Tamilla Qulami ölkə sərhədlərindən kənarda məktəbli geyimi mövzusundan istifadə edərək fərqli şüarlarla təxribat xarakterli aksiyalar keçirməyə cəhd edənləri bu əməllərdən çəkinməyə çağırıb:
“Qonşu ölkələrdə süni şəkildə keçirilən aksiyalara baxanda da görürük ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr fürsət güdür. ‘Kərimə dövləti’, ‘Raşidi Xilafət Dövləti’nin yaradılmasına çağırışlar da bütün bunların göstəricisidir. Məktəblərdə baş verən hadisələr göstərdi ki, bu kimi aksiyalar yalnız hicab tələbi deyil, Azərbaycanın dünyəvi dövlət quruluşuna qarşı siyasi-ideoloji çağırış platformasıdır. Azərbaycanın gələcəyi isə dünyəviliklə dini dəyərlərin qarşıdurmasında deyil, onların hüquq çərçivəsində yanaşı mövcudluğundadır. Elə bir cəmiyyət qurulmalıdır ki, hər kəs təhsil ala bilsin, öz inancını azad yaşasın və düşüncəsini sərbəst ifadə etsin. Hansısa qruplaşma və ya təşkilat dini kimlikdən istifadə edərək dövlətin müstəqilliyinə və konstitusiya quruluşuna qarşı fəaliyyət göstərməyə çalışmamalıdır. Bunu edəcəklərsə, qanuna müvafiq olaraq da cəzalarını alacaqlar!”
Şərh yaz