Moskvanın Kiyev xəbərdarlığının arxasında nə dayanır? – ANAR İSAYEV şərh edir

Moskvanın Kiyev xəbərdarlığının arxasında nə dayanır? – ANAR İSAYEV şərh edir
Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki xarici diplomatlara və vətəndaşlara şəhəri tərk etməyi tövsiyə etməsi Ukraynadakı vəziyyətlə bağlı yeni müzakirələrə səbəb olub. Moskva hərbi obyektlərə qarşı zərbələrin davam edəcəyini bildirir. Ukrayna tərəfi isə Kiyevdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin başqa şəhərlərə köçürülməsi ilə bağlı hər hansı müraciətin olmadığını açıqlayıb.
Bir tərəfin sərt xəbərdarlığı, digər tərəfin isə diplomatik missiyaların Kiyevdə fəaliyyətini davam etdirməsi müharibənin hazırkı mərhələsi ilə bağlı müxtəlif suallar doğurur.
Maraqlıdır, Rusiyanın bu addımının əsas məqsədi nədir?
Bu açıqlama Kiyevə qarşı mümkün daha intensiv hərbi əməliyyatlarla bağlı mesaj kimi qiymətləndirilə bilərmi, yoxsa Moskva bununla sadəcə xarici dövlətləri mümkün təhlükələrə görə əvvəlcədən məlumatlandırır?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev açıqlama verib.
Anar İsayev qeyd edib ki, məncə, Rusiyanın bu xəbərdarlığını yalnız xarici diplomatların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirmək düzgün olmaz:
“Moskvanın hərbi zərbələrin davam etdiriləcəyini xüsusi vurğulaması bu addımın həm hərbi, həm də siyasi-psixoloji məqsədlər daşıdığını düşünməyə əsas verir. İlk növbədə, Rusiya bununla Kiyevə və Qərb dövlətlərinə ciddi mesaj göndərir.
Yəni Moskva hərbi əməliyyatları dayandırmaq niyyətində olmadığını, zərurət yaranarsa, zərbələrin intensivliyini artırmaq imkanını özündə saxladığını nümayiş etdirir.
Xarici diplomatların şəhəri tərk etməsi ilə bağlı xəbərdarlıq həm də Kiyevdə təhlükəsizlik risklərinin artacağı barədə beynəlxalq ictimaiyyətdə təsəvvür formalaşdırmağa xidmət edə bilər. Digər tərəfdən, bu addımın praktiki və diplomatik tərəfi də var.
Rusiya mümkün hücumlar ərəfəsində xarici dövlətləri məlumatlandırmaqla, sonradan mülki şəxslərin və diplomatik nümayəndələrin təhlükə altında qalmasına görə məsuliyyətin öz üzərinə düşmədiyini göstərməyə çalışır. Bu, eyni zamanda, qarşı tərəfə müəyyən psixoloji təzyiq vasitəsidir.
Həmçinin Kiyevə qarşı daha intensiv hərbi əməliyyatların başlanacağını da istisna etmək olmaz. Lakin təkcə bu bəyanata əsaslanaraq yaxın zamanda böyükmiqyaslı hücumun baş verəcəyini iddia etmək də doğru deyil.
Bunun üçün Rusiyanın hərbi qüvvələrinin hərəkəti, raket və pilotsuz uçuş aparatlarının cəmləşdirilməsi, eləcə də konkret hədəflərlə bağlı məlumatlar nəzərə alınmalıdır.
Düşünürəm ki, burada Rusiyanın əsas məqsədi təkcə hərbi zərbələr endirmək deyil, həm də həmin zərbələrin yaratdığı siyasi və psixoloji təsirdən istifadə etmək istəyidir.
Moskva bununla Ukrayna hakimiyyətinə təzyiq göstərməyə, Qərb ölkələrinin risklərini artırmağa və müharibədə təşəbbüsün hələ də öz əlində olduğunu nümayiş etdirməyə çalışır.
Nəticə etibarilə, bu xəbərdarlıq həm təhlükəsizlik tədbiri, həm də siyasi-hərbi siqnal kimi qiymətləndirilməlidir. Bunun real hücum planının göstəricisi olub-olmadığını isə yalnız sonrakı hərbi addımlar müəyyən edəcək”.
Pərvin Şakirqızı
Şərh yaz