İstanbulda keçirilən aksiya hansı məqsədə xidmət edir? – İqbal Ağazadə açıqlayır
İstanbulda Azərbaycanın Baş Konsulluğunun qarşısında keçirilən aksiya dini mövzunun ictimai-siyasi müstəvidə yenidən gündəmə gətirilməsi baxımından diqqət çəkir. “Hicab qadağasına etiraz” adı altında təşkil olunan aksiyanın məhz Azərbaycanın diplomatik nümayəndəliyinin qarşısında keçirilməsi hadisəyə fərqli aspektlərdən yanaşmağı zəruri edir.
Burada əsas məsələ aksiyanın dini məzmunundan daha çox, belə bir təşəbbüsün hansı ictimai və siyasi mesajlar daşımasıdır.
Bu cür aksiyalar Azərbaycan–Türkiyə münasibətlərinə təsir göstərmək üçün istifadə oluna bilərmi və hadisənin arxasında hansı amillər dayanır?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı, Ümid Partiyasının rəhbəri, siyasətçi İqbal Ağazadə açıqlama verib.
İqbal Ağa-zadə bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərməkdən daha çox, bu münasibətləri zədələməyə yönəlmiş cəhdlər müşahidə olunur:
“Həm Türkiyədə, həm də Azərbaycanda müəyyən dini, etnik və ideoloji qrupların sosial şəbəkələrin imkanlarından istifadə etməklə iki ölkə arasında qarşıdurma təsəvvürü formalaşdırmağa çalışdığı görünür. Bu istiqamətdə müxtəlif yazı və materiallarla yanaşı, süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanan video məzmunlara da rast gəlinir.
Həm Yaxın Şərq proseslərində Türkiyənin rolu, həm Cənubi Qafqazda Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, həm də türk dövlətləri arasında yaxınlaşma və əməkdaşlığın dərinləşməsi bir sıra güc mərkəzlərinin və region ölkələrinin maraqlarına təsir edən amillər kimi qiymətləndirilə bilər.
Bu baxımdan Azərbaycan-Türkiyə münasibətlərində qarşıdurma görüntüsü yaratmağa yönəlmiş cəhdlərin məqsədinin iki ölkə arasında ictimai rəydə fərqli yanaşmalar formalaşdırmaq olduğu qənaəti yaranır.
Azərbaycan Respublikasının Prezidenti Ilham Aliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışının da Türkiyəyə qarşı yönəldilməsi ilə bağlı yanaşmalar səsləndirildi.
Həmin vaxt bununla bağlı mövqeyimi bildirərək qeyd etdim ki, çıxışda səsləndirilən fikirlərin hədəfi Türkiyə deyil, digər dövlətlər idi. Təəssüf ki, bu cür yanaşmalar ictimai rəyə təsirsiz ötüşmür. Halbuki ictimai rəy dövlətlərarası münasibətlərə və diplomatik proseslərə təsir göstərə bilən amillərdən biridir”.
Siyasətçi vurğulayıb ki, bununla belə, hesab edirəm ki, həm Azərbaycan Respublikasının Prezidenti, həm də Türkiyənin müvafiq dövlət qurumları bu proseslərin mahiyyətini və müxtəlif istiqamətlərdən formalaşdırılan yanaşmaların məqsədini anlayırlar:
“Bu səbəbdən belə cəhdlərin Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakterinə təsir göstərəcəyini düşünmürəm. Eyni zamanda, iki ölkə arasındakı münasibətlərin real mənzərəsini göstərən mühüm proseslər bəzən ictimai müzakirələrdə lazımi diqqəti almır.
Son günlər ərzində Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təlimlərinin keçirilməsi, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı, silah satışı ilə bağlı yeni müqavilələrin imzalanması və digər istiqamətlərdə əməkdaşlığın davam etdirilməsi bunun nümunəsidir.
Bütün bunların fonunda Prezidentin çıxışında Türkiyəyə aid olmayan məqamların bilərəkdən Türkiyə ilə əlaqələndirilməsi cəhdləri müşahidə olunur. Hesab edirəm ki, ictimaiyyətə təqdim edilən obyektiv və əsaslandırılmış məlumatlar bu cür yanaşmaların təsirini məhdudlaşdıracaq.
Dini və etnik amillərdən istifadə etməklə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmağa yönəlmiş cəhdlərin iki ölkə arasındakı mövcud əlaqələrə ciddi təsir göstərəcəyi inandırıcı görünmür”.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Şərh yaz




