Kaşif Kozinoğlunun ölümü ilə bağlı cinayət işi 15 il sonra yenidən açıldı, sözügedən işlə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanıldı.
Günlərdir, həm Türkiyə, həm də Azərbaycan mediasının gündəm mövzularından biridir.
Məlumdur ki, Kozinoğlunun Azərbaycanda olduğu zaman kəsiyi var. O, 1990-cı illərin əvvəllərində Azərbaycan Milli Ordusunun qurulmasında və Qarabağ müharibəsi dövründə xüsusi əməliyyatların təşkilində tarixi rol oynayıb.
Maraqlıdır, onun Azərbaycanda olduğu dövr də araşdırıla bilərmi?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev hüquqi və istintaq baxımından Kaşif Kozinoğlunun Azərbaycanda olduğu dövrün də araşdırılmasının mümkün olduğunu bildirib.
Lakin onun sözlərinə görə, bunun üçün onun Azərbaycandakı fəaliyyəti və ölümü ilə bağlı cinayət işi arasında əlaqəni göstərən konkret fakt və ya əsaslı şübhə yaranmalıdır:
“Burada bir neçə məqamı ayırmaq vacibdir. İşin yenidən açılması o deməkdir ki, Türkiyənin istintaq orqanları Kozinoğlunun ölümünün əvvəlki rəsmi versiyasını yenidən qiymətləndirir və yeni sübutlar, ifadələr və ya şübhəli şəxslərin verdiyi məlumatlar əsasında hadisənin digər aspektlərini araşdırırlar. Kozinoğlunun Azərbaycandakı fəaliyyəti istintaq üçün potensial əhəmiyyət daşıya bilər. Əgər onun Azərbaycanda olduğu müddətdə müəyyən şəxslərlə əlaqələri, xüsusi xidmət orqanları ilə təmasları, konkret əməliyyatları, maliyyə və ya digər əlaqələri, eləcə də Türkiyəyə qayıtmazdan əvvəl baş verən mühüm hadisələr barədə məlumatlar varsa, bunlar ölüm hadisəsinin motivi və mümkün əlaqələri baxımından araşdırıla bilər”.
Anar İsayev önəmli bir məsələyə də toxunub:
“Türkiyə Azərbaycanda müstəqil istintaq apara bilməz. Əgər Türkiyə istintaqının onun Azərbaycanda olduğu dövrə dair sualları yaranarsa, hüquqi yardım, şahidlərin dindirilməsi, sənədlərin əldə edilməsi, telefon və maliyyə məlumatlarının araşdırılması kimi məsələlər Azərbaycan hüquq-mühafizə orqanları vasitəsilə həyata keçirilə bilər. Ən mühüm məsələ isə Kozinoğlunun Azərbaycanda nə vaxt, hansı statusda və hansı fəaliyyətlərlə bağlı olmasıdır. Təkcə onun Azərbaycanda yaşamış və ya fəaliyyət göstərmiş olması həmin dövrün cinayət işi çərçivəsində avtomatik olaraq şübhəli sayılması üçün əsas deyil.
Məncə, bu məsələnin ən maraqlı tərəfi də məhz budur: əgər yeni açılmış Türkiyə istintaqında Kozinoğlunun ölümünün arxasında onun kəşfiyyat fəaliyyəti və əvvəlki əlaqələri ilə bağlı versiya araşdırılırsa, onun Azərbaycandakı fəaliyyət dövrünün də istintaq predmetinə çevrilməsi kifayət qədər məntiqli ehtimaldır. Xüsusilə də həmin dövrdə əldə etdiyi məlumatlar, qurduğu əlaqələr və apardığı əməliyyatlar sonrakı hadisələrlə əlaqələndirilə bilirsə”.
Qeyd edək ki, Kaşif Kozinoğlu 2011-ci ilin noyabrında Silivri cəzaçəkmə müəssisədində həyatını itirib. Bəzi məlumtlarda guya “Kurtlar Vadisi Pusu” serialındakı obrazın ölümündən cəmi 3 gün sonra Kozinoğlunun da vəfat etdiyi bildirilir. Lakin bu, doğru deyil, Kaşifoğlu obrazı dekabrda, yəni keçmiş MİT rəsmisinin vəfatından bir ay sonra yayımlanan 139-cu bölümdə öldürülür.
Kozinoğlunun şübhəli ölümünün məhz indi gündəmə gətirilməsi və məzarının açılması qərarı isə müxtəlif iddiaların ortaya atılmasına səbəb olub.
Məsələ ilə bağlı istintaq davam edir.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




