Qarabağ və Şərqi Zəngəzur üçün yeni iqtisadi strategiya: Hansı rayonun hansı potensialı var? – ANAR İSAYEV şərh edir
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərlərini etdiklərini bildirib. Onun sözlərinə görə, son altı ildə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və inkişaf işləri həyata keçirilib, bölgə əsl intibah dövrünü yaşayır. Hacıyev qeyd edib ki, hər səfər zamanı yeni layihələr və bu ərazilərə həyatın tədricən qayıtdığını göstərən mühüm dəyişikliklər müşahidə olunur.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin regionun sosial-iqtisadi inkişafına təsiri necə qiymətləndirilə bilər?
Böyük Qayıdış proqramı çərçivəsində əldə olunan nəticələr və qarşıdakı əsas hədəflər nələrdir?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələni yalnız tikinti və infrastruktur layihələri kimi deyil, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın iqtisadi xəritəsinə yenidən inteqrasiyası kimi qiymətləndirmək daha doğru olar:
“Son illərdə əsas dəyişiklik ondan ibarətdir ki, Qarabağda quruculuq prosesi mərhələli şəkildə “infrastrukturun bərpasından dayanıqlı iqtisadi fəaliyyətə” keçir”.
Siyasətçi bildirib ki, burada bir neçə istiqamət xüsusilə diqqət çəkir:
Nəqliyyat infrastrukturu: yeni avtomobil yolları, tunellər, hava limanları və dəmir yolu layihələri bölgənin ölkənin digər hissələri ilə əlaqəsini gücləndirir.
Enerji təminatı: yeni yarımstansiyalar, elektrik stansiyaları və bərpaolunan enerji layihələri gələcək sənaye və yaşayış məntəqələrinin dayanıqlı enerji təminatına imkan yaradır.
Sosial infrastruktur: məktəblər, xəstəxanalar, xidmət mərkəzləri, yaşayış binaları və digər obyektlərin tikilməsi insanların geri qayıtması üçün zəruri şərait formalaşdırır.
İqtisadi aktivlik: aqrar sektor, emal sənayesi, xidmətlər, turizm və logistika kimi sahələrin inkişafı bölgədə yeni iş yerlərinin yaranmasına şərait yaradır.
Regional əlaqələndirmə: Qarabağ və Şərqi Zəngəzur təkcə yaşayış əraziləri deyil, həm də Azərbaycanın gələcək logistika və iqtisadi inkişaf məkanlarından birinə çevrilir.
“Burada mühüm məqam odur ki, tikinti xərcləri gələcəkdə iqtisadi aktivliyə çevrilməlidir.
Yəni əsas göstərici yalnız neçə evin və ya yolun tikilməsi deyil, həmin ərazilərdə nə qədər insanın daimi məskunlaşması, neçə müəssisənin fəaliyyətə başlaması, nə qədər iş yerinin yaranması və yerli iqtisadiyyatın nə qədər gəlir formalaşdırması olacaq”-deyə politoloq bildirib.
Anar İsayev hesab edir ki, Böyük Qayıdış proqramının ən mühüm nəticəsi, məcburi köçkünlərin doğma ərazilərinə qayıdışının real və davamlı prosesə çevrilməsidir.
Artıq ayrı-ayrı yaşayış məntəqələrində yeni mənzillər istifadəyə verilir, məktəblər və sosial obyektlər fəaliyyətə başlayır, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyətlər bərpa olunur.
Bu baxımdan, Hikmət Hacıyevin diplomatik korpus nümayəndələri ilə Qarabağa artıq 22-ci səfərdən danışması da müəyyən mənada mühüm mesajdır. Çünki xarici diplomatların bölgəyə təkrar səfərləri bərpa prosesinin dinamikasını və əldə edilən dəyişiklikləri beynəlxalq nümayəndələrə birbaşa nümayiş etdirmək imkanı yaradır.
Anar İsayevin fikrincə, qarşıdakı növbəti mərhələdə üç məsələ xüsusilə vacib olmalıdır.
Birincisi, əhalinin sürətli və dayanıqlı məskunlaşdırılması.
İnsanların yalnız mənzillə təmin edilməsi kifayət deyil. Onların iş yeri, məktəb, səhiyyə, nəqliyyat, kommunal xidmətlər və sosial mühitlə təmin olunması lazımdır.
İkincisi. özəl sektorun bölgəyə cəlb edilməsi.
Dövlət investisiyaları ilkin mərhələdə əsas rol oynayır. Lakin uzunmüddətli perspektivdə Qarabağ iqtisadiyyatının əsas dayağı özəl investisiyalar, sahibkarlıq və yeni müəssisələr olmalıdır.
Üçüncüsü, Qarabağın regional iqtisadi mərkəzə çevrilməsi.
“Şuşa turizm və mədəniyyət, Ağdam sənaye və logistika, Füzuli ,Zəngilan və Cəbrayıl isə nəqliyyat, logistika, kənd təsərrüfatı və enerji baxımından mühüm potensiala malikdir. Bu potensialın vahid iqtisadi strategiya çərçivəsində reallaşdırılması bölgənin ümumi inkişafını sürətləndirə bilər.
Əslində, Böyük Qayıdışın uğurunu “nə qədər pul xərcləndi?” sualı ilə deyil, “bu investisiyalar nə qədər dayanıqlı iqtisadi və sosial nəticə yaratdı?” sualı ilə ölçmək daha düzgün olacaq”-deyə o bildirb.
Anar İsayev vurğulayıb ki, Qarabağın bərpasının növbəti mərhələsi artıq sadəcə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil. Məqsəd burada yeni iqtisadi həyatın formalaşdırılması, əhalinin geri qayıdışının sürətləndirilməsi və bölgənin Azərbaycanın ümumi iqtisadi sisteminə tam inteqrasiyasıdır.
Bu proses uğurla davam edərsə, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yalnız postmünaqişə bərpa nümunəsi deyil, yeni şəhərsalma, yaşıl enerji, logistika, turizm və regional iqtisadi inkişaf modelinin formalaşdığı əraziyə çevrilə bilər.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz




