150 diplomat Qarabağda: Səfərin əsas nəticələri nə oldu? – ANAR İSAYEV şərh edir
Məlum olduğu kimi, sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub.
Diplomatik nümayəndələrin regiona səfərinin yekunlarını və əldə olunan nəticələri nədən ibarətdir?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, bu səfər yalnız Qarabağ və Şərqi Zəngəzurda görülən işlərin diplomatik nümayişi kimi deyil, Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatıdır:
“11–12 sentyabr tarixlərində diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura aparılması mühüm diplomatik addımdır. Çünki diplomatların Bakıda verilən məlumatları dinləməsi ilə həmin ərazilərə gedərək real vəziyyəti öz gözləri ilə görməsi arasında ciddi fərq var. Bu baxımdan səfərin əsas siyasi mesajı belədir: Azərbaycan Qarabağda hərbi mərhələdən sonra quruculuq, reinteqrasiya və dayanıqlı inkişaf mərhələsinə keçdiyini nümayiş etdirir.
Azərbaycan üçün mühüm məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda yaranmış vəziyyətin beynəlxalq diplomatik dairələr tərəfindən düzgün qiymətləndirilməsidir. Diplomatların ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məntəqələri, infrastruktur, nəqliyyat layihələri və Böyük Qayıdış prosesi ilə tanış olması Azərbaycanın verdiyi mesajların praktiki müstəvidə təsdiqlənməsinə xidmət edir.
Burada xüsusi məqam ondan ibarətdir ki, Azərbaycan artıq Qarabağ məsələsini yalnız münaqişə və təhlükəsizlik prizmasından təqdim etmir. Gündəliyi tədricən “münaqişədən sonrakı inkişaf”, “sülh”, “iqtisadi inteqrasiya”, “regional bağlantılar” və “qayıdış” mövzularına keçirir. Bu səfərin digər mühüm tərəfi informasiya-diplomatik aspektidir”.
Anar İsayevin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyi bir dövrdə Qarabağ və sərhəd istiqamətləri ilə bağlı müxtəlif iddiaların, siyasi manipulyasiyaların və fərqli interpretasiyaların ortaya çıxması mümkündür:
“Belə şəraitdə diplomatların əraziyə aparılması “kim nə deyir?” müstəvisindən “reallıq yerində necədir?” müstəvisinə keçidi təmin edir. Bu, xüsusilə xarici ölkələrin diplomatik nümayəndələri üçün vacibdir. Onlar gördükləri mənzərəni öz hökumətlərinə və paytaxtlarına çatdırmaq imkanına malikdirlər. Beləliklə, səfər təkcə protokol tədbiri deyil, həm də Azərbaycanın diplomatik kommunikasiya strategiyasının bir hissəsidir. Səfər həmçinin Böyük Qayıdışın siyasi əhəmiyyəti nümayiş etdirilir.Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesinin ən mühüm komponentlərindən biri insanların öz doğma ərazilərinə qayıdışıdır.
Bu baxımdan diplomatların səfəri Azərbaycanın “ərazilərin bərpası” siyasətindən daha geniş bir konsepsiyanı – yaşayış məntəqələrinin yenidən qurulması, sosial-iqtisadi həyatın bərpası və əhalinin geri qayıtması prosesini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Bu, həm də Azərbaycanın sülhə yanaşmasının bir aspektini göstərir: müharibədən sonrakı mərhələdə əsas məqsəd yalnız ərazi məsələsinin həlli deyil, həmin ərazilərdə normal həyatın bərpasıdır”.
Siyasətçi qeyd edir ki, səfəri yalnız Qarabağ çərçivəsində qiymətləndirmək düzgün olmazdı:
“Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın daha geniş regional bağlantı siyasətinin mühüm hissəsinə çevrilir. Zəngəzur dəhlizi, Naxçıvan bağlantısı, Şərq-Qərb nəqliyyat marşrutları və Orta Dəhliz kontekstində bu ərazilərin iqtisadi və geosiyasi əhəmiyyəti artır. Deməli, diplomatlara göstərilən yalnız “bərpa edilmiş ərazilər” deyil, həm də gələcəkdə Azərbaycanı regionun mühüm nəqliyyat, logistika və iqtisadi qovşaqlarından birinə çevirə biləcək coğrafiyadır.
Burada daha incə siyasi məqam da var. Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin ön planda olduğu bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda həyatın bərpasının nümayiş etdirilməsi Bakının sülh prosesinə yanaşmasını da əks etdirir.
Azərbaycanın mesajı faktiki olaraq belə formalaşır:
Müharibə başa çatıb, indi əsas məsələ regionda uzunmüddətli sülhün, iqtisadi əməkdaşlığın və kommunikasiyaların qurulmasıdır.
Bu baxımdan səfər həm də beynəlxalq tərəfdaşlara Azərbaycanın postmünaqişə gündəliyini təqdim etmək vasitəsidir.
Ümumilikdə, mən 11–12 sentyabr səfərini Azərbaycanın diplomatik, informasiya və siyasi baxımdan çoxməqsədli addımı hesab edirəm.
Əgər əvvəlki illərdə Qarabağla bağlı əsas diplomatik mübarizə “münaqişənin mahiyyəti və ərazi məsələsi” ətrafında gedirdisə, hazırda gündəlik dəyişir. Azərbaycan çalışır ki, beynəlxalq diplomatik dairələrin diqqəti “Qarabağda nə baş verdi?” sualından “Qarabağda indi nə qurulur və regionun gələcəyi necə formalaşır?” sualına yönəlsin.
Məhz bu səbəbdən Hikmət Hacıyevin müşayiəti ilə diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri mənim fikrimcə, Azərbaycanın postmünaqişə reallıqlarını beynəlxalq səviyyədə institusional şəkildə təqdim etmək, Böyük Qayıdış və quruculuq prosesinə beynəlxalq diqqəti artırmaq, həmçinin sülh və regional inteqrasiya gündəliyini önə çıxarmaq baxımından əhəmiyyətli diplomatik təşəbbüsdür”.
Safura Bənnayeva
Şərh yaz




