İran ABŞ bazalarına kütləvi raket zərbələri endirdi – Qarşıdurma genişlənir – ANAR İSAYEV şərh edir

İran ABŞ bazalarına kütləvi raket zərbələri endirdi – Qarşıdurma genişlənir – ANAR İSAYEV şərh edir
Yaxın Şərqdə gərginlik daha da dərinləşir. İran Fars körfəzində ticarət gəmilərinə endirildiyini iddia etdiyi zərbələrə cavab olaraq ABŞ-nin bölgədəki hərbi hədəflərinə genişmiqyaslı raket hücumu həyata keçirdiyini açıqlayıb.
Rəsmi Tehran bunu cavab əməliyyatı kimi təqdim etsə də, Vaşinqtonun cavab zərbələrini davam etdirməsi bölgədə qarşıdurmanın yeni və daha təhlükəli mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Maraqlıdır, İranın ABŞ hərbi hədəflərinə endirdiyini bildirdiyi raket zərbələri Yaxın Şərqdə münaqişənin coğrafiyasını genişmiqyaslı regional müharibə mərhələsinə keçirə bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev açıqlama verib.
Anar İsayev qeyd edib ki, İranın ABŞ-nin hərbi obyektlərinə raket zərbələri endirdiyini bildirməsi Yaxın Şərqdəki qarşıdurmanın regional müharibəyə çevrilməsi riskini əhəmiyyətli dərəcədə artırır:
“Lakin bu, hələ avtomatik olaraq genişmiqyaslı regional müharibənin başladığı anlamına gəlmir. Burada əsas məsələ tərəflərin bundan sonra hansı həddə qədər getməsidir. İran üçün əsas məqsəd, böyük ehtimalla, ABŞ-a “birbaşa cavab verə biləcəyini” göstərmək və çəkindirmə qabiliyyətini nümayiş etdirməkdir.
Tehran eyni zamanda çalışa bilər ki, ABŞ-ı daha genişmiqyaslı quru əməliyyatına və ya İran ərazisinə uzunmüddətli hücuma cəlb etməsin.
Vaşinqton üçün isə əsas problem həm öz qüvvələrinin təhlükəsizliyini təmin etmək, həm də İranın növbəti zərbələrinin qarşısını almaqdır.
Burada ən təhlükəli məqam eskalasiyanın nəzarətdən çıxmasıdır.
Bir tərəfin cavab zərbəsi digər tərəfi daha ağır cavaba sövq etdikcə “cavab–əks-cavab” zənciri yarana bilər. Xüsusilə ABŞ-ın İraqdakı, Suriyadakı və Körfəz ölkələrindəki hərbi infrastrukturu, eləcə də İsrail və İranın regional tərəfdaşları qarşıdurmanın yeni cəbhələrinə çevrilə bilər.
Hadisələrin bundan sonrakı inkişafı bir neçə istiqamətdə ola bilər.
Mənim düşüncəmə görə ən real ssenari məhdud eskalasiyadır.Yəni tərəflər bir-birinə ciddi zərbələr endirsə də, qarşıdurmanı müəyyən həddə saxlayırlar.
İran ABŞ-nin hərbi obyektlərini hədəfə alır, ABŞ isə İranın raket və PUA infrastrukturu ilə yanaşı müəyyən hərbi obyektlərini vurur. Bundan sonra diplomatik kanallar işə düşür.
Ancaq regional müharibəyə keçid də istisna edilmir. Belə ki, əgər ABŞ-nin hərbi itkiləri çox olarsa və Vaşinqton İran ərazisində daha geniş əməliyyata qərar verərsə, Tehran cavabı genişləndirə bilər.
Bu halda İraq, Suriya, Livan, Yəmən və Fars körfəzi istiqamətlərində paralel hücumlar başlaya bilər. Belə bir vəziyyətdə münaqişə artıq İran–ABŞ qarşıdurması çərçivəsindən çıxaraq, çoxmərkəzli regional müharibəyə çevrilə bilər.
Diplomatik “çıxış qapısı”da mümkündür. Tərəflər hərbi güc nümayişindən sonra qarşılıqlı şəkildə eskalasiyanı dayandırmağa çalışa bilərlər. Burada Oman, Qətər, Pakistan hətta Türkiyə kimi vasitəçilərin rolu xüsusilə əhəmiyyətli ola bilər.
Mənim qiymətləndirməmə görə, regional müharibə riski əvvəlkindən daha yüksəkdir, lakin onun qaçılmaz olduğunu söyləmək hələ tezdir. Əsas təhlükə tərəflərdən hər hansı birinin müharibəni əvvəlcədən planlaşdırılmamış şəkildə genişləndirəcək addım atmasıdır.
Xüsusilə ABŞ hərbçilərinin kütləvi şəkildə öldürülməsi, İranın yüksək səviyyəli siyasi və hərbi rəhbərliyinə zərbə, İsrailə və ya Körfəz ölkələrinə geniş hücum, yaxud Hörmüz boğazının faktiki bağlanması “qırmızı xətt”lərin keçilməsi və müharibənin yeni mərhələyə daxil olması ehtimalını kəskin artırar.
Bu səbəbdən qarşıdakı dövrdə əsas sual “tərəflər zərbədən sonra eskalasiyanı hansısa nöqtədə dayandıra biləcəklərmi?” sualıdır.
Pərvin Şakirqızı
Şərh yaz