ABŞ üç cəbhədə sıxılır: İran, Rusiya və Çin arasında seçim məcburiyyəti – Anar İsayev şərh edir
ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqdəki hərbi qüvvələrin xidmət müddətini uzatması Vaşinqtonun İranla qarşıdurmanın uzun müddət davam edə biləcəyi ssenarisinə hazırlaşdığını göstərir. Bölgədə təxminən 50 min ABŞ hərbçisinin, hərbi gəmilərin və hava hücumundan müdafiə qüvvələrinin saxlanılması hərbi gərginliyin miqyasını artırır. Uzunmüddətli yerləşdirmə ABŞ ordusunun resurslarına əlavə yük yaratmaqla yanaşı, Vaşinqtonun digər regionlardakı hərbi imkanlarına da təsir göstərə bilər.
ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrin xidmət müddətini uzatması İranla qarşıdurmanın genişlənməsi ehtimalını artırırmı?
Uzunmüddətli hərbi yerləşdirmə ABŞ-ın digər regionlardakı hərbi imkanlarını zəiflədə bilərmi?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ Müdafiə Nazirliyinin Yaxın Şərqdə yerləşən hərbi kontingentin xidmət müddətini uzatması Vaşinqtonun İranla qarşıdurmanı qısamüddətli böhran kimi deyil, daha uzunmüddətli təhlükəsizlik problemi kimi qiymətləndirdiyini göstərən mühüm siqnaldır.
Bölgədə on minlərlə ABŞ hərbçisinin, hərbi gəmilərin, aviasiyanın və hava hücumundan müdafiə sistemlərinin saxlanılması Vaşinqtonun həm mümkün İran hücumlarına hazırlaşdığını, həm də müttəfiqlərini qorumaq imkanlarını gücləndirdiyini göstərir.
“Lakin bu qərarı avtomatik olaraq, ABŞ-ın İranla genişmiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndirmək düzgün olmazdı. Əksinə, burada iki paralel məqsəd görünür: hərbi hazırlığı yüksək səviyyədə saxlamaq və bununla İranı daha geniş eskalasiyadan çəkindirmək.
Bununla belə, hərbi qüvvələrin uzun müddət bölgədə saxlanılması paradoksal şəkildə eskalasiya riskini də artıra bilər. ABŞ hərbi infrastrukturu İran üçün potensial hədəflərin sayını artırır. İran və ona bağlı qüvvələrin ABŞ bazalarına, hərbi gəmilərinə və ya regiondakı müttəfiqlərinə ciddi hücumu Vaşinqtonun daha sərt cavab verməsinə səbəb ola bilər. Belə bir qarşılıqlı zərbə mexanizmi isə ilkin olaraq məhdud xarakter daşıyan qarşıdurmanı daha geniş regional müharibəyə çevirə bilər”, – deyə o bildirib.
Anar İsayev vurğulayıb ki, burada əsas təhlükələrdən biri yanlış hesablamadır.
Tehran ABŞ-ın hərbi mövcudluğunu təzyiq vasitəsi kimi, Vaşinqton isə İranın hərbi hazırlığını təhlükə kimi qəbul etdikcə tərəflərdən birinin atdığı addım digər tərəfin daha sərt cavabına səbəb ola bilər. Bu baxımdan Yaxın Şərqdə hərbi qüvvələrin artırılması həm çəkindirmə mexanizmi, həm də potensial eskalasiya faktoru kimi çıxış edir: “İkinci mühüm məsələ ABŞ-ın digər regionlardakı hərbi imkanlarına təsirdir. ABŞ eyni vaxtda üç əsas strateji istiqamətdə – Yaxın Şərq, Avropa və Hind-Sakit okean regionunda – hərbi resurslarını bölüşdürməli olur. Yaxın Şərqdə uzunmüddətli hərbi əməliyyat və ya yüksək səviyyəli hazırlıq ABŞ-ın aviasiya, hava hücumundan müdafiə sistemləri, hərbi gəmilər, kəşfiyyat vasitələri, yanacaq və yüksək dəqiqlikli sursat ehtiyatları üzərində əlavə təzyiq yarada bilər”.
Siyasətçinin fikrincə, xüsusilə Hind-Sakit okean istiqaməti Vaşinqton üçün strateji əhəmiyyət daşıyır. ABŞ-ın uzunmüddətli əsas rəqibi kimi Çinlə rəqabət Vaşinqtonun diqqət mərkəzində qalır. Əgər Yaxın Şərq böhranı uzun müddət davam edərsə, ABŞ-ın Asiya-Sakit okean regionunda qüvvə və resursların cəmləşdirilməsi imkanları müəyyən dərəcədə məhdudlaşa bilər.
“Avropa istiqamətində də oxşar vəziyyət mövcuddur. Rusiya-Ukrayna müharibəsi, NATO-nun şərq cinahının müdafiəsi və Avropanın təhlükəsizliyi ilə bağlı öhdəliklər ABŞ-dan əhəmiyyətli hərbi resurs tələb edir. Buna görə Yaxın Şərqdə uzunmüddətli gərginlik Vaşinqton üçün təkcə regional deyil, həm də qlobal resurs bölgüsü problemi yaradır”, – deyə o vurğulayıb.
Anar İsayevin fikrincə, ABŞ-ın hərbi imkanlarının zəifləməsi ifadəsini də ehtiyatla işlətmək lazımdır. ABŞ dünyanın ən böyük hərbi-logistika sistemlərindən birinə malikdir və müxtəlif regionlar arasında qüvvə və resursların yenidən bölüşdürülməsi imkanları kifayət qədər genişdir. Ona görə Yaxın Şərqdə əlavə hərbi yük avtomatik olaraq ABŞ-ın Çin və ya Rusiya qarşısında hərbi üstünlüyünü itirməsi demək deyil.
Anar İsayev hesab edir ki, əsas problem qarşıdurmanın müddətidir. Bir neçə həftəlik və ya bir neçə aylıq yüksək hərbi hazırlıq ABŞ üçün idarəolunan ola bilər. Lakin İranla qarşıdurma uzunmüddətli müharibəyə çevrilərsə, sursat ehtiyatlarının sürətli tükənməsi, hərbi texnikanın aşınması, şəxsi heyətin rotasiyası və maliyyə xərclərinin artması Vaşinqton üçün ciddi strateji yükə çevrilə bilər.
“ABŞ-nin Yaxın Şərqdə hərbi qüvvələrinin xidmət müddətini uzatması İranla qarşıdurmanın genişlənəcəyinə dair birbaşa sübut deyil, lakin Vaşinqtonun böhranın uzun çəkə biləcəyi ehtimalını ciddi qəbul etdiyini göstərir. Bu addım bir tərəfdən İranı çəkindirmək məqsədi daşıyır, digər tərəfdən isə bölgədə qarşılıqlı hərbi təmasların artması səbəbindən eskalasiya riskini yüksəldir”, – deyə o bildirib.
Anar İsayev deyib ki, ABŞ üçün ən böyük strateji problem isə Yaxın Şərqdə müharibəyə cəlb olunmaqdan daha çox, eyni vaxtda bir neçə cəbhədə resurslarını bölüşdürmək məcburiyyətində qalmaqdır. İranla qarşıdurmanın uzun müddət davam etməsi Vaşinqtonu Yaxın Şərq, Rusiya və Çin istiqamətləri arasında daha çətin seçimlər qarşısında qoya bilər: “Bu səbəbdən Vaşinqtonun əsas məqsədinin genişmiqyaslı İran müharibəsi deyil, hərbi üstünlük vasitəsilə İranı çəkindirmək, müttəfiqlərini qorumaq və mümkün qədər qarşıdurmanı idarəolunan çərçivədə saxlamaq olduğunu düşünmək daha əsaslıdır”.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz




