Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa hazırlaşır? – Tamilla Qulami şərh edir
Son günlərdə Rusiyanın hərbi bazasını Ermənistandan çıxarması məsələsi gündəmdədir.
Üstəlik, Rusiya Prezidenti Vladimir Putin də məsələyə münasibət bildirirərək, “Əgər Ermənistan Rusiya hərbi bazasına artıq ehtiyac olmadığına inanırsa, hətta sabah belə çıxmağa hazırıq” açıqlamasını verdi. Onun bu sözlərinə Ermənistanın Baş naziri Nikol Paşinyandan da cavab gecikmədi. Paşinyan “Əgər Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq qərarına gəlsə, etiraz etməyəcəyik” bəyanatını səsləndirdi.
Maraqlıdır, bu məsələnin indi gündəmə gəlməsinə səbəb nədir? Yaxın perspektivdə Rusiya bazasının Ermənistandan çıxarılması gözlənilə bilərmi?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası ətrafında son bəyanatları təkcə hərbi obyektin taleyi demək deyil:
“Burada daha geniş geosiyasi proses – Rusiya ilə Ermənistan arasında təhlükəsizlik münasibətlərinin əvvəlki modeldən çıxması özünü açıq şəkildə göstərir. Rusiya Prezidenti Vladimir Putinin “Ermənistan bazaya ehtiyac duymursa, hətta sabah çıxarıq” mesajı ilk baxışda Moskvadan geri addım təsiri bağışlasa da, əslində siyasi məsuliyyəti İrəvanın üzərinə qoyan açıqlamadır.
Putin eyni zamanda “erməni xalqı Rusiya hərbi mövcudluğunu istəyirsə, qalacağıq” deyərək, məsələnin ikitərəfli razılaşmadan daha çox siyasi seçim xarakteri daşıdığını vurğuladı. Paşinyan da bazanın mövcudluğunu “həyati zərurət” saymadığını, Rusiya çıxmaq qərarı versə, buna etiraz etməyəcəklərini, lakin İrəvanın indiyədək bazanın çıxarılması məsələsini qaldırmadığını bildirib.
Bu, əslində çox ehtiyatlı diplomatik yanaşmadır. İrəvan Moskvanı çıxmağa dəvət etməsə də, bazanın qalmasını da Ermənistanın təhlükəsizlik siyasətinin dəyişməz şərti kimi görmür”.
Onun sözlərinə görə, hazırkı mərhələdə əsas hədəf bazanı dərhal çıxarmaq deyil, tərəflərin gələcək münasibətlərinin çərçivəsini müəyyənləşdirməkdir:
“Ermənistan son illərdə Rusiya ilə hərbi-siyasi bağlarını zəiflədərək, Qərblə təhlükəsizlik və siyasi əməkdaşlığını genişləndirir. Belə şəraitdə Gümrüdəki baza Moskva üçün əvvəlki strateji funksiyasını müəyyən qədər itirir. Digər tərəfdən, Rusiyanın bazanı könüllü şəkildə bağlaması Cənubi Qafqazda hərbi iştirakının və təsir imkanlarının azalması deməkdir. Buna görə Moskvanın da bu addımı yalnız Ermənistanın siyasi iradəsi tam aydınlaşdıqdan sonra atması daha məntiqli görünür. Rusiya Cənubi Qafqazdan əsla çıxmaq istəmir.
Yaxın zamanda real çıxarılma ehtimalını artıran əsas faktor liderlərin məsələni açıq şəkildə müzakirəyə çıxarmasıdır. Lakin hazırda bunun üçün zəruri olan siyasi və hüquqi prosedurların başladığına dair siqnal yoxdur. Əksinə, Paşinyanın belə müzakirə olmayıb deməsi göstərir ki, söhbət hələ qərardan yox, mümkün qərarın siyasi çərçivəsinin hazırlanmasından gedir”.
Ekspert düşünür ki, Rusiya bazasının yaxın həftələrdə Ermənistandan çıxarılması ehtimalı çox aşağıdır:
“Lakin orta müddətli perspektivdə onun taleyinin dəyişməsi artıq real ssenaridir. Əgər Ermənistanın Qərblə təhlükəsizlik əməkdaşlığı dərinləşsə və Rusiya ilə münasibətlərdə yeni böhran yaransa, Gümrü bazasının saxlanmasının siyasi məntiqi daha da zəifləyəcək.
Əksinə, Moskva və İrəvan münasibətlərində müəyyən normallaşma baş verərsə, baza hələ uzun müddət qala bilər. Fikrimcə, hazırda tərəflər daha çox bir-birinin mövqeyini yoxlayır və siyasi məsuliyyəti qarşı tərəfin üzərinə qoyur”.
Tamilla Qulami əlavə edib ki, Rusiya üçün bazanın çıxarılması Cənubi Qafqazdakı hərbi-siyasi mövcudluğunun zəifləməsi deməkdir:
“Ancaq indiki bəyanatlar mühüm siyasi siqnaldır. Əgər tərəflər arasında münasibətlər daha da pisləşərsə və Ermənistan Qərblə təhlükəsizlik əməkdaşlığını institusional səviyyəyə çıxararsa, 102-ci bazanın gələcəyi real danışıqlar mövzusuna çevrilə bilər. Bu baxımdan məsələ sadəcə bir hərbi obyektin taleyi deyil, Cənubi Qafqazda Rusiyanın geosiyasi rolunun gələcəyi ilə bağlı daha böyük prosesin göstəricisidir”.
Elmir Mustafa
Şərh yaz




