Bu gün Azərbaycanın atdığı addımlar Rusiyanın əlini Cənubi Qafqazda gücsüzləşdirir – Tamilla Qulami şərh edir
Rusiyada Azərbaycan diasporunun rəhbərlərindən biri olan Ruslan Məmmədovun Perm diyarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb. Onun 7 oktyabr 2026-cı ilədək həbsdə qalacağı bildirilir. Bu hadisə Rusiyada yaşayan azərbaycanlıların hüquqları və diaspor nümayəndələrinin fəaliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir.
Ruslan Məmmədovun saxlanılması Rusiyada soydaşlarımıza və Azərbaycan diasporuna münasibət baxımından hansı mənzərəni ortaya qoyur?
Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı müharibəsində, o cümlədən mülki əhaliyə qarşı hücumlarda sərgilədiyi mövqeni də nəzərə aldıqda, bu hadisə Moskvanın insan hüquqları və milli azlıqlara münasibəti barədə nə deyir?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami açıqlama verib.
Siyasətçi qeyd edib ki, verilən məlumatlara əsasən, Ruslan Məmmədov Permdə rüşvətə vasitəçilik ittihamı ilə saxlanılıb:
“Məhkəmə onun həbsini 7 oktyabr 2026-cı ilədək qüvvədə saxlayıb və Rusiyaya girişinə 2076-cı ilədək qadağa qoyub. Amma bir məsələni də qeyd etmək lazımdır ki, bu ittihamların məhkəmə tərəfindən yekun olaraq təsdiqlənmədiyi də bildirilir.
Zənnimcə, Ruslan Məmmədovun saxlanılması təkcə konkret bir şəxslə bağlı hüquqi məsələ deyil. Əlbəttə ki, əgər bir şəxsin konkret cinayət törətməsi ilə bağlı əsaslı şübhələr varsa, onun milliyyətindən və diaspor statusundan asılı olmayaraq qanun qarşısında məsuliyyətə cəlb edilməsi normal hüquqi prosesdir.
Lakin məsələni daha geniş kontekstdə nəzərdən keçirsək və Rusiyanın qeyri-rus millətlərinə qarşı yanaşmasını da xatırlasaq, görərik ki, azərbaycanlılara və ümumilikdə milli diasporlara münasibətlə bağlı ciddi narahatlıqlar hökm sürür.
Xüsusilə də 2025-ci ildə Yekaterinburqda azərbaycanlıların saxlanılması zamanı iki nəfərin qətlə yetirilməsi və ardınca Rusiya ilə Azərbaycan arasında yaranmış diplomatik gərginlik göstərdi ki, söhbət artıq ayrı-ayrı kriminal hadisələrdən deyil, milli mənsubiyyət amilinin hüquq-mühafizə proseslərində necə qəbul edilməsindən gedən daha böyük problemdən gedir.
“Amnesty International” da həmin dövrdə Rusiyada azərbaycanlı diaspor nümayəndələrinin kütləvi saxlanılması, işgəncə və digər pis rəftarla bağlı məlumatların araşdırılmasına çağırmışdı.
Çox təəssüflər olsun ki, 2024-cü il dekabrın 25-də AZAL təyyarəsinin faciəvi şəkildə vurulmasından sonra belə Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, sadəcə bu ağır hadisənin öz səmasında baş verdiyi üçün üzr istədi, başqa heç nə. Həmin vaxtdan bu günədək də biz Rusiyanın fərqli qurum və telekanalları vasitəsilə ölkəmizə qarşı əsassız hücumların şahidiyik.
Ruslan Məmmədovun işi ilə bağlı da ən vacib şərt təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə və müdafiə hüququnun təmin edilməsi olmalıdır.
Amma əgər milli diasporun tanınmış nümayəndəsinin saxlanılması nümayişkaranə şəkildə, təzyiq və qorxutma atmosferində həyata keçirilirsə, bu artıq yalnız hüquqi deyil, siyasi narahatlıq da doğurur.
Məhz burada daha geniş mənzərəni də unutmamalıyıq. Ukraynaya qarşı müharibə dövründə Rusiyanın işğal olunmuş ərazilərdə və Rusiya ərazisində saxlanılan ukraynalı mülki şəxslərə və hərbi əsirlərə münasibəti ilə bağlı beynəlxalq qurumlar çoxsaylı ciddi pozuntular sənədləşdiriblər”.
Tamilla Qulami vurğulayıb ki, Ruslan 2026-cı ilin iyulunda Avropa İttifaqı Ukrayna ərazisində və Rusiyada ukraynalı hərbi əsirlərə və mülki şəxslərə qarşı ciddi insan hüquqları pozuntularına görə şəxslərə sanksiyalar tətbiq edib:
“BMT-nin son məlumatları isə minlərlə ukraynalı mülki şəxsin Rusiyada və işğal olunmuş ərazilərdə saxlanıldığını, işgəncə və pis rəftar hallarının geniş yayıldığını bildirir. İnsan hüquqları milliyyətə, vətəndaşlığa, siyasi baxışa və dövlətlərarası münasibətlərə görə dəyişməməlidir.
Ukraynalı mülki şəxsin hüququ nə qədər toxunulmazdırsa, Rusiyada yaşayan azərbaycanlının hüququ da bir o qədər toxunulmaz olmalıdır. Bir xalqın hüquqlarının müdafiəsini tələb edib, digər xalqın hüquqlarına göz yummaq prinsipial mövqe deyil.
Rusiya milyonlarla azərbaycanlının və digər Qafqaz xalqlarının yaşadığı federativ dövlətdir. Bu insanlar Rusiya iqtisadiyyatına, ictimai həyatına və cəmiyyətinə hər gün töhfə verirlər. Onlara sadəcə miqrant, diaspor nümayəndəsi və ya potensial təhlükə kimi yanaşmaq cəmiyyətdə ayrı-seçkilik və qorxu mühiti yaradır.
Eyni zamanda, bütün diaspor nümayəndələri də bilməlidirlər ki, diaspor statusu heç kimə qanundan üstün olmaq imtiyazı vermir. Əgər konkret şəxs cinayət törədibsə, cavab verməlidir. Eyni prinsip Rusiya dövlətinə də aiddir. Dövlət gücündən istifadə edən qurumlar qanundan üstün deyil və milli mənsubiyyətə görə kollektiv cəzalandırma, təzyiq və ya qorxutma yolverilməzdir.
Bu baxımdan, Ruslan Məmmədovun işi üzrə əsas tələbimiz şəffaf istintaq, açıq məhkəmə, təqsirsizlik prezumpsiyası və hüquqi müdafiə imkanlarının tam təmin edilməsidir. Azərbaycan dövləti və diaspor təşkilatları da emosional bəyanatlardan daha çox hüquqi mexanizmlərdən istifadə etməlidir.
Azərbaycan olaraq bizim mövqeyimiz də aydındır. Rusiyada yaşayan soydaşlarımızın hüquqları qorunmalıdır! Hüququn universallığı məhz bundan ibarətdir. Təəssüf ki, Rusiyada hüququn hansı dərəcədə dəyərləndirildiyi də sual altındadır… Azərbaycan hər zaman region və qonşu dövlətlərlə münasibətlərində bütün istiqamətlərdə balansı qoruyub saxlayıb.
Rusiyada azərbaycanlı diaspor nümayəndələrinə qarşı son dövrlərdə baş verən haqsızlıqlar bir daha göstərir ki, Moskvanın insan hüquqları məsələsində beynəlxalq səviyyədə bəyan etdiyi prinsiplər boşdur.
Çox təəssüflər olsun ki, getdikcə aqressivləşən Rusiya hökuməti qanunun aliliyindən kənar addımlar atır, ona düşmən mövqeyi sərgiləməyən, tarixən Kremlin etdiklərinə rəğmən ona normal münasibət bəsləyən Azərbaycana qarşı əsassız və sərsəm addımlar atır.
Düşünürəm ki, Rusiya rəsmiləri bu istiqamətdə adekvat addımlar atmır, yaxın zamanda da atacağını düşünmürəm. Get-gedə regionda güc dövlətlərinin bir masa arxasında əyləşdiyi Azərbaycanın gücü Rusiyanı qorxudur, Cənubi Qafqazda əlini gücsüzləşdirir. Ona görə də Rusiya hər vəchlə Azərbaycanı öz yanına çəkməyə, təhdid etməyə, dilemma qarşısında qoymağa çalışır.
Amma Rusiya da unutmamalıdır ki, Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil. Azərbaycan bu gün öz suverenliyini və ərazi bütövlüyünü təmin edən ölkədir. Bu səbəbdən də düşünürəm ki, Azərbaycan Rusiyadan ən düzgün mövqe və ən doğru yol olaraq, hüququn, insan ləyaqətinin və milli mənsubiyyətindən asılı olmayaraq hər bir şəxsin fundamental hüquqlarının müdafiəsini tələb edəcək, xüsusilə də öz ölkə insanının…”.
Pərvin Şakirqızı
Şərh yaz




