NATO Rusiya ilə müharibəyə hazırlaşır? – ANAR İSAYEV şərh edir

NATO Rusiya ilə müharibəyə hazırlaşır? – Anar İsayev şərh edir
NATO-nun son dövrlərdə hərbi imkanlarını genişləndirməsi, xüsusilə Şərqi Avropada müdafiə qabiliyyətini gücləndirməsi və üzv dövlətlərin müdafiə xərclərini artırması istər-istəməz belə bir sual doğurur: NATO Rusiya ilə mümkün müharibəyə hazırlaşır?
Yaranan sualları Moderator.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev cavablandırıb.
Siyasətçi qeyd edib ki, hesab edirəm ki, burada mühüm bir fərq qoymaq lazımdır. NATO-nun hazırlaşdığı əsas məsələ Rusiya ilə müharibəyə başlamaq deyil, Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazır olmaqdır:
“Bu, xüsusilə Ukrayna müharibəsindən sonra Avropanın təhlükəsizlik arxitekturasında baş verən ciddi dəyişikliklərin nəticəsidir. NATO Rusiyanı hazırda özünün əsas təhlükəsizlik çağırışı kimi qəbul edir. Alyansın Şərq cinahında – xüsusilə Polşa və Baltikyanı ölkələr istiqamətində – hərbi infrastrukturun, hava hücumundan müdafiə imkanlarının və qoşunların gücləndirilməsi də məhz mümkün Rusiya təhdidinin qarşısını almağa hesablanıb.
Burada əsas məqsəd çəkindirmədir. NATO Rusiyaya göstərmək istəyir ki, alyansın hər hansı üzvünə qarşı hərbi addım atılacağı təqdirdə bunun kollektiv cavabı olacaq. Başqa sözlə, NATO-nun hərbi hazırlığının artması mütləq şəkildə müharibə istəyinin göstəricisi deyil.
Əksinə, Qərbin hesablamasına görə, güclü müdafiə və yüksək hazırlıq səviyyəsi müharibənin qarşısını ala bilər.
Lakin problemin digər tərəfi də var. Rusiya NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun güclənməsini öz təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirir. NATO isə Rusiyanın hərbi siyasətini Avropa üçün təhlükə hesab edir. Beləliklə, qarşılıqlı təhlükə qavrayışı və hərbi hazırlıq spiralı yaranır.
Ən ciddi risk də məhz bundan qaynaqlanır. Tərəflərdən heç biri birbaşa müharibə istəməsə belə, Ukrayna müharibəsi ətrafında baş verə biləcək hər hansı ciddi insident NATO-Rusiya qarşıdurmasına səbəb ola bilər. Xüsusilə Baltik və Qara dənizlərdə, hava məkanında və ya NATO ərazisinə raket və dronların düşməsi kimi hadisələr eskalasiya riskini artıra bilər”.
Anar İsayev vurğulayıb ki, digər mühüm məqam ondan ibarətdir ki, NATO daxilində də Rusiya ilə birbaşa müharibəyə münasibət tamamilə eyni deyil:
“ABŞ və Şərqi Avropa ölkələri Rusiya təhlükəsinə daha sərt yanaşdığı halda, bəzi Qərbi Avropa dövlətləri hərbi çəkindirmə ilə yanaşı diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayırlar. Bu baxımdan, indiki mərhələdə “NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır” ifadəsi müəyyən mənada həqiqəti əks etdirsə də, siyasi baxımdan tam dəqiq deyil. Daha düzgün ifadə budur: NATO Rusiya ilə mümkün müharibə ssenarisinə hazırlaşır, lakin əsas məqsədi həmin müharibənin başlamasının qarşısını almaqdır.
Əslində, qarşıdakı dövrdə əsas mübarizə yalnız Ukrayna ərazisində deyil, həm də Avropanın yeni təhlükəsizlik sisteminin necə formalaşacağı uğrunda gedəcək. Əgər tərəflər arasında hərbi çəkindirmə ilə yanaşı diplomatik kanallar da işlək saxlanılarsa, böyükmiqyaslı NATO-Rusiya müharibəsinin qarşısını almaq mümkündür.
Əks halda, qarşılıqlı hərbi hazırlığın artması yanlış hesablamalar və təsadüfi insidentlər nəticəsində təhlükəli eskalasiya yarada bilər.
Nəticə etibarilə, bu gün NATO-nun siyasətini hücuma hazırlıqdan daha çox “müharibəni önləmək üçün müharibəyə hazır olmaq” strategiyası kimi qiymətləndirmək daha doğru olar.
Lakin paradoks ondadır ki, tərəflər öz təhlükəsizliklərini artırdıqca, qarşı tərəfdə təhlükə hissi də artır və bu, Avropada yeni və daha təhlükəli hərbi-siyasi qarşıdurma mühitinin formalaşmasına gətirib çıxarır”.
Pərvin Şakirqızı
Şərh yaz