İqbal Ağa-zadə TƏHSİLİN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN AMİLLƏRDƏN YAZIB…
Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir.
Təhsil fundamental, məqsədli, gələcəyə yönəlik olmalıdır.
Müasir Azərbaycan təhsili bu tələblərə cavab verirmi?
Acı həqiqət budur ki, ölkənin təhsil sistemi bərbad, məqsədsizdir və fundamental deyil. Hər il təhsil siyasətimiz dünya təhsilindən bir az da uzaqlaşır.
Təhsilin birinci məqsədi bilikli insan yetişdirməkdir. Bilikli insan yetişdirmək üçün dərs verən özü savadlı və pedoqoji vərdişlərə malik olmalıdır.
Azərbaycan təhsilində həm bilikli müəllim problemi, həm də pedoqoji vərdiş sorunları var.
Uzun illər, Azərbaycan təhsili ən zəif kadrlardan təşkil olunmuşdu. Rüşvət ali məktəblərə qəbulda, təhsil prosesində savadsız kadrların yetişməsinə səbəb olmuş, ən zəif qiymətlərlə institutları bitirən şəxslər sonda orta məktəblərdə dərs demişlər. (Bu proses hələ də davam edir)
Kütləvi “diplom siyasəti” insanları övladlarını rüşvətlə ali məktəblərə daxil olmağa sövq edirdi. Qoyununu, inəyini satanlar bir tanış tapıb, övladını harasa “düzəldirdi”. Məktəblərdə kütləvi savadsızlığın əsası burdan qoyuldu. Kimsə nə təəccüb, nə də etiraz etsin.
Kəndlərimizdə, qohum-əqrəbamızda nə qədər desəniz, belə diplomlu “savadsızlar” olub. Bu heç də onların günahı deyildi. Sadəcə sovet dövrünün ağır həyat şəraiti və yalançı kommunizm ideolojisi insanları bu cür tərbiyə etmişdi. Kənddə diplomsuz bir kənd qızının taleyini düşündünüzmü? Ya pambıq tarlası, ya üzüm bağının sonsuz əzabları ilə üz-üzə qalmaq elə də xoş gələcək vəd etmirdi. Sovet idarəçiliyi və sistem insanları buna məcbur edirdi. Beləliklə, o illərdən məktəblərimiz savadsız kadrlarla yüklənməyə başladı.
Heç kəs bizi Rusiya, Baltikyanı ölkələrlə, Ukrayna, Belarusla müqayisə etməsin. Heç Gürcüstan və Ermənistan da bizimlə eyni deyildi. Orta Asiya respublikaları və Azərbaycan sovet quruluşunun içində quldarlıq dövrünü yaşayırdı. (Buna nə qədər desəniz, misallar çəkmək olar)
Müstəqillikdən sonra orta məktəblərdə kadr bazasının zəifliyi ilə yanaşı, müəllimlərin əmək haqqının aşağı olması faktı savadlı insanları məktəblərdən bir qədər də uzaqlaşdırdı. Qəbul prosesində sistem bütövlükdə dəyişsə də, əməyin qiymətləndirilməməsi savadlı şəxsləri məktəbdən qaçırtdı. Bu o demək deyil ki, məktəblərimizdə savadlı müəllimlərimiz yox dərəcəsindədir, əsla. Savadlı müəllimlər sadəcə yaşayışını təmin etmək üçün repetitorluq işinə başladılar. Dərslər siniflərdən evlərə keçdi.
Birinci səbəb kadr qıtlığıdır.
Azərbaycan təhsili Boloniya sistemi ilə Sovet sisteminin arasında qaldı. Təhsilin məqsədi, fəlsəfəsi itdi. Gələcəyə yönəlik təhsil siyasəti planlaşdırılmadı. Dərs vəsaitləri yarımçıq, qeyri-müəyyən materiallarla dolduruldu. Orta məktəb dərsliklərinin yükü düzgün müəyyən olunmadı. Ümümorta təhsilin fəlsəfəsini nə hökümət, nə də müvafiq nazirlik anlaya bilmədi. Şagirdlər az qala 8-ci sinifdən özlərinə ixtisas seçməyə və ona müvafiq də fənnlər üzrə hazırlaşmağa başladılar. Nəticədə, orta məktəbin son siniflərinin şagirdləri ancaq repetitor yanına qaçmağa başladı. Bilik siyasətindən çox, qiymət, bal siyasətinə yuvarlanan təhsil sistemimiz yarandı.
Orta ümumtəhsilin gerçək fəlsəfəsi sualına kimsə cavab tapmağa çalışmadı. Məktəblərdə ibtidai, icbari, orta ümumtəhsil bölgüsü formalaşdıran nazirlik və hökumət bunun nə demək olduğunu hələ də anlamadan, az qala məktəblərdə ixtisas seçiminə yaxın dərs proqramı səviyyəsində tədris kursu keçməklə məşğuldur.
İkinci səbəb təhsil fəlsəfəsinin olmamasıdır.
Ölkə idarəetməsində, kadr seçimində daim neqativlərin mövcudluğu, yerlibazlıq, qohumbazlıq prinsiplərinə üstünlük verilməsi, rüşvətin kadr seçiminə hələ də təsir etməsi savad, bilik meyarını arxa plana keçirib.
İnsanlar idarəetmədə iştirakını savadında deyil, əlaqə və imkanlarında axtarır. Bu da fundamental bilik almasına geniş mənada böyük maneələr törədir. Çox az adam tapılar ki, savadı və biliyi ilə haralarasa yüksələ bilsin.
Xaricdə təhsil alanların əksəriyyəti isə daha çox idarəetmədə vəzifə tutan şəxslərə bağlı olanlardır. Müstəqil, öz hesabına xaricdə təhsil alanların çoxu isə ölkəyə qayıtmır və ya qayıdıb, iş tapmaqda çətinlik çəkərək, yenidən ölkəni tərk etməyə məcbur olur.
İdarəetmədə savad və biliyin əsas meyar olmaması da üçüncü səbəbdir.
Təhsilin digər məqsədi intizamlı, dürüst, əxlaqlı insan yetişdirməkdir. Belə insan yetişdirmək üçün mütləq təhsil verən özü nümunə olmalıdır. Azərbaycan məktəbində belə nümunə yoxdur və ya barmaqla sayıla biləcək qədər azdır.
Azərbaycan müəllimi nümunə ola biləcək qədər böyükdürmü?
Təəssüf… Xeyr…
Azərbaycan müəllimi səs oğurlayan (əziz müəllimlər, məni bağışlayın), seçki saxtalaşdıran, rüşvət alan, şagirdin, tələbənin əlinə baxan, seçkidə tanımadığı namizədə məcburi müşahidəçilik edən, məcburi partiyalaşdırılan, təbliğat aparan varlığa çevrilib. (Daha ağır məqamları yazmaq istəmədim)
Təhsil həm də insanda əxlaqi tərbiyə formalaşdırır, ona məsuliyyətli olmağı, cəmiyyətə və başqalarına hörmətlə yanaşmağı öyrədir. Azərbaycan məktəbində bu öyrədilirmi?
Sözdə öyrədilir, nümunədə isə…
Bunlar isə müəllimin günahından daha çox, idarəetmənin, sistemin xətalarıdır. Müəllimlər sadəcə bu təhsil sistemin qurbanlarıdır.
Təhsil insana həm də daim oxumağı təlqin etməlidir. Bizdə təhsil siyasətindən, öyrənmək fəlsəfəsindən çox qiymət və bal düşüncəsi hakim olduğu üçün ilk uğurdan sonra əksəriyyət oxumağı unudur, davamiyyət ölür. Çünki gələcək savadın və elmin üzərində qurulmur.
Qısaca, təhsilimizin vəziyyətini dedim.
Bəs çıxış yolu varmı? Nə etməliyik?
İlk növbədə, ölkənin təhsil siyasətinin fəlsəfəsi kökündən dəyişməlidir. Belə ki, qanun yenidən işlənilməli, onun icrasında müasir tələblər hakim olmalıdır.
İbtidai, icbari və ümümorta təhsil fəlsəfəsi qanunda öz əksini tapmalı, orta məktəblərdə təhsil mahiyyətə uyğun aparılmalı, şagirdlər həddindən artıq yüklənməməli, dərs vəsaitləri yenidən yazılmalı, dərslər ixtisas fənni kimi yox, ümumi biliklər səviyyəsində öyrədilməlidir.
İbtidai təhsil 4 il, icbari təhsil 8 il, ümümorta təhsil 11 il müəyyənləşdirilməlidir.
İcbari təhsildən sonra peşə təhsili və ya orta ixtisas təhsili seçimi verilməlidir.
İcbari təhsilin son 3 ili (6, 7, 8-ci siniflərdə) DİM vasitəsilə tədris olunan fənlərdən illik imtahan keçirilməli, şəhadətnamə verilən zaman ballar bu imtahan nəticələrinə görə hesablanmalıdır.
Müəyyən edilmiş balı toplayan şəxslər (məsələn, ortalama 60 baldan yuxarı) peşə və orta ixtisas məktəblərinə (kollec, peşə məktəbi, lisey və s.) müsabiqə yolu ilə, imtahansız qəbul olunmalıdırlar.
Müsabiqə internet üzərindən, yalnız bala uyğun seçim əsasında olmalı, başqa vasitələr məqbul hesab edilməməlidir (müsahibə tipli).
İlkin qəbuldan sonra orta bal müəyyənləşdirilməli, bu bala uyğun olaraq, DİM tərəfindən imtahan keçirilməli, müsabiqədən keçməyənlər mərkəzləşdirilmiş qaydada, keçid balına uyğun imtahan verərək, prosesdə iştirak imkanı əldə etməlidirlər. Lakin keçid balı müəyyən edilibsə, (məsələn, maliyyəçi ixtisası üzrə 60 bal) heç bir halda imtahanda bu bal aşağı endirilə bilməz. Müsabiqədə və imtahanda iştirak edən şəxslər yalnız bir ixtisas seçə bilər.
Müsabiqədə və imtahanda iştirak edən şəxslər yalnız bir ixtisas seçə bilər. Bunu vurğulamağımızın da xüsusi səbəbi var. Təəssüf ki, çoxsaylı ixtisasseçmə prosesi mütəxəssisin düzgün müəyyənləşdirilməsində ən pis nəticələrə gətirib, çıxarır.
15 ixtisas yazan abituriyent topladığı bala uyğun olaraq, adətən arzusunda olduğu ixtisas üzrə təhsil ala bilmir, nəticə etibarilə cəmiyyət keyfiyyətsiz, diplomlu mütəxəssislə üz-üzə qalır. Nə şəxs öz ixtisasına uyğun təhsilindən yararlana bilir, nə də cəmiyyət bundan hər hansısa fayda götürə bilir.
Ümümorta təhsil alanlar da son 3 ildə (9, 10, 11-ci siniflərdə) DİM tərəfindən ildə iki dəfə tədris olunan fənlərdən mərkəzləşdirilmiş qaydada imtahan verir, əvvəlcə onların illik, daha sonra isə yekun balları çıxarılır.
Attestat üçün müəyyən olunan balı (məsələn, minimum 85 bal) toplayan şəxslər bir ixtisas seçməklə, ali məktəblərə müsabiqədə iştirak edirlər.
Müsabiqə yalnız bala uyğun olaraq, internet üzərindən baş tutur, seçim şəffaf həyata keçirilir, canlı müdaxiləyə yol verilmir. Müsabiqədə bərabər ballar üçün yalnız qəbul planına uyğun dəyərləndirmə aparılmalıdır. Müsabiqədən keçməyənlər DİM-nin müəyyən etdiyi tarixdə bir ixtisas seçməklə, mərkəzləşdirilmiş imtahanda iştirak edə bilərlər. İmtahanda iştirak edənlərin keçid balı müsabiqədə müəyyən edilmiş keçid balından aşağı ola bilməz.
Ümumorta təhsildə müəyyən edilmiş müsabiqə balından az bal toplayan məzunlar da (attestat almış, balın miqdarından asılı olmayaraq, istənilən vətəndaş) DİM-nin müəyyən etdiyi imtahanda iştirak haqqına malikdir.
Müəyyən edilmiş baldan (məsələn, 85 baldan) aşağı bal toplayan məzunlar orta ixtisas məktəblərinə müsabiqə yolu ilə sənəd verə bilərlər.
Orta məktəb müəllimlərinin qiymətləndirilməsi siniflərin ümumi balına uyğun həyata keçirilməlidir. Məktəbdə bir fənni tədris edən müəllimin sinfindəki şagirdlərin ümumi balı uyğun olmazsa, (məsələn, sinfin fənn üzrə balı ortalama 75, ən aşağı isə 70 olarsa) onunla əmək müqaviləsi şərtli bağlanılmalı, müəyyən müddət sınaq dövrü hesab edilməlidir (75 bal müqavilənin davam etməsi üçün əsas, 70-ə qədər şərtli müqavilə – bir illik sınaq, 70 baldan aşağı isə müqavilənin ləğvi). Bu, müəllimlərin məktəbdə məsuliyyətini artıracaq, repetitorluq institutunun yavaş-yavaş sıradan çıxmasına səbəb olacaq. Əmək müqaviləsi bal azlığından ləğv olunan müəllimlər iki il müddətinə tədris prosesindən kənarlaşdırılmalı, həmin iki ildə təkmilləşdirmə kursu keçməli (Elm və Təhsil Nazirliyinin nəzdində, ödənişli), iki ildən sonra sertifikat alacağı təqdirdə, onlara bir illik sınaq müqaviləsi ilə yenidən işə başlamaq imkanı yaradılmalıdır.
Müəllimlərin əmək haqları fərqli şəkildə hesablanmalı, bazar münasibətləri mütləq nəzərə alınmalıdır.
O cümlədən, müəllimlər heç bir halda mərkəzi, dairə və məntəqə seçki komissiyalarının işində iştirak etmir, onlara məmur statusu verilir. Beləliklə də, müəllim ləyaqəti və şərəfi həm qanunla, həm də mənəvi cəhətdən qorunur.
Ardı var…
Şərh yaz




