“The Wall Street Journal”un məlumatına görə, Rusiyada Ukrayna müharibəsi üçün yeni əsgər toplamağın çətinləşməsi fonunda hərbi xidmətə cəlb prosesində daha sərt və məcburedici üsulların tətbiq olunduğu iddia edilir. Könüllü müqaviləli xidmətə marağın azalması, cəbhədəki itkilər və hərbi hissələrdəki problemlər Kremlin əlavə səfərbərlik variantını yenidən gündəmə gətirə biləcəyini göstərir. Analitiklər hesab edirlər ki, Donbasın tam nəzarətə götürülməsi hədəfi dəyişməz qalarsa, Rusiya hakimiyyəti parlament seçkilərindən sonra siyasi risklərə baxmayaraq yeni səfərbərlik qərarı vermək məcburiyyətində qala bilər.
Əgər Kreml seçkilərdən sonra yeni məcburi səfərbərlik dalğasına başlasa, bu addım Rusiya cəmiyyətində müharibəyə dəstəyin real səviyyəsini və Putin hakimiyyətinin uzunmüddətli daxili legitimliyini necə təsir altına ala bilər?
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın gələcək səfərbərlik qərarı ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur və bu məsələ hazırda analitik proqnozlar səviyyəsində müzakirə olunur.
Anar İsayevin fikrincə, seçkilərdən sonra yeni məcburi səfərbərlik dalğasının elan edilməsi Rusiya cəmiyyətində müharibəyə münasibətin real vəziyyətini daha aydın göstərə bilər:
“2022-ci ilin qismən səfərbərliyi zamanı ölkədən on minlərlə insanın çıxması, etirazlar və narazılıqlar müşahidə olunmuşdu. Yeni səfərbərlik xüsusilə iri şəhərlərdə və orta təbəqə arasında narazılığı artıra bilər. Bununla belə, Rusiyada dövlətin informasiya məkanına nəzarəti, təhlükəsizlik strukturlarının geniş səlahiyyətləri və müxalif fəaliyyətə qoyulan məhdudiyyətlər kütləvi etirazların geniş siyasi böhrana çevrilməsi ehtimalını azalda bilər. Bu səbəbdən ictimai narazılığın artması ilə hakimiyyətin sabitliyinin dərhal zəifləməsi arasında birbaşa əlaqə qurmaq düzgün olmaz”.
Siyasətçi hesab edir ki, Putin hakimiyyətinin legitimliyi baxımından uzunmüddətli təsir əsasən müharibənin nəticələri və iqtisadi vəziyyətdən asılı olacaq. Əgər yeni səfərbərlik böyük itkilərlə müşayiət olunarsa və iqtisadi yük ağırlaşarsa, bu, hakimiyyətin sosial dəstək bazasına mənfi təsir göstərə bilər:
“Əksinə, Kreml hərbi məqsədlərini qismən də olsa reallaşdıra və iqtisadi sabitliyi qoruyub saxlaya bilsə, legitimlik üzərində yaranan təzyiqləri müəyyən dərəcədə idarə edə bilər”.
Anar İsayev bildirib ki, orduya insan cəlb etmək üçün eyni vaxtda maliyyə stimulları, inzibati təzyiq və mümkün əlavə səfərbərlik mexanizmlərindən istifadə edilməsi müharibənin uzunmüddətli xarakter daşıdığı ehtimalına uyğun siyasət kimi qiymətləndirilə bilər:
“Bu yanaşma göstərir ki, Kreml yalnız qısamüddətli hərbi kampaniyaya deyil, uzun müddət davam edə biləcək qarşıdurmaya hazırlaşır. Bunun əlamətləri kimi müdafiə sənayesinin istehsal gücünün artırılması, hərbi xərclərin dövlət büdcəsində yüksək pay tutması, müqaviləli hərbçilər üçün ödənişlərin artırılması və hərbi istehsalın genişləndirilməsi göstərilir”.
Onun sözlərinə görə, belə tədbirlər avtomatik olaraq, Rusiyanın mütləq yeni ümumi səfərbərlik elan edəcəyi anlamına gəlmir. Kreml siyasi və sosial riskləri nəzərə alaraq ilk növbədə könüllü müqaviləli xidmət, yüksək maliyyə təşviqləri və digər inzibati mexanizmlərlə şəxsi heyət çatışmazlığını kompensasiya etməyə çalışa bilər. Bu resurslar kifayət etmədiyi halda isə əlavə səfərbərlik variantı daha real seçimə çevrilə bilər.
O, hesab edir ki, ümumilikdə mövcud tendensiyalar Rusiya rəhbərliyinin Ukrayna müharibəsini qısa müddətdə başa çatacaq əməliyyat kimi deyil, hərbi, iqtisadi və sosial resursların uzun müddət səfərbər edilməsini tələb edən strateji qarşıdurma kimi planlaşdırdığına dair qiymətləndirmələri gücləndirir.
Bununla belə, gələcək qərarlar cəbhədəki vəziyyətdən, itkilərin səviyyəsindən, iqtisadi imkanlardan və beynəlxalq şəraitdən əhəmiyyətli dərəcədə asılı olaraq dəyişə bilər.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz




