ABŞ – İran gərginliyi niyə bitmir? – Tamilla Qulami şərh edir
“Tarixə ekskurs edəndə görmək olur ki, ABŞ və İran arasında bu gün də gərginliyin davam etməsi təsadüfi deyil”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu qarşıdurma təkcə iki dövlət arasındakı fikir ayrılığından ibarət deyil, Yaxın Şərqdə geosiyasi üstünlük, təhlükəsizlik, enerji marşrutları və nüvə proqramı uğrunda uzun illərdir davam edən strateji rəqabətin nəticəsidir:
“İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etməsi və ardınca da ABŞ-nin genişmiqyaslı cavab zərbələri, həmçinin bunun fonunda İranın neft satışına qoyulan güzəştlərin ləğvinin baş verməsi Vaşinqtonun daha sərt mərhələyə keçdiyini göstərir.
ABŞ üçün Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir və burada istənilən təhlükə qlobal iqtisadiyyata təsir edə bilər. Buna görə də Vaşinqton belə hadisələrə adətən sərt hərbi və iqtisadi cavab verir”.
Ekspertin sözlərinə görə, İran hər zaman hesab edib ki, ABŞ-nin sanksiyaları, bölgədəki hərbi mövcudluğu və müttəfiqlərinə verdiyi dəstək onun milli təhlükəsizliyinə təhdid yaradır:
“Buna görə də Tehran geri çəkilmək əvəzinə, regional təsir imkanlarını qorumağa və öz təbiri ilə ABŞ üzərində təzyiq yaratmağa çalışır. Əslində, ABŞ-İran münasibətlərində əsas problem hər iki ölkə arasındakı etimadın tamamilə itməsidir.
Nüvə proqramı, raket layihələri, regional silahlı qruplara – proksi təşkilatlara dəstək, İsrailin təhlükəsizliyi və enerji marşrutlarının qorunması kimi fundamental məsələlər üzrə tərəflərin mövqeləri bir-birinə ziddir. Bu səbəbdən hər dəfə diplomatik yaxınlaşma ehtimalı yaransa belə, kiçik bir hadisə yenə də növbəti eskalasiyaya səbəb olur”.
Tamilla Qulami düşünür ki, yaxın perspektivdə tərəflərin tammiqyaslı müharibəyə getməsi hələ də ən real ssenari deyil:
“Çünki belə bir münaqişə təkcə ABŞ və İrana deyil, bütün Yaxın Şərqə və dünya iqtisadiyyatına ağır zərbə vurar. Ən əsası da İranın daxili siyasətinə. Düzdür, bu gün İran hələlik “basdırılmış mina” olan xalqını xarici düşmən faktoru ilə saxlamağa çalışır.
Lakin yenə də bütün bunların fonunda İrana qarşı lokal hərbi əməliyyatlar, qarşılıqlı zərbələr, iqtisadi sanksiyaların sərtləşdirilməsi və siyasi təzyiqlərin artması ehtimalı yüksək olaraq qalır.
Yəni ABŞ ilə İran arasındakı gərginliyin bitməməsinin əsas səbəbi hadisələrin özü deyil, bu hadisələri yaradan dərin strateji ziddiyyətlərdir. Bu ziddiyyətlər aradan qalxmadıqca, tərəflər arasında zaman-zaman gərginliyin yenidən alovlanması ehtimalı yüksək olaraq qalacaq”.
Elmir Mustafa
Şərh yaz




