“Ermənistanın hərbi potensialının xarici dəstəklə artması sülh prosesini ləngidərsə, silahlanma yarışı güclənə bilər” – ANAR İSAYEV şərh edir…

“Ermənistanın hərbi potensialının xarici dəstəklə artması sülh prosesini ləngidərsə, silahlanma yarışı güclənə bilər” – Anar İsayev şərh edir…

“Ermənistanın Qərbə inteqrasiya meyllərinin güclənməsi Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişə biləcək amillərdən biridir, lakin təkbaşına regionda yeni güc balansını müəyyən etmir. Burada Rusiya, Türkiyə, İran, ABŞ, Avropa İttifaqı və Azərbaycanın öz siyasəti də həlledici rol oynayır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bildirib.

Anar İsayev qeyd edib qeyd edib ki, hazırkı vəziyyətdə bir neçə əsas tendensiya müşahidə olunur. Əvvəla son illərdə Rusiyanın təsirinin nisbi zəifləməsi Ermənistan-Rusiya münasibətlərində gərginliyi artırıb:
“Ermənistan KTMT-də iştirakını faktiki olaraq məhdudlaşdırıb və Qərblə təhlükəsizlik əməkdaşlığını genişləndirib. Bu, Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını müəyyən dərəcədə azaldır, baxmayaraq ki, Moskva hələ də mühüm hərbi, iqtisadi və enerji rıçaqlarına malikdir.

İkincisi regionda Qərbin rolunun artmasıdır.Belə ki, ABŞ və Avropa İttifaqı Ermənistanla siyasi və təhlükəsizlik sahəsində əlaqələri genişləndirir. NATO ilə əməkdaşlıq əsasən təlim, hərbi islahatlar və interoperabellik istiqamətində inkişaf edir.Ancaq bunlara baxmayaraq Ermənistanın NATO-ya üzvlüyü gündəmdə deyil.

Üçüncü amil isə Türkiyə-Azərbaycan strateji tandemidir ki,2021-ci il Şuşa Bəyannaməsindən sonra bu əməkdaşlıq daha da institusionallaşıb və regionun əsas təhlükəsizlik faktorlarından biri kimi qalır.

Azərbaycan üçün risklər nə ola bilər?

Əgər Ermənistanın hərbi potensialı xarici dəstək hesabına sürətlə artsa və bu, sülh prosesini zəiflədən amilə çevrilsə, etimadsızlıq və silahlanma yarışı güclənə bilər. Bundan əlavə, regionun böyük güclər arasında rəqabət meydanına çevrilməsi Azərbaycan üçün də əlavə diplomatik və təhlükəsizlik çağırışları yarada bilər.
Digər bir risk ondan ibarətdir ki, Cənubi Qafqaz qlobal geosiyasi qarşıdurmanın bir hissəsinə çevrilərsə, balanslı xarici siyasət yürütmək daha da mürəkkəbləşə bilər”.

Anar İsayev vurğulayıb ki, digər tərəfdən, Ermənistanın təhlükəsizlik baxımından özünü daha təminatlı hiss etməsi nəzəri olaraq sülh müqaviləsinin imzalanmasına siyasi zəmin yarada bilər:

“Bu, nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasına, regional ticarətin genişlənməsinə və iqtisadi inteqrasiyaya müsbət təsir göstərə bilər.Azərbaycan üçün digər üstünlük onun müxtəlif tərəfdaşlarla əlaqələrini davam etdirməsidir. Bakı həm Türkiyə ilə müttəfiqlik münasibətlərinə, həm də Avropa İttifaqı, ABŞ, Mərkəzi Asiya dövlətləri və digər tərəfdaşlarla əməkdaşlığa malikdir. Bu da dəyişən geosiyasi şəraitdə Azərbaycana manevr imkanları verir.

Hazırkı mərhələdə ən real görünən ssenari Cənubi Qafqazda çoxqütblü təhlükəsizlik mühitinin formalaşmasıdır.

Yəni Rusiyanın təsiri əvvəlki ilə müqayisədə azalır, lakin tam aradan qalxmır,Qərbin siyasi və təhlükəsizlik iştirakı artır. Türkiyə regionun əsas təhlükəsizlik aktorlarından biri olaraq qalır.Azərbaycan balanslaşdırılmış xarici siyasətini davam etdirməyə çalışır.İran isə sərhədlər və regional kommunikasiyalarla bağlı prosesləri diqqətlə izləyərək öz maraqlarını qorumağa çalışır.

Nəticə etibarilə, bu proses Azərbaycanın maraqları baxımından yalnız risk və ya yalnız imkan kimi qiymətləndirilə bilməz. Əgər Ermənistan-Qərb əməkdaşlığı sülh prosesi ilə paralel inkişaf edərsə, bu, regional sabitlik və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Yox əgər proses böyük güclər arasında rəqabəti dərinləşdirə və qarşılıqlı etimadı azaldarsa, təhlükəsizlik riskləri də artacaq. Buna görə Azərbaycanın qarşısında duran əsas vəzifə dəyişən geosiyasi mühitdə balanslı diplomatiyanı, müdafiə qabiliyyətini və regional əməkdaşlıq təşəbbüslərini eyni vaxtda gücləndirməkdir”.

Pərvin Şakirqızı 

https://moderator.az/az/siyaset/1000231/ermenistanin-herbi-potensialinin-xarici-destekle-artmasi-sulh-prosesini-lengiderse-silahlanma-yarisi-guclene-biler-politoloq/?fbclid=IwY2xjawSwrB9leHRuA2FlbQIxMABicmlkETFVRDkyWHRGV1dDN2pXZFA3c3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHps_glX1CFSUO1xD8NmwT5dDLrxbTcEvasG4nMqe6VOYbW60iwxV6ODh6JBS_aem_sz8BIiKgyZwlMDIXRgZbZQ

Şərh yaz