Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin bir qrup üzvləri Məmmədli kəndində təşkilat üzvləri ilə görüşüb
Azərbaycan Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, İdarə Heyəti üzvləri İlahə Sadıqova, Raifə Səfərova və Olqa Həşimova Məmmədli kəndində yeni üzvlərlə görüşdə olublar.
Ümid Partiyası sədrinin I müavini Ənvər Ağazadə yeni üzvləri salamladı, onları təbrik etdi, partiya üzvlüyündə uğurlar arzu etdi. Daha sonra Siyasi Partiyalar haqqında qanunun və bu qanundan irəli gələrək, partiyanın ideologiyası, məqsədi və vəzifələri, eləcə də, üzvlərin vəzifələri haqda ətraflı məlumat verdi. O cümlədən, partiyanın media siyasəti və partiyanın müxtəlif məsələlərlə bağlı proramları haqda ətraflı məlumat verdi.
Ümid Partiyasının İdarə Heyətinin üzvü İlahə Sadıqova dünyadakı durum, Cənubi Qafqazdakı vəziyyət, 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsini təhlil edib, bu müharibənin bölgəyə təsirindən, yeni dünya düzəni və bu düzəndə Azərbaycanın duracağı yer və qarşısındakı vəzifə və öhdəliklərin fonunda sosial-siyasi-iqtisadi istiqamətdə hazırlıqlı olmasının vacibliyini vurğulayıb.
Üzvlərin Məmmədli kəndinin problemləri dinlənildi. Bildirildi ki, kəndin ərazisi süni şəkildə təbii göllərin qurudulması hesabına yaradılan quru ərazilərdə sənədsiz evlərin tikintisi ilə böyüdülür. Nəticədə yol infrastrukturu ciddi zərər görüb. Kəndə gedən yollarda yağış suları, yeraltı suların toplanma yeri olmadığı üçün yollarda toplanır, nəticədə aşınma baş verir, evləri və yolları su basır. Eyni zamanda qeyd olundu ki, Kürdəxanı təcridxanasına gedən istiqamətdə marşrut xətti olmadığı üçün həmin ərazidə yaşayan vətəndaşlar əziyyət çəkir.
Dəfələrlə AYNA-ya kəndə yeni marşrut xətlərinin açılması və mövcud marşrut xətlərinin uzadılması ilə bağlı rəsmi müraciətlər olsa da, imtina cavabı verilib.
Ənvər Ağazadə bildirib ki, sadalanan məsələlərlə bağlı partiya sədri İqbal Ağazadənin efirlərdə çağırışları olub və problemdən çıxış yolu hökümət nümayəndələrinin diqqətinə çatdırılıb. Ümid edirik ki, bu problemlər öz həllini yaxın dövrdə tapacaq.
Daha sonra üzvlər bildirdilər ki, kəndin ən böyük problemi poliklinikanın olmamasıdır. Kənd sakinləri bəsit yoxlama və ya sağlamlıq haqqında arayiş almaq, müayinə və müalicə üçün Məmmədlidən Xırdalan şəhərinə göndərilirlər. Nəticədə, kənd sakinləri 3-4 marşrut dəyişməklə, çox uzun məsafə qət etməli olurlar. Bu da vətəndaşların vəziyyətini ağırlaşdırır. Çünki xəstə, əlil, qoca və uşaqlar üçün bu qədər məsafənin qət olunması real deyil. Hətta sakinlər yaxınlıqdakı Kürdəxanı kəndindəki poliklinikaya qeydiyyata alınmaqla, bağlı TƏBİB-ə müraciət etsələr də, heç bir müsbət nəticə alınmayıb. İlahə Sadıqova partiyanın bu məsələni xüsusi diqqətdə saxlayacağını və gündəmə gətirəcəyini bildirib.
Üzvlər toplantıda ölkədəki gənclərin problemlərini dilə gətirib, təhsildən kənar qalan yeniyetmələrin bütün sahələrdə qarşılaşdıqları çətinlikləri səsləndirib, təhsil səviyyəsinin aşağı olması səbəbindən ölkə gəncliyinin maarifsizlik uçurumuna yuvarlandığından danışıblar.
Toplantıda həmçinin, vurğulanıb ki, qanunla satışı qadağan olunmuş elektron siqaretlərin qanunsuz satışını həyata keçirən mağaza sahibləri şagirdləri öz əməllərinə cəlb edirlər. Uşaqlar kənar təsirlərə çox asan məruz qalırlar, çünki asudə vaxtlarının təşkili üçün aidiyyəti qurumlar heç bir addım atmır. Mövcud dərnəklər, kurslar və s. şəxsi vəsait hesabına olduğu üçün valideynlər maddi cəhətdən bunu təmin edə bilmirlər. Çünki ölkədəki yaşayış minimumu olduqca aşaöı səviyyədədir. Maaşlar xərclərə adekvat deyil.
Partiyanın İdarə Heyətinin üzvü Raifə Səfərova sözügedən məsələ ilə bağlı partiyanın proqramından danışıb. O, bildirib ki, bu istiqamətdə partiya istənilən dəstəyi göstərə bilər. Gənclərlə maarifləndirici söhbətlər aparmaq, onlara motivasiya vermək üçün məşhurlarla görüşlər təşkil etmək və s. təşəbbüsləri ilə çıxış edə bilər.
İclas zamanı Ümid Partiyasının Qadınlar Təşkilatının rəhbəri Olqa Həşimova ailə, qadın, uşaq məsələləri və onların problemləri, o problemlərin həlli istiqamətində hökümətə təqdim edilən partiya proqramından danışıb. Olqa Həşimova həmçinin qadınların siyasətdəki rolununun əhəmiyyətindən, gender bərabərliyindən mühüm məqam olmasından da danışıb. Bu məsələlərlə bağlı çətinliklərin aradan qaldırılması üçün partiyanın xüsusi rolunu vurğulayıb.
Şərh yaz









