İrəvandan gözlənilməz addım: “ideoloji çatışmazlıqlar” aradan qaldırıldı – ANAR İSAYEV şərh edir…

İrəvandan gözlənilməz addım: “ideoloji çatışmazlıqlar” aradan qaldırıldı – Anar İsayev şərh edir…
Ermənistan Silahlı Qüvvələrinin emblemi rəsmi olaraq dəyişdirilib. Ermənistan Müdafiə Nazirliyi 27 may 2026-cı ildə yeni emblemi təqdim edib və bunun orduda aparılan islahatlar və modernləşmə prosesinin bir hissəsi olduğunu açıqlayıb. Nazirlik əvvəlki, 2001-ci ildə qəbul edilmiş emblemdə “heraldik, morfoloji və ideoloji çatışmazlıqlar” olduğunu bildirib.
Bu dəyişiklik sadəcə hərbi simvolikanın yenilənməsi kimi qiymətləndirilməlidir, yoxsa Ermənistan rəhbərliyi bununla ordunun ideoloji kimliyi və gələcək inkişaf prioritetləri barədə yeni mesaj verməyə çalışır?
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin embleminin dəyişdirilməsi təkcə dizayn yeniliyi kimi deyil, həm də son illərdə orduda aparılan genişmiqyaslı islahatların simvolik ifadəsi kimi qiymətləndirilə bilər.
Xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra Ermənistan rəhbərliyi ordunun idarəetmə sistemi, hazırlıq səviyyəsi, silahlanması və hərbi doktrinasında dəyişikliklər həyata keçirməyə çalışır. Belə şəraitdə hərbi simvolikanın yenilənməsi adətən yeni konsepsiyanın ictimaiyyətə təqdim edilməsinin bir hissəsi olur.
“Ermənistan Müdafiə Nazirliyinin əvvəlki emblemdə “ideoloji çatışmazlıqlar” olduğunu vurğulaması xüsusilə diqqət çəkir. Bu, sadəcə heraldik düzəlişdən daha çox, ordunun özünü necə təqdim etmək istədiyi ilə bağlı mesaj kimi də başa düşülə bilər. Nikol Paşinyan hakimiyyəti son illərdə Ermənistan ordusunun daha peşəkar, dövlət mərkəzli və müasir təhlükəsizlik çağırışlarına uyğun bir quruma çevrilməsini prioritet kimi təqdim edir. Yeni emblem də bu yanaşmanın vizual ifadəsi ola bilər”-deyən politoloq bildirib ki, islahatların mərhələsi baxımından, emblemin yenilənməsi Ermənistanın artıq yalnız konseptual müzakirələrdən deyil, institusional yenilənmə mərhələsindən keçdiyini göstərən əlamətlərdən biri hesab edilə bilər.
Belə ki, son illərdə hərbi təhsil sisteminin yenidən qurulması, yeni silah sistemlərinin alınması, ehtiyat qüvvələrin hazırlığı və komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılıb. Simvolikanın dəyişdirilməsi adətən bu cür struktur dəyişikliklərinin yekunlaşmağa və ya yeni mərhələyə keçməyə başladığı dövrlərdə müşahidə olunur.
“Yeni emblemdə yer alan konkret simvolların mənası isə onların rəsmi izahından asılıdır. Ümumilikdə, müasir hərbi emblemlərdə qalxan, qılınc, qartal, dövlət rəmzləri və milli ornamentlər kimi elementlər dövlət suverenliyinin qorunması, müdafiə qabiliyyəti, peşəkarlıq və milli identiklik kimi anlayışları ifadə edir. Ermənistan rəhbərliyinin son açıqlamalarını nəzərə alsaq, yeni simvolikanın əsas mesajlarından biri ordunun tarixi-siyasi mifologiyadan daha çox dövlət təhlükəsizliyi və müasir müdafiə funksiyalarına yönəlməsini nümayiş etdirmək ola bilər”-deyən politoloq hesab edir ki, təkcə emblemin dəyişdirilməsi ordunun real döyüş qabiliyyətinin və ya islahatların uğurunun göstəricisi sayıla bilməz.
Anar İsayev qeyd edib ki, bu məsələnin qiymətləndirilməsi üçün islahatların nəticələrinin şəxsi heyətin hazırlığında, texniki təchizatda, hərbi idarəetmədə və müdafiə strategiyasında necə əks olunduğunu izləmək daha vacibdir.
İradə Cəlil, Bizimyol.info
Şərh yaz