Türkiyəni qarışdıran skandal: İki liderlə bağlı qərar dəyişdi, lakin… – TAMİLLA QULAMİ şərh edir

Türkiyəni qarışdıran skandal: İki liderlə bağlı qərar dəyişdi, lakin… – Tamilla Qulami şərh edir
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qərargahında keçirilən toplantıda Özgür Özəl Parlament Qrupunun sədri seçilib.
Ankara məhkəməsinin qərarı ilə Özəlin partiyanın sədrliyindən uzaqlaşdırılması və Kamal Kılıçdaroğlunun yenidən başa gətirilməsindən sonra belə bir qərarın qəbul edilməsi diqqət çəkir.
CHP-də nə baş verir? Özəl və Kılıçdaroğlunun bundan sonrakı addımları necə olacaq?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyası daxilində baş verən son olayları yalnız rəhbərlik uğrunda mübarizə yox, həmçinin partiyanın gələcək ideoloji xətti, təşkilatlanma modeli və müxalifət strategiyası ilə bağlı olan dərin bir böhranın göstəricisi kimi də təqdim etmək olar:
“Düşünürəm ki, Özgür Özəlin parlament qrupunun sədri seçilməsi partiya daxilində onun siyasi legitimliyinin tam itirilmədiyinin göstəricisidir. Paraleldə də məhkəmə qərarı ilə qurultayın nəticələrinin ləğv edilməsi və Kamal Kılıçdaroğlunun müvəqqəti olaraq yenidən rəhbərliyə qaytarılması, sanki CHP-də ikili legitimlik problemini ortaya çıxarıb.
Əslində, hər iki tərəf kompromisə gedə bilərsə, CHP bu böhranın hər baş verən hadisə kimi keçid mərhələsi adı ilə öhdəsindən gələ bilər. Lakin hazırda mənzərə daha çox daxili qruplaşmanın sərtləşdiyini göstərir və partiya daxilində birliyin yaxın zamanda təmin olub-olmayacağı da sual altındadır. Xüsusilə Kılıçdaroğlu tərəfdarları ilə dəyişikliyin olmasını istəyən gənclər və şəhərli siyasi xətt arasında ciddi fikir ayrılığı mövcuddur. Bu da onu deməyə əsas verir ki, uzunmüddətli perspektivdə partiya daxilində parçalanma və ya yeni siyasi platformaların yaranması riski yüksəkdir. Həm də illərdir artıq CHP-də eyni simalar önə çıxır. Halbuki partiya daxilində seçki mexanizmləri mövcuddur və CHP Türkiyənin ən köklü siyasi partiyalarından biri kimi institusional ənənələrə sahibdir”.
Tamilla Qulami bildirib ki, bu gün praktiki baxımdan liderlik yarışlarının əsasən iki-üç fiqur ətrafında cəmlənməsi partiyadaxili demokratiyanın məhdudluğu barədə də bəzi şübhələr yaradır:
“Burada görünən əsas problem yalnız namizəd sayının az olması deyil, həm də alternativ siyasi kadrların yetişdirilməsində sistemli zəifliyin mənzərəsidir. Bir çox hallarda partiya daxilində yüksəlmək üçün ideoloji və siyasi bacarıqdan daha çox müəyyən qruplara yaxınlıq ön plana çıxır. Əlbəttə ki, Türkiyə kimi seçki təcrübəsi yüksək olan bir cəmiyyətdə bu vəziyyət təbii olaraq tənqid edilir. Çünki CHP mövcud hakimiyyəti demokratiya, şəffaflıq və institusional idarəçilik mövzusunda davamlı şəkildə tənqid etdiyi halda, öz daxilində uzun illər eyni siyasi elitanın dominant qalması müəyyən ziddiyyət yaradır. Bu səbəbdən partiyanın təkcə hakimiyyətə alternativ olması yox, həm də daxildə demokratik model təqdim etməsi gözləntiləri mövcuddur.
Lakin bu, CHP daxilində demokratiyanın olmadığı mənasına gəlmir. Partiyada müxtəlif fraksiyaların açıq şəkildə fəaliyyət göstərə bilməsi, qurultaylarda real rəqabətin yaşanması və liderlərin dəyişə bilməsi müəyyən institusional dinamikanın mövcud olduğunu göstərir. Buna misal olaraq, Özgür Özəlin Kılıçdaroğlunu qurultayda məğlub etməsi Türkiyə siyasətində nadir hallarda görünən partiyadaxili lider dəyişikliyi nümunələrindən biri idi. Ancaq hazırkı məhkəmə prosesi və yenidən köhnə rəhbərliyin ön plana çıxması bu dəyişimin nə qədər davamlı olacağı ilə bağlı ciddi suallar doğurur.
CHP bu mərhələdə ya daxili islahatlar apararaq, yeni siyasi kadrlar və daha institusional idarəçilik modeli formalaşdırmalı, ya da uzun müddət davam edən lider mərkəzli siyasətin yaratdığı yorğunluqla üzləşməlidir, necə ki, artıq o prosesə yaxınlaşıb. Əks halda, partiya daxilindəki legitimlik mübahisələri müxalifətin ümumi gücünü zəiflədə və seçici bazasında inam itkisinə səbəb ola bilər”.
Şərh yaz